Ermənistan sülh sazişi imzalamağa məhkumdur - SİYASİ EKSPERT DANIŞDI

Ermənistan sülh sazişi imzalamağa məhkumdur - SİYASİ EKSPERT DANIŞDI

“Ermənistanla Azərbaycan arasında bütün hallarda sülh sazişi imzalanmalıdır və imzalanacaq. Çünki əgər atəşkəs varsa, Ermənistanın təcavüz nəticəsində yaratdığı status-kvo hərbi diplomatik yolu ortadan qaldırılıbsa bu proses sona çatdırılmalıdır. Əgər Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra sülh sazişini imzalamasa bu artıq yeni bir müharibəni labüd edən hadisəyə çevriləcək və Azərbaycan tərəfindən hərbi yöndə təzyiq addımlarının atılmasına əsas yaradacaq. Ona görə də Ermənistan sülh sazişini imzalamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ancaq bu gün Ermənistanda fəallaşan revanşistlər bu prosesə əngəl olmağa çalışırlar: “Ona görə ki, revanşist deyilən qüvvələr Ermənistanı 30 il öncə Azərbaycana qarşı təcavüzə sürükləyiblər. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanla Ermənistanın indiki rəhbərliyi sülh sazişi imzaladıqdan sonra həmin revanşist deyilən və hakimiyyətdən salınmış qüvvələrin Ermənistanın siyasi proseslərində iştirak etməsi üçün daha heç bir ideoloji əsas qalmayacaq.

Bu gün revanşistlərin ideologiyası Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq yolu ilə Ermənistanın sərhədlərinin ərazilərini genişləndirilməsidir. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarına rəsmi imtinanı və Azərbaycanla dinc yaşamağı özündə ehtiva edən sülh sazişinə imza atsa, deməli revanşist qüvvələrin Ermənistanın gələcək siyasi həyatında fəaliyyət göstərməsinə gərək qalmayacaq. Sülh sazişi imzalanmasa revanşist qüvvələr tarixin zibilliyinə atılmalı olacaqlar. Bu mənada hakimiyyətdən salınmış və ultramillətçi erməni qüvvələri nəyin bahasına olursa-olsun, indiki Ermənistan hakimiyyətinin Azərbaycanla sülh sazişi imzalamasına maneəçilik törətməyə çalışacaqlar”.

Aydın Quliyev sözlərinə belə davam edib: “Əslində hadisələr ona oxşayır ki, Ermənistanın indiki hakimiyyəti və şəxsən Paşinyan da Azərbaycanla sülh sazişinin imzalanmasına o qədər də qətiyyətlə yanaşa bilmir. Çünki Avropa Birliyinin aprelin 6-da vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya görə aprelin 30-na qədər iki ölkə arasında delimitasiyanın həyata keçirilməsi üçün komissiya yaradılmalı və onun iclası keçirilməli idi. Bu günə qədər Ermənistan həmin komissiyanın tərkibini elan etməyib və delimitasiya komissiyasının ilk iclası belə keçirilməyib.

Bu gün Azərbaycan 5 prinsip əsasında sülh sazişinin imzalanması danışıqlarına başlamağı təklif etsə də Ermənistandan konkret bir mövqe yoxdur. Ermənistan Azərbaycanın 5 prinsipinə 6 maddədən ibarət olan reaksiya verib. Artıq bu bəllidir. Yəni, Ermənistanın hansı prinsiplərlə sülh sazişi imzalamağa başlamaq niyyəti bəlli deyil. Burada əngəl həm revanşist qüvvələr, həm də hazırki Ermənistan hakimiyyəti qüvvələrinin sülh sazişi danışıqlarına başlamasına hazır olmamasıdır. Bütün hallarda Ermənistan sülh sazişi imzalamağa məhkumdur. Çünki o döyüşdə məğlub olub. Əgər sülh imzalanmasa, bu yeni müharibə deməkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə