Milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı ŞƏRH
Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin, xeyirxahlığın və birliyin təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa çağırır. Əsrlərin sınağından çıxan Novruz yüz illərdir ki, milli adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək, bu günlərə qədər gətirib çıxaran bayram kimi əhəmiyyətlidir. Əlbəttə ki, xalqımızda daha möhkəm birlik və həmrəylik yaradan bu bayramdakı adət-ənənələrdə böyük dəyərlərimiz özünü göstərir. Bu gün yaşadığımız qlobalaşma dövründə xalqımıza məxsus adət-ənənələri qoruyub saxlamaq və gənc nəslə aşılamaq əlbəttə ki, təqdirəlayiqdir.
Hər il ölkəmizdə Novruz bayramı təntənə ilə qeyd olunur. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə keçirməyə çalışmışdır. Sovet imperiyası dövründə yaşadığımız illərdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev xalqın milli dəyərlərinə önəm vermiş və milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyev bütün sahələrin inkişafına yönəldilmiş islahat və layihələrin reallaşmasına diqqət yetirməklə yanaşı, mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə önəm vermişdir. Belə ki, ölkəmizdə – müstəqil Azərbaycanda Novruz bayramı dövlət səviyyəsində qeyd olunub. Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyirdi: "Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir".
Hazırda bu ənənələr Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. "Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır", - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu diqqətə çəkmişdir.
Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir. Bu əlbəttə ki, milli adət-ənənələri yaşadan el bayramına Novruz bayramına beynəlxalq aləmdə verilən qiymətdir.
Əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını Azərbaycan xalqı artıq iki ildir ki, daha böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Ötən il, işğaldan sonra ilk dəfə Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması, tonqal ərafında səsləndirdiyi fikirlər düşmənə, onların havadarlarına daha bir mesaj oldu. Dost ölkələr isə Azərbaycanın bu xoşbəxt gününə ürək dolusu sevindilər: "Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".
Bayram tonqalını alovlandıran Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratmış oldu. Artıq ikinci ildir ki, Azərbaycan xalqı əziz el bayramını Zəfər qazanmış xalq olaraq qeyd edir.
Nazim BÜNYATOV
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB