“Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında daha çevik addımlar atmalıyıq” - BAŞ REDAKTOR MÜNASİBƏT BİLDİRDİ

“Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında daha çevik addımlar atmalıyıq” - BAŞ REDAKTOR MÜNASİBƏT BİLDİRDİ

“Erməni terrorçuları tərəfindən Xocalıda dinc sakinlərə qarşı törədilən soyqırım aktından artıq 30 il keçib. 20-ci əsrin ən dəhşətli soyqırımı aktları arasında yer alan Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində bu illər ərzində çox iş görülüb. Xüsusilə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası ilə dünyaya səs salmağı bacardıq”. “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 10-dan artıq ölkənin parlamenti, ABŞ-ın bir sıra ştatı Xocalı qətliamını soyqırımı kimi tanıyıb: “Təbii ki, bu, dünyanın Xocalı həqiqətlərini olduğu kimi qəbul etdiyi anlamına gəlmir. Unutmamalıyıq ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, haqq işimizə layiqli dəstək əldə etmək üçün atdığımız addımların qarşısında çox güclü maliyyə və siyasi dəstəyə malik erməni lobbisi var. Bu maneə bizim Xocalı soyqırımını dünyada tanıtmaq siyasətimizin qarşısında daima olacaq. Bu səbəbdən, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra qazandığımız möhtəşəm qələbənin fonunda hücum diplomatiyamızı davam etdirməli, Xocalı həqiqətlərinin daha geniş auditoriya tərəfindən qəbul edilməsi işində daha çevik addımlar atmalıyıq. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz erməni vəhşiliyini heç bir zaman unutmamalı, xalqımızın başına əsrlər boyu gətirilən müsibətləri gənc nəsilə olduğu kimi çatdırmalıyıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə