“Müəyyən qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasında maraqlı deyillər” - AÇIQLAMA

“Müəyyən qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasında maraqlı deyillər” - AÇIQLAMA

“Son 30 ildən sonra ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində birbaşa telefon danışığı baş tutdu. Hesab edirəm bu çox ciddi bir diplomatik nəticə idi, xüsusilə də Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılan mühüm addımdır”. Bunu politoloq Anar Əliyevin “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, telefon danışığı 2020-ci il Vətən müharibəsindən sonra yaranmış reallıqların Ermənistan tərəfindən qəbul edilməsi istiqamətində çox əhəmiyyətli bir gedişdir, addımdır: “Nəzərə alsaq ki, Azərbaycan tərəfi davamlı olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində birbaşa münasibətlərin qurulması və iki tərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Amma digər maraqlı qüvvələr, xüsusilə də Ermənistana təzyiq, təsir etmək və Ermənistanın xarici siyasətini formalaşmasına yön verə biləcək qüvvələr ikitərəfli münasibətlərin qurulmasında o qədər də maraqlı deyildilər. Bu mənada, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşün keçirilməsi bu mənada çox uğurlu bir gedişdir”.

A.Əliyev onu da bildirdi ki, bir sıra dairələr eləcə də Rusiya bu münasibətlərin, iki tərəfli əlaqələrin qurulmasında o qədər də maraqlı deyillər: “6 aprel Brüssel görüşündən sonra Ermənistan xarici işlər nazirinin Rusiyaya dəvət edilməsi və münasibətlərin tənzimlənməsində Rusiya faktorunun əhəmiyyətli rol oynadığını nümayiş etdirmələri bu münasibətlərin tənzimlənməsində Rusiya vasitəçiliyinə daimi ehtiyacın olduğu əsasını yaratmağa çalışırlar. Hesab edirəm ki, Rusiya tərəfi Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın vasitəçiliyinə daimi ehtiyacın olduğu görüntüsünü yaratmaq, bununla da bu prosesdə davamlı iştirakını təmin etməyə çalışır. Eyni zamanda, Ermənistan baş nazirinin Rusiyaya gözlənilən səfəri zamanı da hesab edirəm Azərbaycan Ermənistan arasında münasibətlərin birbaşa təmasların qurulmasının mümkün qədər qarşısının alınması və bu proseslərin daha çox rəsmi Kremli üzərindən həyata keçirilməsinin istiqamətində müzakirələr və addımlar atıla bilər. Hesab edirəm ki, Ermənistan cəmiyyəti və siyasi elitası Azərbaycanla ünsiyyətin qurulmasının, Ermənistanın düşdüyü vəziyyətdən çıxışın yeganə və alternativsiz variantı yolu olduğunu dərk edir. Buna görə də, mümkün təzyiqlərin qarşısını alaraq Azərbaycanla birbaşa əlaqələrin qurulmasında maraqlı olmalıdır. Bu münasibətlər davamlı olacaqsa həm liderlər, həm də ayrı-ayrı qurumlar arasında birbaşa münasibətlər davamlı xarakter daşıyacaqsa Ermənistanın Azərbaycanla sülh razılaşması da daha sürətli, eyni zamanda, Ermənistanın düşdüyü vəziyyətdən çıxış prosesinin də daha sürətli şəkildə həyat keçirilməsi təmin edilə bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə