Ermənistan qan gölünə çevrilə bilər - TƏHLİL

Ermənistan qan gölünə çevrilə bilər - TƏHLİL

İndiki şəraitdə Putinlə sadəcə görüş faktı Qərbin Ermənistana münasibətinə son dərəcə mənfi təsir göstərir. Bu münasibət barədə ermənilər də yaxşı bilirlər, elə ruslar da. Hətta hərdən elə gəlir ki, ruslar Qərbə göstərmək, Ermənistanın da məhz Qərbdən əl-ayağını, eləcə də ümidlərini kəsmək üçün görüş təşkil edirlər. Sözsüz ki, bu görüş çağırışlarından imtina edə bilməyən, buna gücü çatmayan Ermənistan, eləcə də bu ölkənin hakimiyyəti və ümumlikdə erməni xalqı beləliklə Qərblə çox az qalan münasibətlərinin də tamamilə yoxa çıxacağını yaxşı başa düşür. Bununla belə çıxış yolu tapa, hansısa yolu seçə bilmir və bu da ölkəni tez bir zamanda uçuruma tərəf aparır.

Belə məlum oldu ki, Rusiya və Ermənistan nasizmə qarşı birgə mübarizə haqqında razılığa gəliblər. Hətta bu barədə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların yekunlarına dair birgə bəyanatda deyilir. Maraqlıdır, nasizmi törədən kimdir? Elə nasizmi, faşizmi, separatçılığı və terrorçuluğu törədən, mövcudluğu dövründə ancaq işğlçılıq siyasəti yürüdən Ermənistan deyilmi? Heç Rusiya da Ukraynada törətdiklərinin fonunda son zamanlar bu işğalçı ölkədən geri qalmır və görəsən indi kim kimə qarşı mübarizə haqqında razılığa gəlir? Ermənistanın öz nasizminə qarşı birgə mübarizə aparılacaq, yoxsa başqa hansı nasizimdən söhbət gedə bilər? Təbii ki, bütün bu suallardan aydın görünür ki, sözügedən iki ölkənin gəldiyi razılıq gülünc səslənir və hətta ilk baxışdan çox absurd görünür.

Göründüyü kimi, Rusiya ilə Ermənistan arasında nasizmə qarşı mübarizə haqqında razılığın mahiyyətinin nə olduğu dərhal ortaya çıxır. Bu razılıq deyilən formal məsələnin ümumiyyətlə nə olduğu hamıya bəllidir. Xüsusən Ukraynada törədilənlərin, müharibənin fonunda Rusiyanın Ermənistanla belə bir qazılığa gəlməsi, nasizmə qarşı mübarizə haqqında razılıq imzalaması Qərbi özündən çıxarmaya bilməz. Onsuz da Rusiyaya qarşı olduğunu bu zamana qədər də Qərb açıq-aşkar biruzə verirdi. İndi üstəlik Ermənistanla guya nasizmə qarşı razılığa gəlməsi məsələnin daha da kəskinləşməsi deməkdir. Özü də bu dəfə Ermənistan üçün. Belə baxanda Rusiyaya qarşı sanksiya tərbiq edənlər üçün Ermənistan nə problemdir və bu xırda bir ölkəyə, onun marionet baş nazirinə təzyiq və təpki daha sadə, daha bəsit addım sayılır. İndi ermənilər özləri yaxşı başa düşürlər ki, Rusiya ilə haqqında qeyd olunan razılıqdan sonra Qərbdəki, xüsusən də ABŞ və Böyük Britaniyanın siyasətçiləri Ermənistana siyasi və iqtisadi təzyiq göstərmək üçün çox konkret addımlara keçə bilərlər. Bu isə onsuz da yoxsulluq içərisində olan rəzil bir ölkə üçün acınacaqlı sonluq deməkdir. İndi Rusiya üçün tətbiq olunan sanksiyalara bəlkə də ruslar müəyyən bir müddət səbr nümayiş etdirə bilərlər, amma bunu ermənilərdən gözləmək mümkün deyil və əgər Ermənistan Qərb tərəfindən hədəfə alınsa, ermənilər bu şəkildə də sıxıntılara məruz qalsalar bu işğalçı ölkədə dərhal vətəndaş müharibəsi reallaşar. Elə bu ölkənin hakimiyyətinin də kürkünə birə salan budur, amma Rusiyanın əmrindən də çıxmaq onlar üçün mümkünsüz sayılır.

“Biz irqçilik, ksenofobiya, neonasizmin istənilən təzahürlərinə, habelə milli, dil və ya dinə görə ayrı-seçkiliyə, o cümlədən Rusiyada və Ermənistanda yaşayan vətəndaşların və həmvətənlərin hüquq və qanuni maraqlarına toxunan ayrı-seçkiliyə qarşı səyləri artırmağa razılaşdıq”, deyə Kremlin mətbuat xidməti də məlumat yayıb. Yenə də bir neçə sual ortaya çıxır. Əvvəla milli, dil və dinə görə ayrı-seçkiliyə kim yol verir? Görəsən ruslar bilmirlərmi ki, etnik təmizləmə siyasəti elə ermənilərin, Ermənistanın öz siyasətidir? Azərbaycanlı olduqlarına görə qətlə yetirilənləri ermənilər tərəfindən qətlə yetirilməmişdimi? Xocalı soyqırımı məhz etnik təmizləmənin, milli, dil və ya dinə görə insanların həyatlarına son qoyulmasının təzahürü deyildimi? Yaxud, öz ata-baba yurdlarından insanların didərgin salınması vətəndaşların haqq və hüquqlarına, qanuni maraqlarına toxunan qanunsuzluqlara yol verilməsi ermənilərin öz işləri olmadımı? Elə isə kimlər hansı səylərdən dəm vururlar axı? Guya ki, separatçı ermənilər bütün bu sadalananların onlara aid olduğunu unudublar, yaxud belə bir vaxtda bu şəkildə ruslarla razılıq imzalamalarına Qərbin susqunluq nümayiş etdirəcəyinə ümid edə bilərlər? Xeyr. Belə bir arzuları da ola bilməz və özləri də yaxşı bilirlər ki, başlarında çatlayacaq hələ çox şeylər var və bunun günahkarı da özləridir.

Doğrudur, nasist Almaniyasında olan faşizmin yolverilməzliyindən danışılır və bu heç də pis deyil. Əlbəttə ki, dünyanın müxtəlif ölkələrində on milyonlarla insanın həyatı bahasına dünyanı fəlakətə sürükləyən məhz nasizm olub. Məsələ burasındadır ki, əvvəla indiki mərhələdə bütün dünya Putinin rəhbərlik etdiyi Rusiyasını Hitler Almaniyasının prototipi kimi görür və qəbul edir. Bir sözlə, Ukraynada müharibəyə başlayan və saysız-hesabsız insan tələfatına, yaşayış məntəqələrinin dağıdılmasına səbəb olan ölkənin nasizmə qarşı razılıq imzaladığı dünya üçün qəbuledilən deyil. Digər tərəfdən, Rusiya kiminlə nasizmə qarşı razılığa gəlir, nasist və faşist Qaregin Njdenin heykəlini ölkəsinin paytaxtında ucaldıb, sonra bununla da faşizmi təbliğ edən ölkə iləmi? Bu razlılığa bütün dünyada həqiqətlərdən xəbəri olan bir nəfər belə inana bilərmi? Əlbəttə ki, inana bilməz və heç Qərbin də belə bir niyyəti də yoxdur. Əksinə, Qərb Rusiyanı bəşəri cinayətlərdə, nasizmdə, işğalçılıqda günahlandırır və bu halda Ermənistanı özü ilə bir cərgədə görmək istəyən Rusiya bu işğalçı ölkəni də uçuruma sürükləyir. Eyni ilə cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi. Yəni, reallıqlar onu deməyə əsas verir ki, indiki şəraitdə Ermənistan özü də bəşəriyyətə qarşı cinayətlərə görə beynəlxalq məhkəməyə verilə bilər. Putinlə görüş faktı bu məsələni sürətləndirə bilər ki, indi ermənilərin yuxusunu ərşə çəkən də budur. Putinin isə bu heç vecinə də deyil və ermənilərin, Ermənistanın hansı hala düşə biləcəyi onun maraqlı ola bilməz, onun öz maraqları var. Hələ bəlkə də bu, Rusiyanın Ermənistana “qulaq burması” da ola bilər. Təkcə bu addım, Qərbin qəzəbinə səbəb ola bilər ki, bu da Ermənistanı qana bulayar. Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmək üçün çalışan ölkələr sırasına yazıla bilən Ermənistanı nələr gözlədiyini ermənilər özləri hamıdan yaxşı təsəvvür edirlər. Bu artıq Ermənistana qarşı sanksiyaların mükəmməl şəkildə tətbiqi deməkdir ki, buna ermənilər davam gətirə bilməzlər. Nəticə isə qarşıdurma, dərhal da vətəndaş müharibəsi deməkdir ki, bu zaman hakimiyyət zəifliyindən, yaxud hakimiyyətsizlikdən istifadə ölkənin qan gölünə çevrilməsinə gətirib çıxarar. Təbii ki, dəfələrlə Qaregin Njdeni Hitlerlə bərabər tutan Mariya Zaxarova belə Ermənistanın, yaxud ermənilərin nasizmə qarşı mübarizəyə qoşulması barədə razılığına inana bilməz. Belə olan halda Qərb nə düşünməlidir və inana bilərmi? Ümimiyyətlə, Rusiya ilə toqquşan qüvvələrin onunla razılığa gələn ölkəni istədiyi şəkildə cəzandıracağı anonsu həqiqətə daha yaxın deyilmi, nəinki Ermənistan kimi işğalçı ölkənin nasizm əleyhinə mübarizəsi?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə