Bu, Azərbaycan-Türkiyə müttəfiqliyini bir daha sübut edir - QHT RƏSMİSİ AÇIQLADI

"Bildiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Teknofest” festivalı ilə bağlı Azərbaycana səfəri gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, bir neçə gün bundan cənab Prezident İlham Əliyev Rize-Artvin hava limanının açılışında iştirak etdi: "Qısa zaman ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi və Prezident İlham Əliyev ilə görüşməsi iki qardaş ölkənin dostluğunun növbəti nümunəsidir. Bu, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, əlaqələrinin hansı səviyyədə olmasının göstəricisidir. Hesab edirəm ki, Ərdoğanın “Teknofest” festivalı ilə bağlı Azərbaycana səfəri bunun bariz nümunəsidir. İki qardaş ölkənin rəhbərlərinin qarşılıqlı olaraq səfər etməsi Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyini bir daha sübut edir. Həmçinin bu, bizi sevən və sevməyən qüvvələrə bir daha işarədir ki, bu iki qardaş ölkə qarşılıqlı əməkdaşlıq, dostluq və müttəfiqlik çərçivəsində əlaqələr quran və fəaliyyət göstərən bir dövlətdir. Bu baxımdan Azərbaycan və Türkiyə dövlət başçılarının qarşılıqlı olaraq səfər etməsi dünyada analoqu olmayan müttəfiqliyin, dostluğun, qardaşlığın bir formasıdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə