Ərdoğan Putinlə daha çox balanslaşdırılmış siyasət yürüdür - POLİTOLOQ MÖVQE BİLDİRDİ

“Əslində Ərdoğanla Putin arasında yaxınlıq Amerikanı ona görə narahat edir ki, o, yeni birlikdən qorxur. ABŞ bilir ki, Türkiyənin ordusu ABŞ ordusundan sonra ikinci olsa da öz imkanlarına, döyüş qabiliyyətinə və indiki müasir təminatına görə heç də ABŞ ordusundan geri qalmır, onla bərabər səviyyədədir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq Cümşüd Nuriyev qeyd edib ki, ikincisi isə onlar çox gözəl başa düşürlər ki, Amerikada da çox güclü siyasətçilər var: “Onlar anlayırlar ki, Türkiyənin Rusiya ilə münasibətlərinin olması ABŞ-ın planlarına uyğun deyil. Çünki, ABŞ bir növ Rusiyanın çökməsini istəyir, onun resurslarına sahiblənmək istəyir. Eyni zamanda Rusiya-Çin münasibətlərinin yaxşılaşmasını istəmirlər. Belə götürəndə ABŞ-ı başqa bir şey də narahat edir, Qazaxıstan məsələsində Putin birmənalı şəkildə Ərdoğanı eşitdi. Bu o deməkdir ki, artıq Ərdoğanın siyasi yükü kifayət qədər böyükdür. Bu da getdikcə Amerikanı narahat etməyə bilməz. Lakin başqa bir layihədə heç də deməzdim ki, Ərdoğanla Putin o qədər yaxın münasibətdədir. Çünki, Qərbin Ukrayna layihəsində Ərdoğan çox ağıllı mövqe tutur, yəni o, Ukraynanın yanındadır. Fikir verirsizsə, Azərbaycan da bu məsələlərdə daha çox Ukraynanın ərazi bütövlüyünü və mövqeyini dəstəkləyir. Ona görə də burada Ərdoğan Putinlə daha çox balanslaşdırılmış siyasət yürüdür”.

Politoloq vurğulayıb ki, gələcəkdə necə olacağını indidən demək çətindi, amma bütün hallarda Türkiyə əsas özünün və Azərbaycanın maraqlarına uyğun olaraq Rusiya ilə hərəkət edir: “Başqa bir məsələ də var ki, məhz Ərdoğanın Putinlə yaxınlaşması Azərbaycanın Qarabağı azad etməsində çox mühüm rol oynadı, siyasi açar statusuna düşdü. Buna görə də bunu yaddan çıxarmaq olmaz. Lakin onların münasibətləri nə qədər yaxşı olsa Azərbaycanda bir o qədər siyasi sabitlik olar. Ermənistan və onu dəstəkləyən qüvvələr də cənab Prezident İlham Əliyevin hakimiyyətdən getməsini, daha çox liberal bir adamın hakimiyyətə gəlməsini istəyirlər. Ona görə də bu münasibətlər nə qədər yaxşıdırsa bir o qədər Azərbaycan üçün faydalıdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə