Separatçılar rus “papası” axtarışında TƏRS BAXIŞ+ÖZƏL

Xankəndi separatçıları birdəfəlik anlamalıdırlar ki, onların sayıqlamaları qulpuqırıq, çürük bir zənbildir, ələ götürülən kimi qırılıb-yerə düşəcək, içindəki “ideyaları” isə patam-parça olacaq

Son vaxtlar Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdikləri ərazilərimizdə, daha dəqiq desək, hələ də separatçıların qaldıqları və zaman-zaman törətdikləri təxribatçılıqları ilə regiondakı vəziyyəti gərginləşdirməyə cəhd etdikləri Qarabağ ərazilərimizdə yeni ifadə meydana çıxıb – “Qarabağın rus icması” (?!). Əslində, Ermənistanın 2020-ci ilin 10 noyabrındakı məğlubiyyətindən sonra separatçı quldur formalaşmalarının mövcud olduqları ərazilərdə belə bir “mövzunun” ortaya atılması dəryada batarkən saman çöpündən yapışmaq cəhdinə bənzəyir. Artıq separatçı-quldur yığnağı yaxşı bilir ki, İrəvan onlardan əlini üzüb və belə olan situasiyada onlar son anda rusların arxalarına sığınmaqla birtəhər öz gərəksiz mövcudluqlarını qoruyub-saxlaya biləcəklərini sanırlar.

Sözügedən “ideyanı” Qarabağda həyata keçirməyə cəhd edərkən bu dəfə öz xilaslarını rusların arxalarına sığınmaqla axtarırlar

Lakin bütün bunlara baxmayaraq, İrəvanın istər müxalifət, istərsə də iqtidar cinahlarında revanşistlərin hələ də mövcud olmaları sirr deyil. O da əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə müsahibəsi zamanı vurğuladı ki, Ermənistanda istər müxalifət, istərsə də hakimiyyət sıralarında revanşistlər qalmaqdadırlar. Məhz həmin revanşistlər sözügedən “ideyanı” Qarabağda həyata keçirməyə cəhd edərkən bu dəfə öz xilaslarını rusların arxalarına sığınmaqla axtarırlar. Bu xüsusda biz onu da unutmamalıyıq ki, ermənilər ən alçaq hərəkətlərə qədər gedə biləcək məxluqlardırlar və bunu da dövlətimizin başçısı müsahibəsi zamanı xüsusilə vurğuladı. Bir epizodu xatırlatdı ki, İkinci Qarabağ müharibəsində erməni hərbçiləri rusların arxalarında gizlənməklə Azərbaycan əsgərlərinə atəş açdılar, cavab atəşində isə rusları irəli verməklə Rusiyanı münaqişəyə cəlb etməyə çalışdılar. Və belə olan halda yenə də rus kartından istifadə etməklə Qarabağda “rus icması” məsələsinin qabardılması arxasında əsl maraqların nədən ibarət olması artıq kimsəyə sirr deyil.

Separatçılar da Paşinyanın planlarından kifayət qədər xəbərdardırlar və 290 milyon dollarlıq maddi yardımın onları başından eləmələri üçün ayrıldığını gözəl bilirlər

Bu gün Nikol Paşinyan Qarabağ separatçılarına 290 milyonluq vəsait ayırarkən bəlkə də bunu istəmədən edir, çünki yaxşı bilir ki, “artsax” məsələsi birdəfəlik bağlanıb. Sadəcə, o öz siyasi maraqlarını qorumaq və qarabağlı ermənilər tərəfindən dəstəklənmək üçün belə addıma gedə bilərdi və çox yəqin ki, belə də olub. Çünki separatçıların quldurbaşısı Araik Arutyunyanın da onu “xəyanətkar” adlandırması hazırkı dövrdə sərf etmir. Bəlkə də Nikol Paşinyan dua edir ki, bircə Qarabağ məsələsi birdəfəlik Ermənistandanın yaxasından düşsün və o da fəaliyyətini yalnız Ermənistanın idarəçiliyi üzərində qursun. Amma görünür, ermənilərin bu aşı hələ çox sular aparacaq…

Separatçılar da Paşinyanın planlarından kifayət qədər xəbərdardırlar və 290 milyon dollarlıq maddi yardımın onları başından eləmələri üçün ayrıldığını gözəl bilirlər. Ona görə də “ehtiyat tədbirlərini” bəri başda görürlər. Və bu gün “rus icması” adı altında hətta ayrı-ayrı ermənilərin öz soyadlarını dəyişdirərək ruslaşdırmaları prosesini həyata keçirirlər. Necə deyərlər, etnik xüsusiyyətlərini dəyişmək bahasına olsa belə, özlərinə rus “papası” axtarışına çıxırlar.

Rusiya da yaxşı bilir və dərk edir ki, Qarabağın “ruslaşdırılması”, ya da “rus icması” adlı sərsəm “ideyanın” ortaya atılması əsla və heç vaxt bu bölgəni, regionu Azərbaycandan qopara bilməz

Ancaq Qarabağın erməni separatçıları ən əsas faktoru unudurlar – yoxsul Ermənistan büdcəsindən bu ölkənin vergi ödəyicilərinin hesabına aldıqları vəsaitlərlə lazımsız layihələri saxlamaq heç kimə sərf etmir, hətta Rusiyaya da! Çünki Rusiya da yaxşı bilir və dərk edir ki, Qarabağın “ruslaşdırılması”, ya da “rus icması” adlı sərsəm “ideyanın” ortaya atılması əsla və heç vaxt bu bölgəni, regionu Azərbaycandan qopara bilməz.

Onlar dərk edirlər ki, separatçı Abxaziyanın Rusiya ilə sərhədləri var, həmçinin, Qara dənizə çıxışı da mövcuddur, bu regionda az-çox iqtisadi potensial da görünür. Gürcüstanın Sxinvali (Cənubi Osetiya) regionundakı separatçıların da Rusiya ilə sərhədləri var. Hətta qondarma “Donetsk Xalq Respublikasının” və “Luqansk Xalq Respublikasının” da Rusiya tərəfindən həzm edilməsi baş verə bilər və biz bunu yazmaqla heç də qonşu ölkələrin, o cümlədən partnyorlarımızın ərazilərinin belə bir vəziyyətdə qalmalarını nə arzulayır, nə də istəyirik. Sadəcə, qeyd etmək yerinə düşərdi ki, qeyd edilən regionların hər birinin Rusiya ilə müəyyən dərəcədə bağlantıları, sərhədləri var.

Ruslar demişkən, “tak çto, mnoqo ne baluytes, a to oçen bolno budet”

Lakin qondarma - heç bir iqtisadi perspektivləri və resurs bazaları olmayan, bütün tərəflərdən Azərbaycanın komando birliklərinin, hərbi hissələrinin mühasirəsində qalan saxta “artsax” adlı 3 min kvadrat kilometrlik ərazilərin Rusiya ilə ümumiyyətlə bağlılığı, sərhədləri mövcud deyil. Bütün bunları nəzərə almaqla Xankəndi separatçıları birdəfəlik anlamalıdırlar ki, onların sayıqlamaları qulpuqırıq, çürük bir zənbildir, ələ götürülən kimi qırılıb-yerə düşəcək, içindəki “ideyaları” isə patam-parça olacaq.

Ola bilsin ki, onlar “rus icması” adı altında hansıa axmaq “ideyalarını” dilə gətirsinlər, hətta rus dilini də yaxşı öyrənə bilərlər, amma unutmamalıdırlar ki, Azərbaycan dilini öyrənmək artıq onlar üçün vacibiyyata çevrilir, çünki yaşadıqları dövlətin ərazisində bu dili bilmək onların boyunlarının borclarıdır! Ruslar demişkən, “tak çto, mnoqo ne baluytes, a to oçen bolno budet” (çox da şuluq etməyin, yoxsa lap çox ağrıdar-R.R.)

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə