Prezident İlham Əliyev: “Bu sənədlərin hamısında tələb eynidir - Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin” ŞƏRH
"Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələri var. Bu sənədlərin hamısında tələb eynidir – Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bu, bizim suveren hüququmuzdur”. Bunu Prezident İlham Əliyev yanvarın 30-da "Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycanın dövlət başçısının 60 illik yubileyinə həsr olunmuş "Hakimiyyət formulu” verilişində deyib.
"Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil"
Dövlət başçısı dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir: «Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim!...Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq."
Bəli, Prezident İlham Əliyev ölkənin rəhbəri kimi 18 illik fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsi, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür.
Xalqı ona görə cənab Prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. 2018-ci il 11 aprel Prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz.Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Xüsusilə də, Azərbaycanın haqqın, ərazi bütövlüyü uğrunda apardığı İkinci Vətən Müharibəsində Azərbaycan xalqının 30 illik həsrətinə 44 gün ərzində son qoymaqla bütün dünyaya sübut etdi ki, «Dağlıq Qarabağ problemi yoxdur!» deməklə Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! Çünki bu Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyat, güclü dövlət, güclü ordu, rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə nail oldu. Dünya miqyasında öz xüsusi çəkisi, yeri olan Azərbaycan Prezidenti İlham Əliyev - haqqa, ədalətə gedən yolun qalib lideri, yeni bir tarix yazan sərkərdə 44 gün ərzində Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Məhz bu gün ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Ərazi bütövlüyümüzün bərpası işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da bizim olacaq! Qarabağ Azərbaycandır!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB