YAP Nərimanov rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

YAP Nərimanov rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 1” (Heydər Əliyev Mərkəzi) ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, 18 fevral tarixdə keçirilən hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev,YAP Nərimanov rayon təşkilatının və ərazi partiya təşkilatının YAP üzvü olan əməkdaşları iştirak etmişdir.

İlk olaraq gündəlikdə duran məsələlər barədə məlumat verilib. Bildirilib ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ - ərazi partiya təşkilatı sədrinin partiyanın VII Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, həmçinin, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq.

Sonra ərazi partiya təşkilatının sədri Məhəmməd Abdullayev geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən müddət ərzində ərazi partiya təşkilatının fəaliyyəti və görülən işlərdən bəhs edib.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər, beləliklə, hesabat məruzəsi səsə qoyularaq qəbul edilib.

Yığıncaqda təşkilati məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev yenidən “Heydər Əliyev prospekti 1” ünvanlı ərazi partiya təşkilatının sədri, protokol şöbəsinin baş mütəxəssisi Esmira Vəliyeva isə sədr müavini seçiliblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildiriblər.

Daha sonra Partiya sıralarına qoşulan yeni üzvlərə Partiyanın üzvlük vəsiqəsi təqdim olunub.

Sonda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına Yeni Azərbaycan Partiyasının qurucusu olan Ulu Öndər Heydər Əliyev və partiyanın yaranmasından bugünədək keçdiyi şərəfli yoldan bəhs edib. S. Vəliyev partiyanın VII Qurultayından söhbət açaraq yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişiklikləri haqqında ətraflı məlumat verib, bu islahatların partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. Natiq çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Təşkilat sədri ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində yeni heyətə müvafiq tapşırıq və tövsiyələrini verib. Bununla iclas öz işini başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə