Ermənistanın siyasi dairələri 44 günlük müharibədə acı məğlubiyyətlərini kompensasiya etmək üçün bu dəfə diplomatik sahədə hərəkətə keçiblər. Qondarma dövlətin "müstəqillik" əldə etməsinin və xarici ölkələrlə diplomatik əlaqələr yaratmasının 30 illiyi münasibətilə səfirlərin keçirdiyi görüşlər diqqəti cəlb edir. Məsələn, Ermənistanın XİN başçısı Ararat Mirzoyan iranlı həmkarına ünvanladığı təbrik məktubunda iki ölkə arasında əlaqələrin 30 illiyindən danışır və arada "Arçax müharibəsində Ermənistana verdiyiniz dəstəyə görə qardaş İran dövlətinə minnətdarıq" deməyi də unutmur. Bununla sanki İran rəsmilərinə, xüsusən də dünya ictimaiyyətinə bildirmək istəyir ki, Ermənistan 44 günlük müharibədə haqlı olub və ona görə də xaricdən dəstək alıb. Əslində Ermənistan ədalətsiz müharibənin işğalçı rolunu oynayan tərəfidir, amma özünü haqlı, işğala məruz qalan tərəf kimi təqdim etməyə çalışır. Belə misalları istənilən qədər davam etdirmək olar. Dünən Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsın hərəkəti isə bütün cizgiləri aşıb.
Deməli, erməni səfir ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, konqresmen Ceyms MakQovern ilə görüşüb. L.Makunts adəti üzrə konqresmenə "Ermənistan və Artsax məsələlərinə daimi köməyə görə və Ermənistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar" minnətdarlığını bildirib və... Və konqresmenə "Mxitar Qoş" adına dövlət mükafatını təqdim edib. Bu, artıq həyasızlığın lap yuxarı həddidir desək, kimsə bizi qınamaz. Ermənilərin nəinki Azərbaycana, eyni zamanda bütün qonşu xalqlara aid mədəni, milli, tarixi dəyərlərini öz adlarına çıxmaları yeni deyil. Neçə illərdir ki, bu saxta millətlə bütün cəbhələrdə savaş gedir. Azərbaycanın milli mətbəxinə aid olan dolma, lavaş, lülə kabab, basdırma, plov kimi yeməkləri, rəqsləri, mahnıları ermənilər tərəfindən çoxdan mənimsənilib və elə təbliğ olunur ki, bu adların mənasını bilməyənlər adıçıkilən təamların həqiqətən ermənilərə aid olduğunu düşünər. Bu proses bu gün də davam edir.
Gələk erməni səfirin konqresmenə verdiyi Mxitar Qoş mükafatına. Məsələdən bixəbər olanlar, deyər ki, burada nə var, Mxitar yəqin ermənidir və onun adına mükafat təyin etmək də onların öz işidir. Yox, Xeyir, Net, No, Mxitar Qoşun ermənilərə heç bir aidiyyatı yoxdur. O nə ermənidir, nə də ermənilərə dəxli var. Mxitar Qoş albandır. Azərbaycanlılar Qafqazda Albaniya dövlətini yaratmış albanların varisi hesab edirlərsə erməni səfirin bu addımına qarşı hərəkətə keçməlidirlər. Ermlər Akademiyası, onun institutları, tarixçi alimlər, albanşünaslar haradadırlar? Niyə bir reaksiya yoxdur? Keçmişimizə bu qədər laqeydlikmi olar? Yoxsa Mxitar Qoş həqiqətən ermənidir, bizim xəbərimiz yox? Bu günkü laqeydliyimiz ucbatından Mxitar Qoşu mənimsəyən ermənilər, sabah Əlini, Vəlini, Bakını, Şəkini də asanca mənimsəmək iddiasına düşəcəklər.
Bəs Mxitar Qoş kimdir?
Sənədlərə müraciət edək:
Mxitar Qoş - Qafqaz Albaniyası tarixşünaslığının və mədəniyyətinin tanınmış nümayəndələrindən biridir. Mxitar Qoş külli miqdarda pritşaların, təmsillərin, məşhur Qanunnamənin, Alban salnamələrinin və yeganə aqioqrafik əsəri olan Gəncəli Xosrovun əzablı həyatı (Gəncəli Xosrovun şəhid olması) əsərinin müəlllifidir.
Həyatı
Mxitar Qoş Gəncə şəhərində doğulmuş, öz doğma şəhərini şəhərlərin anası, metropoliya adlandırmışdır. Qoş təxəllüslü məşhur hüquqşünas Mxitar təhsilini əvvəlcə vardapet Tavuşlu Yovhannesdən almış, sonra isə Kilikiyada oxumuşdur. Mxitar Qoş böyük nüfuza malik olmuş, ehkamçılıq, kilsə mərasimləri məsələlərində, eləcə də kilsə qanun-qaydaları, monastır nizamnaməsi məsələlərində onun rəyi həlledici sayılırdı. Qoş Qafqaz Albaniyası maarifçiliyinin mötəbər ocağı sayılan Nor Qetik monastırının və monastır məktəbinin yaradıcısıdır. Nor Qetiki hətta Qoşavəng (Qoşu monastırı) də adlandırırlar.
Vardan Areveltsi və Vanakan Vardapet Mxitar Qoşun tanınmış şagirdləri olmuşlar. Hazırda Mxitar haqqında əlimizdə olan məlumatların əksəriyətini Vanakanın yetirməsi, Qoşu özünün mənəvi babası adlandıran Gəncəli Kirakos yazıb qoymuşdur.
Mxitar Qoş Gəncədən Xaçına köçmüş və Qetik monastrında məskən salmış, 1131-ci il zəlzələsi monastrı dağıdana qədər burada qalmışdır. Sonra Xaçın knyazı Vaxtanqın və onun yaxın adamlarının köməyi ilə Nor Qetik (Yeni Qetik) monastrını yaratmış və ömrünün sonuna qədər burada yaşamışdır.
Bəzi tədqiqatçılar əssasız olaraq Mxitar Qoşu erməni müəllifi adlandırırlar. Lakin faktlar onun alban əsilli olduğunu sübut edir. Məsələn, Mxitar Qoş əsərin yazıldığı dövrü, ölkənin siyasi vəziyyətini, həmin dövrdə baş verən hadisələri lakonik şəkildə şərh edərək yazır:
"...bizim məmləkətin hakimiyyətdən məhrum olduğu o uzaq illərdə: yalnız Xaçın diyarında cəmi bir neçə knyazın qaldığı o vaxtlarda, Həsən adlı knyazın rahibliyi qəbul etdiyi o günlərdə və onu Xayterk (Fəridə Məmmədovaya görə Aterk) adlı qalada yaşayan və digər knyazların başçısı sayılan oğlu Vaxtanqın dövründə və Kilikiyada böyük knyaz Rubenin dövründə, müzəffər Gürcüstan çarı Georginin öldüyü və baş yepiskop Stefanın bizim Alban ölkəsində hakimiyyətdə olduğu dövrdə...
İ.A.Orbeli qeyd edir ki, Qoş bu fraqmentdə özü üçün doğma olan Albaniyanın (Xaçın, Arsaq) böyük knyazını Kilikiyanın böyük knyazına, yaxın gələcəkdə ölkənin kralı olacaq hökmdara bərabər tutur, Albaniyanı bizim çarlıq, bizim Alban ölkəsi adlandırır. İ.A.Orbelinin diqqətəlayiq başqa bir müşahidəsi də odur ki, Mxitar Xaçın knyazlarından danışanda o dövrün güclü erməni tayfalarının nümayəndələri olan Zaxariya və Dolqorukilərin adını çəkmir. Əksinə Qanunnamənin giriş hissəsindən və Kirakos Gəncəlini onun haqqında verdiyi məlumatlardan aydın olur ki, Qoş albaniyalı xristian olmuş, Alban kilsəsinin vardapeti (müəlllimi) vəzifəsini daşımışdır.
Bütün bu faktlara baxmayaraq, erməni müəllifləri öz əsərlərində Mxitar Qoşun "erməni xalqı qarşısında xidmətləri"ndən danışaraq onu israrla erməniləşdirməyə çalışırlar. Lakin Azərbaycanda Albanşünaslığın ən böyük alimlərindən biri Fəridə Məmmədova öz əsərlərində Qoşun məhz alban tarixçisi olduğunu sübut edir. O yazır:
1) Qoşun dini fəaliyyətlə məşğul olduğu yer tarixi Qafqaz Albaniyasının hüdudları olmuşdur: "Onun yanında çox adam vaizlik sənətinə yiyələnmişdir, çünki onun müdrikliyi barədə səs-soraq hər yana yayılmışdı, hər yerdən onu yanına gəlirdilər. Sonra Vardapet rütbəsinə malik bir çox adam onun şöhrətini görüb öz rütbəsini gizlədir, onun şagirdlərinə qoşulub oxuyr və təzədən Mxitarın yanına gəlir, rütbə alırdılar. Onun şagirdlərindən bir çoxu Vardapet rütbəsi almaq şərəfinə nail olmuşdu. "(Kirakos Gəncəli, XV fəsil) Kirakosun özünün gələcək müəllimi, Albaniyalı Vanakan Mxitar Qoşun adlı-sanlı yetirmələri olmuşlar. Bəs onda bunun harası "erməni xalqına xidmət" olur?
2) Qoşun yaradıcılıq fəaliyyəti: albanların, alban torpağının, alban ölkəsinin tarixini əks etdirən, habelə IV əsrdən tutmuş XII əsrə qədərki dövrdə alban patriarxlarının siyahısı verilən Alban salnamələri əsəri, alban katalikosu III Stepanosun xahişi və tələbi ilə yazılmış,alban əhalisinə xidmət üçün nəzərdə tututlan Qanunnamə əsəri, yenə də alban xristianlarının həyatına həsr olunmuş Gəncəli Xosrovun əzablı həyatı adlı aqioqrafik əsəri. Elə yalnız adı çəkilən əsərlərindən görünür ki, Mxitar Qoşun "özünü bütövlükdə erməni xalqına həsr etməsindən" danışmağa belə dəyməz. O ki qaldı A.Ş.Mnatsakanyanın Qoşu və onun Qanunnaməsini erməni xalqının tarixinə bağlamaq cəhdinə, deməliyik ki, onun heç bir elmi əsası yoxdur. A.Ş.Mnatsakanyanın verdiyi məlumatlar və onun öz məntiqi həmin fikrin əksini deyir.
A.Ş.Mnatsakanyana görə Qoş gürcü yepiskopu Kyürion haqqında eşidəndən sonra yazmışdır ki, "Syünik və Aqvan taxt-tacının onun səltənətindən daha böyük şöhrətə malik olması onu paxıllıq girdabına saldı və bizi tərk etdi. "Bu passajda A.Ş.Mnatsakanyanın xeyrinə bircə işarə də yoxdur. O, "bizi" əvəzliyindən yapışmağa cəhd göstərir. Xatırladaq ki, Kyürion ermənilərin və albanların mənsub olduqları monofizit təriqətindən əl çəkib uzaqlaşmışdı və buna görə də "bizi" deyəndə Qoş şübhəsiz ki, albanları nəzərdə tuturdu. A.Ş.Mnatsakanyan Qoşu "erməni və dünya hüquq fikrinin dahi nümayəndəsi adlandırır və elə oradaca onun "Ermənistanın Şərq əyalətlərində daha geniş" fəaliyyət göstərdiyini qeyd edir. "Ermənistanın Şərq əyaləti" dedikdə isə istər A.Ş.Mnatsakanyan, istərsə də digər erməni tədqiqatçıları sağsahil Albaniyasını, yəni Kür və Araz çayları arasındakı ərazini nəzərdə tuturlar. Beləliklə hər iki halda Qoşun alban müəllifi olduğu sübuta yetirilir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB