Ermənistanda apokalipsis yaşanacaq: proqnozlar da bunu sübut edir SİYASİ RAKURS+AKTUAL

İrəvan daim görüntü xarakteri üçün, yəni teoretik şəkildə ötən illər ərzindəki danışıqlar prosesini “dəstəklədiyini” nümayiş etdirib, amma praktiki şəkildə həmin prosesi rədd edib

Ermənistanda küçə nümayişləri davam edir. Millətçi müxalifətin tərəfdarları Nikol Paşinyanın istefasını tələb edirlər. İctimai rəydəki atmosfer isə baş nazirin və hökumətin rəsmi şəkildə xain elan olunmasına doğru inkişaf edir. Daha dəqiq desək, Ermənistanda sülhün bərqərar olmasını istəyənlər əks qütbə münasibətdə azlıq təşkil edirlər. Yəni belə görünür ki, erməni cəmiyyəti artıq iki hissəyə parçalanıb - Paşinyan tərəfdarlarına və anti-Paşinyan tərəfdarlarına. Etirazçıların düşüncələrinə görə, Paşinyan nəyin bahasına olursa-olsun qovulmalıdır və o cümlədən, Ermənistanda hakimiyyətə iddialı olan müxalifətçilər bəyan edirlər ki, iqtidarı ələ keçirəcəkləri halda ölkələri dost və qeyri-dost ölkələrin siyahısını tərtib edəcək, bundan sonra isə məhz həmin siyahı üzrə siyasətini quracaq.

Saqatelyan Nikol Paşinyanı devirəcəkləri halda planlarını açıqlayıb

Əslində bəri başdan belə bir nəticə də çıxarmaq olar ki, hakimiyyətə iddialı olan türkofob və anti-sülh xarakterli müxalifət – Robert Koçaryan, Artur Vanetsyan, Serj Sarqsyan, İşxan Saqatelyan kimiləri hələ də anlamırlar ki, onların tələbləri baş tutarsa bu ümumiyyətlə, Ermənistanın tamamilə məhvi anlamını daşıyacaq. Məsələn, gəlin daşnakların lideri İşxan Saqatelyanın nümayiş zamanı irəli sürdüyü tələblərini və şərtlərini , eləcə də vədlərini nəzərdən keçirək. Beləliklə, Saqatelyan Nikol Paşinyanı devirəcəkləri halda planlarını açıqlayıb:

Keçid hökuməti yaradılacaq və burada əsas məqsəd Azərbaycanla Türkiyəyə qarşı müqavimət göstərməkdir.

Prioritet istiqamət Ermənistanın və “artsaxın” təhlükəsizliyini təmin etməkdən, erməni diversantlarını Azərbaycandan geri almaqdan ibarətdir.

"Yeni hökumət" münasibətlərin normallaşdırılması yönündə dəhlizlərin açılmasına imkan verməyəcək və bu istisnadır.

"Yeni hökumət" sərhədlərin delimitasiyasına və demarkasiyasına razılıq verməyəcək.

Türkiyə "ermənilərin soyqırımını" tanımayacagına qədər bu ölkə ilə münasibətlər qurulmayacaq.

Baş nazir sərbəst qərar qəbul etməyəcək və bütün məsələlər təhlükəsizlik şurası ilə məsləhətləşmədən sonra qərarlar veriləcək.

Göründüyü kimi, fakt budur ki, Ermənistanın küçə müxalifəti açıq-aşkar ölkəni uçuruma doğru sürülməsində qərarlıdırlar və əlbəttə ki, məsuliyyətlər də onların üzərinə düşür.

İndiki resurs bazası Ermənistana müstəqil iqtisadi siyasət yürütməyə imkan vermir

Ancaq o da faktdır ki, Ermənistanın mövcudluğu bütün postsovet dövrü Azərbaycanın torpaqlarını işğal altında saxlaması ilə davam edib və bu respublika onilliklər boyu özünün blokadada olan iqtisadiyyatı, nəqliyyat izolyasiyası ilə barşıb, üstəlik inadkarlığı ilə tükənməz radikal, müharibə çağırışlı ritorikasını önə sürüb, bu vasitə ilə birinci Qarabağ müharibəsinin işğalçılıq nəticələrinə haqq qazandırmağa cəhdlər göstərib.

Bəli, İrəvan daim görüntü xarakteri üçün, yəni teoretik şəkildə ötən illər ərzindəki danışıqlar prosesini “dəstəklədiyini” nümayiş etdirib, amma praktiki şəkildə həmin prosesi rədd edib. Çünki tərəflərin yaxınlaşması işğal altındakı torpaqların geri qaytarılmasına səbəb ola, bununla da separatçıların işğalçılıq statusları boşa uğraya bilərdi.

Sovet İttifaqının dağılması ilk növbədə Ermənistanın iqtisadi vəziyyətinə mənfi təsirlərini göstərdi. Respublikanın ərazisi cəmi 29743 km²-dir, əsasən ucqar dağlıq ərazilərdən ibarət olsa da, yalnız bir düzənliyi var. O cümlədən, sovetlər dövründə Ermənistan SSR Cənubi Qafqazın iqtisadi platformasında heç də öz yerini tutan sənaye nəhəngi hesab olunmurdu. Ölkənin iqtisadiyyat sektoru əsasən dağ-mədən sənayesinin məhsulları, sovet kompüterlərinin komponentlərinin istehsalı, qismən avtomobil sənayesi, eləcə də konyak istehsalı ilə təmsil olunurdu.

Özəlləşdirmə zamanı isə Ermənistan bu ölkəyə miras qalmış bir sıra əmlakları, yəni hər şeyi satmağa üstünlük verdi və buraya dəmir yollarını, elektrik şəbəkələrini, atom və su energetikasını, mis mədənlərini və s. sahələri aid etmək olar.

İndiki resurs bazası isə Ermənistana müstəqil iqtisadi siyasət yürütməyə imkan vermir. Son vaxtlara qədər müxtəlif güc strukturları ilə sıx əlaqələrdə olan yerli oliqarxiya sistemi öz mülkiyyətlərindəki dağ-mədən sənayesinin qalıqlarını, eləcə də torpaq fondunu saxlamağa imkan tapırdı.

Başqa sahələrdə isə qıtlıq və əlverişsizlik get-gedə daha qabarıq fonda görünürdü. Misal üçü, ölkədə ixracın idxaldan çox aşağı səviyyədə olması və Ermənistan coğrafiyasının əkin-biçin üçün əlverişsizliyi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalında yaşanan problemlər erməni millətçilərinin işğal faktında özlərinə haqq qazandırmalarına onların təbirlərincə desək, “şəraitlər” yaradırdı. Amma paralel olaraq Ermənistan qonşuları ilə əlaqələri itirdi, diplomatik əlaqələri kəsdi və özünü təcrid vəziyyətinə saldı. Belə bir dövrdə Ermənistanın rəhbərlikləri siyasətlərini cəmiyyətin konsolidasiyasına kökləyir, elə sanırdılar ki, hansısa sehrli qüvvə onları çətin vəziyyətdən dartıb-çıxaracaq. Məhz bu xüsusda ölkədə ultramillətçilik ritorikası daha da artır, bu ritotika normal dövlətçilik maraqlarının üzərindən qalın xətlər çəkirdi.

Radikal və millətçi müxalifət “Ermənistanın dirçəlişi” adı altında küçələrə çıxırsa, demək ki, onlar yenidən özləri haqqında hansısa mümkünsüz “mifi” yaratmağa çalışırlar

44 günlük müharibə isə əslində qonşularının torpaqlarına göz dikən bəlli siyasi çevrələrin gözlədikləri sehrli məqamı məhv etdi və həmin sehr baş vermədi. Əksinə, Ermənistan məhvinin tam astanasında dayandı və bu gün də dayanmaqda davam edir.

Və əgər bu gün ölkədəki hakimiyyət hələ də hər vəchlə sülh sazişinin imzalanmasında müxtəlif oyunbazlıqlar nümayiş etdirirsə, bu fonda radikal və millətçi müxalifət “Ermənistanın dirçəlişi” adı altında küçələrə çıxırsa, demək ki, onlar yenidən özləri haqqında hansısa mümkünsüz “mifi” yaratmağa çalışırlar. Amma unudurlar ki, sonsuz düşmənçilik və qonşu ərazilərinə iddialar məhvin astanasında dayandıqları ölkələrinə dəhşətli apokalipsis vəziyyətini yaşada bilər. Bu apokalipsis isə 104 il əvvəl tarixi, əzəli Azərbaycan torpaqlarında yaradılmış süni “Ermənistan” adlı ölkənin məntiqi sonluğu ilə başa çatacaq. Görünür, Ermənistandakı məlum qütblər hələ də həmin reallığı dərk edəcək qədər ağla sahib deyillər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə