Ermənistanda müxalifət əhalinin mütləq əksəriyyətini tam qazana bilməyib - POLİTOLOQ AÇIQLADI

Ermənistanda müxalifət əhalinin mütləq əksəriyyətini tam qazana bilməyib - POLİTOLOQ AÇIQLADI

"Son günlərdə Ermənistanda müxalifətin aktivləşməsi və ümumiyyətlə siyasi proseslərin gərginləşməsi həm cəmiyyət üzərində, həm də regionda baş verən proseslərə təsirsiz ötüşməyəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, revanşist əhval-ruhiyyəli radikal müxalif qüvvələrin Paşinyanın administrasiyasına qarşı əhalinin mütəşəkkil mövqe nümayiş etdirməsi ilə bağlı çağırışları və bu istiqamətdə atılan addımlar təbii ki, bir çox məqsədləri özündə ehtiva edir: "Ən əsas məqsəd isə regionda baş verən dəyişikliklər, yeni reallıqlar və Azəbaycan ilə Ermənistan münasibətlərinin normallaşması istiqamətində sülh danışıqları prosesində əldə olunan uğurun nəticələrinə mane olunmasıdır. Çağırışlarda, səsləndirilən şüarlarda da daim radikal mövqelərin nümayiş etdirilməsi bunun bariz nümunəsidir. Amma onu da nəzərə almaq lazımdır ki, müxalifət əhalinin mütləq əksəriyyətini tam qazana bilməyib".

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, gələcək günlər Paşinyan administrasiyası üçün yeni siyasi manevrlər edilməsi və hakimiyyətdə möhkəmlənmək üçün növbəti fürsət ola bilər: "Bu istiqamətdə atıla biləcək addımlar, Paşinyan administrasiyasının ortaya qoyacağı mövqe təbii ki, proseslərin gedişatını dəyişdirəcək əsas istiqamətlərdən biri ola bilər. Amma indiki vaxtda dəyərləndirdikdə onu deyə bilərik ki, müxalifət istənilən halda hər hansı bir formada cəmiyyətdə olan narazılıqlardan istifadə edərək əhalini hakimiyyət əleyhinə çalışsa belə, ya da xarici dairələrin və ya erməni lobbisinin dəstəyi ilə bu istiqamətdə müəyyən addımlar atsa belə mütləq əksəriyyətin tam dəstəyini qazana bilməyib. Bu da Paşinyan administrasiyasının gələcək perspektivi üçün mövcud olan təhlükənin o qədər də yüksək həddə olmadığının göstəricisidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə