Zaman hansı tərəfin xeyrinə işləyir, Azərbaycanın, yoxsa Ermənistanın? ANALİTİK+AKTUAL

Bakı İrəvana əməli şəkildə sübut edir ki, istər onunla, istərsə də onsuz – qarşısına qoyduğu bütün məqsəd və məramlarını icra edəcək!

44 günlük müharibəyə qədər və ondan sonrakı müddətdə həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti daxilində aparılan çoxsaylı müzakirələrdə nəticə olaraq belə bir sual yaranırdı – zaman hansı tərəfin xeyrinə işləyir? Yaxud, taleyüklü həll addımının atılması yönündə tələsməyə ehtiyac varmı, yaxud həmin tələskənliyi səbrlə gözləyib daha yaxşı mövqe tutmaq daha məqbuldur? Məhz bu sualın cavabını tapmaq üçün sözügedən proseslər istiqamətində müəyyən araşdırmalar aparmaqla suallara cavab tapmaq olar.

Fakt budur ki, Azərbaycan 44 günlük müharibəyə qədər xalqı, cəmiyyəti işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda konsolidasiya vəziyyətinə gətirmək, vəhdət şəklində birləşdirmək siyasətini uğurla apardı və bu siyasət uzun illər tətbiq edildi, ölkədə xüsusən gənclərimizə vətənpərvərlik, patriotluq ruhu aşılandı.

O cümlədən, işğal dövründə təmas xətlərində müdafiə istehkamları, hərbi infrastrukturlar, dayaq məntəqələri inşa edildi, strateji əhəmiyyətli ərazilərdə müdafiə xarakterli tədbirlər reallaşdırıldı. Əbəs deyil ki, 2016-cı ilin 4 günlük Aprel müharibəsində qazanılan uğur da həmin reallıqlar nəticəsində əldə edildi və 2020-ci ilin 27 sentyabrına qədər daha mütəşəkkil hazırıq proseslərinə başlanıldı.

İrəvan demək olar ki, 30 ildir ki, bütün regional layihələrdən kənar qalıb

Azərbaycanın daha bir uğurlu strategiyası Ermənistanın işğalçılığına qarşı təcridetmə siyasətini reallaşdırması olub. Bu vasitə ilə iqtisadiyyatımız dünya miqyasında öz sözünü deyib, bir sıra nüfuzlu xarici şirkətlər Azərbaycanla işbirliyinə imza atıb. İrəvan demək olar ki, 30 ildir ki, bütün regional layihələrdən kənar qalıb.

Bütün bunlarla yanaşı, əhalimizin sayı sürətlə artıb, region dövlətləri və güc mərkəzləri ilə qarşılıqlı münasibətlər ortamı kifayət qədər münbit şəkildə qurulub, təmin edilib.

Və ən əsası, güclü Silahlı Qüvvələrin bazası hərtərəfli və təməli şəkildə möhkəmləndirilib, qüdrətli ordu quruculuğu sistematik şəkildə və ən müasir tələblərə cavab verən mühitdə həyata keçirilib, ordumuz dünyanın ən güclü orduları sıralamasında üstün mövqelərə qədər yüksəlib.

Bəs Ermənistan nəyə nail olub?

İşğalçılıq siyasətlərini yürüdərək 30 il boyunca öz kirli məqsədlərini realizə etməyə çalışan Ermənistan cəmiyyəti və bu günə qədər mövcud olan hakimiyyətləri elə sanırdılar ki, Azərbaycan xalqı ümumiyyətlə, Qarabağı unudacaqlar və mövcud işğal situasiyası ilə barışacaqlar.

Ancaq buna baxmayaraq, bir sıra Qərb havadarlarına arxalanaraq separatçı rejimə “humanitar” adı altında maliyyə vəsaitlərinin qanunsuz şəkildə Qarabağa göndərilməsinə nail olublar. Bu qanunsuz vəsaitlərin əsas xərci Qarabağda müdafiə istehkamlarının, bunkerlərin qurulmasına və silahlanmaya istifadə olunub.

Üstəlik, BMT-nin çıxardığı 4 qətnamənin də yerinə yetirilməməsi istiqamətində ATƏT-in Minsk qrupu əlində olan bütün imkanlarından maksimum şəkildə istifadə edirdi.

Habelə, ermənilər ən çox halda Rusiya ilə Türkiyənin arasında hərbi münaqişənin yaranacağına ümid edirdilər və bu münaqişədən Azərbaycanın da hədəfə alınacağını utopik xəyallarında canlandırırdılar.

Və 2020-ci ilin payızında hər kəs zamanın kimin tərəfinə işlədiyinin şahidi oldu!

Maraqlıdır və nə qədər qəribə görünsə də, müharibədən sonra zamanın məhz Azərbaycanın xeyrinə işləməsinə baxmayaraq, Ermənistan hələ də köhnə düşüncəsində qalır və belə hesab edir ki, zaman onların xeyrinə işləyir.

Lakin 44 günlük müharibədən sonra Azərbaycan təşəbbüsü boş buraxmayaraq Ermənistana qarşı təsir və təzyiq elementlərini yeni mexanizm qismində işlətməyə başladı. Bəs bu mexanizmlər hansılardır?

İlk növbədə, Ermənistanın blokirovka vəziyyətində saxlanması davam etdi və Azərbaycan İranla memorandum imzalayaraq iqtisadi və nəqliyyat potensialını istifadə etməsi üçün yeni xəritə müəyyənləşdirdi.

Ermənistan tərəfindən prosesin uzadılması, danışıqlar mərhələsindəki çək-çevirləri İrəvanın növbəti itkiləri ilə nəticələnəcək

Amma bu da Ermənistana dərs olmadı və “erməni ümidi” deyilən utopiyalar hələ də bu ölkədəki siyasi güclərin düşüncələrində cövlan edir. Bir tərəfdən Rusiyanın onlara müttəfiq olduğunu bəyan edərək onları bu vəziyyətdən Kremlin çıxara biləcəyini deyir, digər tərəfdən, Qərbin Rusiyanı məğlub edəcəyini iddia kimi irəli sürməklə xəyallarını boş təsəvvürlərində canlandırırlar.

Azərbaycan isə real işlərini həyata keçirir – Qarabağ regionunda azad etdiyi torpaqların bərpası prosesini reallaşdırır və paralel olaraq Ermənistana göstərir ki, istər onunla, istərsə də onsuz – qarşısına qoyduğu bütün məqsəd və məramlarını icra edəcək. Daha dəqiq desək, Ermənistan tərəfindən prosesin uzadılması, danışıqlar mərhələsindəki çək-çevirləri İrəvanın növbəti itkiləri ilə nəticələnəcək.

Bu baxımdan da əminliklə deyə bilərik ki, zamandan ən səmərəli yararlanan da məhz Azərbaycandır və ona görə də zamanın Azərbaycanın xeyrinə irəlilədiyini şübhəsiz olaraq vurğulaya bilərik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə