Geri qaytarılan erməni hərbçilərini nə gözləyir? ANALİTİK+AKTUAL

Geri qaytarılan erməni hərbçilərini nə gözləyir? ANALİTİK+AKTUAL

Erməni KİV-ləri Bakıdan İrəvana verilən erməni hərbçilərinin kədərli aqibətlərindən yazırlar

Məhz Azərbaycan dövlətinin humanizm prinsiplərinə söykənərək istər 44 günlük müharibədən sonra, istərsə də sonrakı müddətdə - yəni Ermənistanın təxribatçı əməlləri nəticəsində yaşanan sərhəd eskalasiyalarında əsir düşmüş erməni hərbçilərini öz ölkələrinə geri qaytarılması prosesi beynəlxalq dairələr tərəfindən də yüksək qiymətləndirilir. Zaman-zaman həyata keçirilən bu prosesin özü artıq kifayət qədər sübut edir ki, hələ birinci Qarabağ müharibəsi dövründə öldürülmüş, yaxud itkin düşmüş vətəndaşlarımız barədə məlumat verməkdən yayınan, qanlı cinayət faktlarını gizlədən Ermənistandan fərqli olaraq Azərbaycan daim insani dəyərlərə ali qiymət verməklə bir daha öz üstünlüyünü sübuta yetirmiş olur.

Lakin bütün bunlarla yanaşı, Ermənistanın nəinki azərbaycanlılara qarşı, hətta öz vətəndaşlarına qarşı vəhşi davranışları artıq danılmaz faktlara söykənir və bunu məhz erməni KİV-ləri yazır, ictimai rəyi danışır.

“Azərbaycandan geri qaytarılan əvvəlki hərbçilərin aqibətlərini nəzərə alsaq, onların bəzilərinə cinayət işləri açılacaq və bir-birlərinin ardınca ştamplanacaqlar”

SİA xəbər verir ki, artıq Ermənistanda Azərbaycan tərəfindən geri qaytarılan hərbçilərə qarşı amansız davranışlara start verilib. Hətta onların içlərində elələri də var ki, sərhəddəki silahlı insidentlər zamanı yaralı şəkildə əsir düşüblər və Azərbaycanın həbri hospitallarında onlara yüksək səviyyəli tibbi xidmətlər göstərlib, cərrahiyyə əməliyyatları keçirilib, onların həyatları xilas edilib. Lakin bu gün “Azərbaycan erməni həbrçilərini əsir saxlayaraq onlara işgəncələr verir” tipli şər-böhtanlar yağdıran Ermənistanın özündə həmin şəxslərə qarşı hansı davranışların göstərilməsini elə onların öz dillərindən də eşidə bilərik.

Beləliklə, Ermənistanın tanınmış saytlarından olan armenianreport yazır ki, fevralın 4-də Avropa İttifaqının rəhbərliyinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Fransa və Ermənistan prezidentləri Emmanuel Makron və Nikol Paşinyanın videokonfransı zamanı əldə edilən razılaşmalara əsasən, geri qaytarılan 8 erməni hərbçisi ölkələrinə gələr-gəlməz onları istintaq komitəsi sorğulamaq üçün qamarlayıb-aparıb. “Valideynləri və qohumları onları qarşılayaraq qucaqlamağa macal tapmamış Ermənistanın Baş hərbi istintaq idarəsinin istintaq komitəsi geri qaytarılanları qaparaq-apardı. Azərbaycandan geri qaytarılan əvvəlki hərbçilərin aqibətlərini nəzərə alsaq, onların bəzilərinə cinayət işləri açılacaq və bir-birlərinin ardınca ştamplanacaqlar”, deyə erməni KİV-i yazır.

“Bizim hərbçilər heç bir atəş açmadan, sadəcə, silahlarını yerə qoymaqla qarşı tərəfin tələbinə əsasən əsir düşürlər”

Müəllif yazır ki, o geri qaytarılmış hərbçiləri heç də qəhrəmanlaşdırmaq istəmir, amma eyni zamanda, onların cinayət məsuliyyətinə cəlb edilmələrinə qarşı çıxış edir. SİTAT: “Əsir götürülməyin şəraitləri müxtəlif olur. Üstəlik, müharibədən sonra – hansı ki, ordumuz ruh düşkünlüyündədir. Və hərdən bizim hərbçilər heç bir atəş açmadan, sadəcə, silahlarını yerə qoymaqla qarşı tərəfin tələbinə əsasən əsir düşürlər. Lakin bu məsələ cinayətdən daha çox mənəvi məsuliyyətdir. Ona görə də Ermənistan vətəndaşı olan hər hansı şəxs birmənalı qaydada inanmalıdır ki, vətənləri onların evlərinə geri dönmələri üçün hər şey edəcək və əsir düşmək faktoru əsla onlara qarşı istifadə edilməyəcək, nə indi, nə də gələcəkdə”.

Armenianreport geri qaytarılanların bir müddət xüsusi xidmət orqanlarının müşahidəsi altında qalacaqları ilə bağlı istisnalar etməyib və iddia edib ki, guya bu vasitə ilə onların Azərbaycan tərəfindən “verbovka” olunub-olunmayacaqları öyrəniləcək (?!).

Müəllif Ermənistanı İsraillə fərqləndirir: “Bizim dövlət onlara bütün yardımları, köməklikləri etmək yerinə, hüquq-mühafizə orqanlarının əllərinə verir”

Müəllif ölkəsini İsraillə fərqləndirərək 2006-cı ilin yayında israilli kapral Qalid Şalitin Həmas qruplaşmasına əsir düşməsini də xatırladıb və qeyd edib ki, onun haqqında yüzlərlə məqalə yazıldı. Lakin İsraildə insan həyatı yüksək dəyərləndirilir və ona görə də SAXAL döyüşçülərinə instruksiya verilir ki, əsir düşərlərsə tələb edilən bütün sorğu-suallara cavab versinlər - əsas sağ qalmaqdır...

“İsraildə əsirlikdən qayıdanlar barəsində xain və ya xalq düşməni kimi düşüncələr jaqqında danışmaq artıqdır. Əsas odur ki, onlar sağdırlar və evlərindədirlər”, deyə sayt yazır və sual edir: bəs bizdə? SİTAT: “Ermənistan hakimiyyəti hərbçiləri geri qaytarmağa cəhd göstərsələr də, onları evlərində sevinc hissi olmadan qarşılayırlar. Misal üçün, bu ərəfələrdə vətənlərinə geri dönən 8 hərbçini Fransanın Ermənistandakı səfiri Ann Luyo və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin qarşıladı. Bəs hansı müdafiə naziri, baş qərargahın rəisi, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri? Bizim dövlət onlara bütün yardımları, köməklikləri etmək yerinə, hüquq-mühafizə orqanlarının əllərinə verir”.

“Dövlət onları vətən xaini və satqın elan edirsə, ölkəmizin bir çox gəncləri bu vətənin müdafiəsində dayanacaqlarmı?”

“Və əgər kimsə düşünürsə ki, belə vasitə ilə başqa hərbçilərə dərs verirlər, yəni baxın və görün, əsir düşsəniz başınıza nələr gələ bilər, bu məsələ əks effekt verə bilər”, deyə qeyd edən erməni saytı əlavə edir: “Məhz əsir düşsələr və bilsələr ki, vətənə geri dönərlərsə onlar düşmən elan ediləcəklər və onlara qarşı cinayət işləri qaldıracaqlar, bizim hərbi xidmətçimiz düşünə bilər: belə olan halda evə dönməyə dəyərmi?”.

Müəllif məqaləsinin sonunda ölkəsinin İsrailə bənzəmədiyini, əslində, SSRİ-nin kədərli təcrübəsini təkrar etdiyini yazıb və xatırladıb ki, əsir düşənləri əvvəldən xalq düşməni hesab edirdilər. O sonda belə bir sual edib: “Əgər vətən qayğı və diqqət yerinə əsirlikdən gələn hərbçilərin qollarına qandal vurursa, onları vətən xaini və satqın elan edirsə, ölkəmizin bir çox gəncləri bu vətənin müdafiəsində dayanacaqlarmı?”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə