“Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı inkişaf etdirmək üçün səylərini artıracaq” - Füzuli Abdullayev

“Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı inkişaf etdirmək üçün səylərini artıracaq” - Füzuli Abdullayev

“Azərbaycan ilə Rusiya arasında imzalanan Müttəfiqlik Bəuannaməsinin ölkələrimiz arasında dilomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində imzalanması dövlətlərarası münasibətlərin yüksələn xəttlə inkişafının bariz göstəricisidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib.

Onun sözlərinə görə, bu mühüm sənəd Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə, o cümlədən Rusiya ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq Azərbaycana milli təhlükəsizliyini qorumaq üçün yeni immunitet qazandırır: “43 bənddən ibarət olan “Moskva Bəyannaməsi” Azərbaycan və Rusiya arasındakı münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəldəcək. Sənəddə təhlükəsizlik, siyasət, iqtisadiyyat, humanitar sahədə əməkdaşlıqla bağlı bir çox vacib məsələlər öz əksini tapıb. Ən mühüm məsələlərdən biri dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə hörmət etməsinin, bir dövlətin ərazisindən digər dövlətə qarşı istifadəyə icazə verməməsinin Bəyannamədə əksini tapmasıdır. Bəyannamə əsasında tərəflərin üzərinə götürdüyü əsas öhdəliklər arasında separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq kimi məsələlər var. Tərəflər arasında bərabərhüquqlu münasibətlər də məhz bu müqavilə əsasında ən yüksək səviyyədə tənzimlənəcək”.

YAP Ağsu rayon təşkilatın sədri qeyd edib ki, Moskva Bəyannaməsindən öncə Prezident İlham Əliyev cənabları Rusiya ilə yeni və daha uğurlu müstəvidə əlaqələrin möhkəmləndiriləcəyi ilə bağlı fikirlərini bəyan etmişdi və bu gün həmin reallıq özünü təsdiq edir: “Prezident İlham Əliyev Yeni il təbriki ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Ən mühüm məqam isə odur ki, yüksək səviyyəyə yüksələn Azərbaycan-Rusiya müttəfiqliyi hələ də sülh müqaviləsi imzalamaqdan yaxasını kənara çəkən Ermənistana böyük zərbədir. Lakin bundan sonra Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. Bu baxımdan bölgədə yaranmış gərginlik fonunda Prezident İlham Əliyev Azərbaycanı regionda və dünyada baş verə biləcək təhlükələrdən qorumaq üçün növbəti uğurlu diplomatik addım atdı. O cümlədən, Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələrimiz var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri və əsas ticarət tərəfdaşlarındandır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası var və 245 sənəd imzalanıb. Onların arasında müttəfiqlik haqqında Bəyannamə isə münasibətlərimizin ali səviyyədə qurulmasını kifayət qədər təzahür etdirməkdədir”.

“Əbəs deyil ki, Rusiya Prezidenti Vladimir Putin isə ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığının nəzərəçarpacaq dərəcədə möhkəmləndiyini və genişləndiyini diqqətə çatdırdı”, deyə qeyd edən Füzuli Abdullayev həmçinin bildirib ki, Rusiya rəhbərliyi də hesab edir ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək üçün imkanlar mövcuddur: “Təsadüfi deyil ki, Prezidentimizi 60 illik yubileyi ilə təbrik edən Prezident Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır, onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa gəlirsənsə, tam əmin ola bilərsən ki, vəd yerinə yetiriləcək. Azərbaycanın bu dəyərə qiymət verməsi və qarşılıqlı addım atması isə həm də siyasi diplomatik uğurun təcəssümüdür. Beləliklə, xüsusilə qeyd edə bilərik ki, Azərbaycanın Rusiya ilə əlaqələri yüksələn xətlə inkişaf edir. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan möhkəm dostluq münasibəti formalaşıb. Azərbaycan və Rusiya arasındakı bugünkü münasibətlər hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsidir. İkitərəfli əməkdaşlığı hərtərəfli möhkəmlətmək əzmi sayəsində dövlətlərarası qarşılıqlı əlaqələrin geniş palitrası ilbəil yeni genişmiqyaslı layihələr və təşəbbüslərlə zənginləşir.”.

“Həmçinin, Azərbaycanın çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib” deyə qeyd edən Füauli Abdullayev sonda daha bir maraqlı məqama toxunaraq bildirib ki, əlbəttə, dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və firavan şəraitdə rahat yaşaması üçün zəruridir.

“Bu baxımdan da Moskva Bəyannaməsinin əhəmiyyətini yüksək qiymətləndirmək olar. Azərbaycan bundan sonra digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”, YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev deyib.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə