DÜNYA AZƏRBAYCANLILARINI BİRLƏŞDİRƏN ZƏFƏR QURULTAYI ŞƏRH

DÜNYA AZƏRBAYCANLILARINI BİRLƏŞDİRƏN ZƏFƏR QURULTAYI ŞƏRH

22 aprel 2022-ci il tarixində Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdir. Bu qurultaya Zəfər adı verilmişdir. Həmin adın verilməsi heç də təsadüfi deyil, müharibədə qazandığımız tarixi zəfərə əsasən Zəfər Qurultayı adlanır. Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqlar iştirak etmişlər. İllər sonra ilk dəfə olaraq məhz Qarabağın Şuşa şəhərinə dünya azərbaycanlıları toplaşmışdır. Cənab Prezident İlham Əliyev Zəfər qurultayında çıxışı zamanı qeyd etmişdir ki, “bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Önədrin davamçıları bu sözləri gerçəyə çevirdik”.

2006-cı ildə keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatına (UNESCO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciət qəbul olunmuşdur. II qurultay münaqişənin həllində bütün dünya azərbaycanlılarının yekdil mövqedən çıxış etdiyini göstərmiş, qəbul olunmuş qərarlarda və natiqlərin çıxışlarında dünya azərbaycanlılarının Prezident İlham Əliyevin münaqişənin həlli, işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində fəaliyyətini birmənalı şəkildə dəstəklədiklərini bir daha vurğulamışdır. 2011-ci ildə keçirilmiş III qurultayda mühüm sənədlər qəbul edilmiş və Qarabağ münaqişəsi ilə bağlı xarici ölkələrə müraciətlər olunmuşdur. 2016-cı ildə IV qurultayda nümayəndələr adından Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxaq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etmişlər. Keçirilmiş qurultaylar onu bir daha sübut edir ki, biz heç vaxt Qarabağı unutmamış və hər zaman diqqət mərkəzində saxlamışıq. 2022-ci il aprel ayında keçirilən V Zəfər Qurultayı da buna əyani sübutdur. Həm ölkəmizin vətəndaşları, həm də xaricdə yaşayan azərbaycanlılar birlikdə bir yumruq olub öz gücümüzü dünyaya sübut etdik. Azərbaycan xalqı 30 il ərzində işğalla barışa bilmədi və sonda öz gücünü döyüş meydanında göstərdi.

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar. Xaricdə yaşayan azərbaycanlılar orada öz ətrafında olan dost-tanışlarına Azərbaycan haqqında hər zaman məlumat verməli, Azərbaycanı yüksək səviyyədə təmsil etməlidirlər. 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasını da unutmamalıyıq. Qurultayda çıxışı zamanı cənab Prezident dünya azərbaycanlılarına Azərbaycanlıların öz tarixi torpaqlarından Mil-Muğan zonasına köçürülməsindən bəhs etmişdir. Biz bu tarixləri unutmamalı və hər birimiz yadda saxlamalıyıq. Azərbaycan xalqı qalib xalq kimi əbədi yaşayacaq. Artıq başımız uca şəkildə deyə bilərik ki, heç kim bizi öz torpaqlarımızdan çıxara bilməz.

Nigar İMAMƏLİYEVA

YAP Yasamal rayon AMEA Folklor İnstitutu ərazi ilk partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə