Bu sənəd ictimaiyyət tərəfindən böyük razılıqla qarşılanıb – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Bu sənəd ictimaiyyət tərəfindən böyük razılıqla qarşılanıb – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin 4 aprel tarixli Sərəncamı ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022- 2026-cı illər üçün Milli Fəaliyyət Planı mühüm əhəmiyyət kəsb edən bir sənəddir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu sənəd iqtidarın bu istiqamətdə atdığı bir sıra mühüm addımların təkrarıdır, davamıdır və sözsüz ki, ölkə ictimaiyyəti tərəfindən çox böyük razılıq hissi ilə qarşılanıbdır.

“Hər birimizə yaxşı məlumdur ki, korrupsiya ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən haldır və qanunun aliliyinə, sosial ədalətin ciddi şəkildə pozulmasına, iqtisadi və sosial inkişafın ləngidilməsinə, əlverişli biznes mühitinin yaranmasına mane olan səbəblərdən biridir. Korrupsiya tarix boyu cəmiyyətin üzləşdiyi çox ciddi problemlərdən biri olubdur və bu gün nəinki respublikamızda, eləcə də dünya ölkələrində aktual problemlərdən biri olaraq öz təsirini saxlamaqdadır. Ancaq Azərbaycanda bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilir və bir çox dövlət məmurlarının, iş adamlarının, eləcə də müəyyən vəzifə sahiblərinin korrupsiyaya yol verdiklərinə görə həbs olunmaları, müxətlif dərəcədə cəzalar almaları buna əyani sübutdur.

Əlbəttə ki, korrupsiyaya qarşı mübariuzə tədbirlərinin əhəmiyyəti, onun mahiyyəti geniş təbliğ olunmalı və bu bəlaya qarşı hər birimiz ciddi mübarizə aparmalıyıq. Müstəqil Azərbaycanın uğurlarına sevinən və bu uğurların daha da yüksək səviyyədə davam etdirilməsini arzulayan hər bir vətəndaş elə bilirəm ölkəmizdə korrupsiyaya qarşı mübarizəni gücləndirmə tədbirlərində yaxından iştirak etməlidir və bu hər bir vətəndaşın vətəndaşlıq borcudur. Çünki, sözsüz ki, Milli Fəaliyyət Proqramında nəzərdə tutulan mühüm tədbirlərin həyata keçirilməsi uğurla davam etdiriləcək və korrupsiyaya qarşı mübarizə tədbirlərində cəmiyyətin hər bir üzvü yaxından iştirak edəcəkdir. Ona görə ki, bu bizim inkişafımız üçün, ölkənin tərəqqisi üçün, beynəlxalq aləmdə nüfuzunun artması üçün əhəmiyyətli və vacibdir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə