Rusiya ilə müttəfiqlik əlaqələrinin qurulması strateji zərurətə çevrilmişdi - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Rusiya ilə müttəfiqlik əlaqələrinin qurulması strateji zərurətə çevrilmişdi - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hazırda dünyada heç bir ölkə təkbaşına öz milli təhlükəsizliyini təmin edə bilimir. Bu hər şeydən öncə beynəlxalq münasibətlər sisteminin mürəkkəb daxili strukturu və yeni dünya nizamının formalaşmaqda olması ilə bağlıdır. Hər yenilik isə özlüyündə çoxsaylı maneələri dəf etmək və özünü təsdiq etdirə bilmək mərhələsindən keçməyə məhkumdur. Ona görə də çoxqütblü dünya nizamına keçid ağrılı və uzunmüddətli adaptasiya tələb edən bir proses kimi qarşımıza çıxır". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu uzunmüddətli və gərgin keçid kontekstində milli təhlükəsizliyi təmin etmək olduqca çətin və milli vəzifədir: "Xüsusilə tarixən mürəkkəb geostrateji rayon kimi xarakterizə edilən Cənubi Qafqazda bu vəzifənin öhdəsindən gəlmək strateji uzaqgörənlik, qətiyyətli siyasi iradə və mümkün geostrateji gedişləri əvvəlcədən dəqiq proqnozlaşdıraraq qərar qəbul etməyi tələb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək hələ də region ölkələrinin və bütövlükdə dünyanın adaptasiya olunmaqda çətinlik çəkdiyi yaxud qəbul etmək istəmədiyi yeni reallıqlar yaradıb. Belə olan halda əlbəttə milli təhlükəsizlik problemləri daha da aktuallıq kəsb etməyə başlayıb. Ona görə də məhz indi, dünyada baş verən qlobal geostrateji zəlzələlər və post-sovet məkanının yenidən dizayn edilməsi kontekstində Azərbaycan etibarlı və nüfuzlu müttəfiqlərlə öz milli təhlükəsizliyini təmin etmək çağırışı ilə üzləşib.

Birinci mərhələdə Azərbaycan qardaş Türkiyə ilə Şuşa bəyannaməsini imzalamaqla qərb istiqamətində bu məsələni etibarlı şəkildə həll edib. Milli təhlükəsizliyin ikinci strateji istiqaməti şimal istiqamətidir ki, bu istiqamətdə də qonşu Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrinin qurulması tarixi zərurətə çevirilib. Əslində hamıya aydındır ki, Cənubi Qafqazda Rusiya Federasiyasının iştirakı olmadan sülh və sabirlikdən danışmaq olmaz. Bu bir geostrateji reallıqdır. Belə olan halda yalnız praqmatik və rasional siyasi qərərlar qəbul etməklə uzunmüddətli sülhə nail olmaq olar. Əslində Azərbaycan Cənubi Qafqazın ən böyük və uzunmüddətli münaqişəsinə son qoymaqla sülh və əməkdaşlıq üçün yaxşı perspektivlər yaradıb. Bu prosesdə Rusiyanın oynadığı pozitiv rol da mühüm əhəmiyyət kəsb edib və nəticə etibari ilə 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyannamədə sülhün təmin olunması ilə bağlı zəmanətçi funksiyasını üzərinə götürüb. Hazırda isə yeni yaranan qlobal siyasi reallıqlar bu istiqamətdə yeni addımların atılmasını, sülh və təhlükəsizlik üçün yeni siyasi qərarların qəbul edilməsini şərtləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin fevral ayının 21-də Rusiya Federasiyasına səfəri və səfər çərçivəsində Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanmasının nəzərdə tutulması da hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır. Təqribən 40 maddədən ibarət olan, hərbi-siyasi, sosial iqtisadi və eyni zamanda humanitar sahələri əhatə edəcək belə bir mühüm sənədin imzalanması V.Putinin də dediyi kimi Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, əvvəlcədən bu mühüm mərhələni hərbi-siyasi və geostrateji kontekstə yeni tarixi mərhələ kimi səciyyələndirmək olar: "Ona görə ki, bu müttəfiqlik yeni çoxqütblü dünya nizamında Azərbaycanı öz müttəfiqləri ilə birlikdə mümkün güc mərkəzlərindən birinə çevirəcək və regional inteqrasiyanı dərinləşdirməklə uzunmüddətli sülhə gətirib çıxaracaq. Bu isə hazırki mürəkkəb tarixi şəraitdə milli təhlükəsizliyimizi təmin etmənin ən yaxşı yoludur. Bütövlükdə isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapan əsas müddəaları aşağıdakı şəkildə qruplaşdırmaq olar.

Birincisi bu sənəd bütün hallarda ərazi bütövlüyü, müstəqillik, bərabərhüquqlu tərəfdaşlıq və bu prinsiplərin beynəlxalq hüquq o cümlədən BMT nizamnaməsi ilə tanınan bütün əsaslarını qarşılıqlı şəkildə qəbul edir. İkincisi blok iqtisadi-sosial və humanitar sahədə əməkdaşlığın daha da dərinləşməsi və inteqrasiyasını təmin etmək üçün əsas yaradır. Üçüncü qruplaşma hərbi-texniki əməkdaşlıq sahəsini əhatə edir. Dördüncü blok maddələr Xəzər hövzəsində əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qorunması və bu sahədə imzalanmış sənədlərin yaratdığı öhdəçiliklərin yerinə gtirliməsinin vacibliyini qeyd edir. Beşinci qrup maddələr yeni reallığın yaranmasında Rusiyanın oynadığı mühüm rolu təsbit etməklə 10 noyabr 2020, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərdə razılaşdırılmış müdəaların yerinə gətirilməsinin vacibliyini qeyd edir. Yeni və müttəfiqlik anlayışının məzmunu baxımından ən əhəmiyyətli məsələlər isə 4 , 6 ,7 və 11-ci maddələrdə öz əksini tapır ki, bunlar Rusiya-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran əsas maddələrdir.

Məsələn 4-cü maddəyə əsasən Rusiya Federasiyası və Azərbaycan Respublikasının aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelərdən çıxış etməsi, 6-cı maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasının tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasını qəbul etməsi, 7-ci maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasının Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsi məsələsininin qeyd edilməsi, 11-ci maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasının öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alması öhdəçiliyi götürməsi qarşılıqlı şəkildə iki dövlətin bir-birinə verdiyi təhlükəsizlik təminatı kimi çıxış edir ki, bu müddəaların hər biri iki dövlət üçün də mühüm əhəmiyyət kəsb edir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə