Milli varlığımızın və həmrəylimizin simvolu - Novruz bayramı - ŞƏRH
Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən dünyanın və insanın yaradılış bayramı Novruz minilliklərin sınağından çıxaraq, bu günə gəlib çatmışdır. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır. Bildiyimiz kimi, Novruz bayramını Azərbaycan xalqı hələ Sasanilər dövlətinin tərkibində olduğu zaman qeyd edib. Daş dövrünə aid olan əşyalar, qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət abidələrimiz Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən amillərdir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın bu bayramı dövlət səviyyəsində qeyd olunur. Ulu Öndər Heydər Əliyev "Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır", - deyə bildirmişdir. Novruz xalqımızı tarixən bütövləşdirən, milli-mənəvi dəyərləri özündə ehtiva edən bir bayramdır. "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır"- deyən Ulu Öndər təbiətin oyanışının, varlığının yenidən canlanmasının müjdəsini verən Novruz bayramının ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olduğunu, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etdiyini bildirmişdir.
Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu istiqamətdəki məqsədyönlü fəaliyyətini qeyd etməliyik. Fondun sədri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ümumilli Liderin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olur. Azərbaycan dövlətinin səyi nəticəsində YUNESKO-nun xüsusi qərarına əsasən, 2009 - cu ildə Novruz bayramı bəşəriyyətin qeyri-maddi sərvətlər siyahısına daxil edildi. Məhz qlobal miqyasda atılan bu ciddi addımdan sonra dünya tərəfindən milli dəyərlərimizi özündə yaşadan Novruz bayramına maraq daha da artıb.
2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin layiqli siyasi varisi kimi milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, bu sıradan da xalqın milli bayramı olan Novruzun yüksək səviyyədə qeyd olunmasına töhfəsini verir. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara xoş arzu və niyyətlərini bildirir. Bu özlüyündə dövlətin Novruza - mənəvi birlik bayramına olan həssas yanaşmasının nümunəsidir.
Bu gün sevindirici və qürurverici haldır ki, xalqımız Novruz bayramını işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda qeyd edir. Ötən il və bu il İlaxır çərşənbədə tonqallar yandırıldı. Bu, Azərbaycan xalqının varlığını, milli birliyimizi, həmrəylimizi təcəssüm etdirir. Azərbaycan xalqı öz əzəli torpağının sahibidir.
Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırmaları xalqımızın böyük sevincinə səbəb oldu. Dövlət başçısı müraciətində "Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi", deyərək 28 ildən sonra Şuşaya qayıtdığımızı bildirib: "Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".
Bəli, Novruz bayramı qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd olundu. İşğaldan azad olunan digər ərazilərdə də bayram tonqalları qalandı. Bu il də artıq ikinci ildir ki, 30 ilə yaxın işğalda olan və 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda Novruz bayramını qeyd edirik. İllərdir arzuladığımız və bu gün böyük məsləkimizə qovuşduğumuz torpaqlarımızın işğaldan azad olunduğu torpaqlarımızda çərşənbəmizi, Novrumuzu qeyd edirik.
Natiq Allahverdiyev
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB