31 Mart - Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək qətliam ŞƏRH

31 Mart - Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək qətliam ŞƏRH

Tariximizə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Və bu qətliamlar ya hansısa hakimiyyət tərəfindən siyasi məqsədlərlə törədilib, ya da böyük müharibələrin acı nəticələri kimi tarixə düşüb.

“Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Bu siyasətin ən dəhşətli təzahürü daşnak-bolşevik dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi 31 Mart soyqırımı bəşəriyyətə qarşı ən qatı cinayətdir. Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulmuşdur.

1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir.

Bu soyqırımı aktının baş verdiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub. Yalnız, XX əsrin sonunda ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”.

Aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanmışdır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərancamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Hər il minlərlə insan bu məkanı ziyarət edərək qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini anır.

Həmçinin, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilmişdir.

Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir. Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə adekvat reaksiya verilməmiş, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilmişdir. Bu xüsusda Avropa Parlamenti tərəfindən Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qəbul edilən 2022-ci il 10 mart tarixli qətnamə bir daha ölkəmizə qarşı yönələn qərəzli, ikili standartlara söykənən siyasətin göstəricisi oldu. Belə ki, son 30 ilə yaxın davam etmiş işğal müddətində mülki əhaliyə qarşı insanlıq və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş Ermənistan tərəfindən xalqımıza məxsus tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, qəbiristanlıqlar məqsədli və sistemli şəkildə dağıdılıb. Bu illər ərzində Azərbaycan tərəfinin dəfələrlə çağırışlar etməsinə baxmayaraq, əlaqədar beynəlxalq təşkilatlar tərəfindən bu məsələlərin yerində araşdırılması ilə bağlı hər hansı faktaraşdırıcı missiya göndərilməmişdir.

Uzun illərdir Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş olduğu etnik təmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni irsimizə qarşı vandalizm aktlarına da hər hansı reaksiyanın verilməməsi dövlətlərə münasibətdə ayrı-seçkilik və laqeydliyin göstəricisi olmaqla, beynəlxalq humanitar hüquq prinsiplərinə də ziddir.

Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar, uzaqgörən və məqsəqyönlü xarici siyasət Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirmiş, onu dünyanın hesablaşmalı olduğu güclü dövlət statusuna yüksəltmişdir. Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin öndərliyində təqribən il yarım öncə verdiyi haqq savaşı isə Azərbaycanın Ermənistanla fərqini bir daha sübut etdi. Tarix boyu dəfələrlə ermənilərin soyqırımılarına məruz qalmasına baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində daima humanizm prinsipini əsas götürmüş, müharibəni yalnız əlisilahlı düşmən əsgərinə qarşı aparmışdır. Hətta Gəncənin, Tərtərin, Bərdənin, Mingəçevirin bombalandığı günlərdə belə Ordumuz ancaq cəbhədə savaş vermişdir. Məhz bu əxlaq kodeksi Ermənistanla Azərbaycan arasındakı ən böyük fərqdir. Azərbaycan nə olursa-olsun mülki insanları hədəf almır, humanizm prinsiplərindən əl çəkmir, Ermənistan isə hətta indiki sivil dünyada belə tarix boyu göstərdiyi qəddarlığı, faşizm meyillərini kənara qoya bilmir, məqsədinə gedən yolda qadın, qoca, uşaq demədən mülki insanların canına qəsd edir.

Və 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan bu təxribat və vəhşiliklərə birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək cəmi 44 gün davam edən döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu qələbə ilə şanlı ordumuz 31 Mart, həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı və bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu Qələbə ilə Azərbaycan həm də bütün Cənubi Qafqaz regionu ölkələrini və xalqlarını erməni faşizmi kimi böyük bir bəladan qurtardı. Artıq erməni qəsbkarları bu müharibənin nəticələrindən ibrət götürməli və bundan sonra nə əllərini, nə də gözlərini özgəsinin torpaqlarına tərəf yönəltməməli və öz terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər.

Ümid edirik ki, özlərini demokratiyanın beşiyi olaraq qəbul edən Qərb dairələri, nəhayət, bu reallıqlara gözünü açacaq və bəşər tarixinin ən qanlı faciələrindən biri olan 31 Mart Soyqırımına layiqli hüquqi qiyməti verəcəkdir.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə