Dmitri Solonnikov: “Koçaryanın və Sarkisyanın yenidən prezident olmaq şansı yoxdur” - ŞƏRH

Xəbər verildiyi kimi, Ermənistan prezidenti Armen Sarkisyan Ermənistan prezidenti vəzifəsindən istefa verib. Ermənistan mətbuatının yazdığına görə, Sarkisyan Ermənistan prezidenti postundan istefa verməsinin əsas arqumentinin onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlı olduğunu bildirib.

Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistan prezidentinin istefasının mümkün səbəbləri və potensial namizədlərin şansları ilə bağlı fikirlərini bölüşüb. Analitikin şərhini oxucularımızın diqqətinə çatdırırıq.

- Armen Sarkisyanın istefasını bir neçə aspektdən nəzərdən keçirmək olar. Onun əsas arqumenti dövlətin siyasətinə real təsir göstərmək üçün kifayət qədər səlahiyyətlərin olmamasıdır və bununla razılaşmaq olmaz. Doğrudan da, 2017-ci ildə keçirilən referendumdan sonra Ermənistanda prezidentin səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb və hətta Britaniya kraliçası belə hökmranlıq edir, lakin idarə etmir. Ermənistanda isə o, nə hökmranlıq etmir, nə də idarə edir. Bəli, bu, çox rəsmi bir formal mövqedir.

Amma Armen Sarkisyan 4 il əvvəl bu vəzifəyə gələndə buna razılıq vermişdi. O, nə ilə məşğul olduğunu bilirdi və bütün bu illər ona hər şey uyğun gəlirdi. İndi o, uyğun gəlməyi dayandırıb. Sual olunur - niyə? Məncə, burada fərqli səbəblər var. Bir tərəfdən, ola bilsin ki, onun siyasi ambisiyaları var və Ermənistanda özünün müstəqil güc mərkəzi yaratmaq istəyir.

Gücün mərkəzi nədir? Burada çox maraqlı bir məqam var. Armen Sarkisyan heç vaxt gizlətməyib ki, o, kifayət qədər “britaniyalı” siyasətçidir, uzun müddət Britaniyada yaşayıb, övladları orada təhsil alıb, ingilis isteblişmenti ilə əla münasibətləri var. Əgər Ermənistanda yeni güc mərkəzinin formalaşmasından danışırıqsa, o zaman o öz ətrafında qüvvələri birləşdirəcək şəxs roluna yaxşı uyğunlaşa bilər- nə rusiyapərəst, nə də amerikapərəst Sorosçu. Yəni bunlar Soros uşaqları deyil- Sorosun qrantları hesabına yetişdirilən gənc siyasətçilər, Rusiya elitası da deyil, Avropanın köhnə elitalarına, ilk növbədə ingilislərə yönəlib.

İndi biz İngiltərənin Qərbi Asiyada və Türkiyədə, Fars körfəzi ölkələri ilə münasibətlərdə fəal rolunu görürük. Britaniya Aİ-dən çıxdıqdan sonra çox fəal şəkildə dünyada müstəqil oyunçu roluna qayıdır. Və Ermənistanda öz siyasi strukturunu yaratmağa iddia edə bilər. İngiltərə Birinci Dünya Müharibəsindən sonra Cənubi Qafqazda ən ciddi təsirə malik idi və niyə onu geri qaytarmağa cəhd etməsin ki? Armen Sarkisyan isə bunun üçün mükəmməl fiqurdur. Ona görə də onun oyununun Britaniya kəşfiyyatının belə mürəkkəb gedişi olması variantı, Britaniya siyasi dairələrinin kartlarını erməni oyununa soxmaq ehtimalı böyükdür. Bu ilk mümkün ssenaridir.

İkinci mümkün ssenari tamamilə fərqlidir. Armen Sarkisyan Britaniyayönlü siyasətçi olmaqla yanaşı, həm də yüksək səviyyəli fizik, astrofizik, elmi dairələrdə ciddi adı olan bir şəxsdir və çox güman ki, o, sadəcə olaraq dekorativ siyasi xadim rolunu oynamaqdan yorulub, və həqiqi elmə qayıtmaq istəyir ki, bu da olduqca mümkündür. Mən inanıram ki, hər iki ssenari hələ də mümkündür.

Yəni, ya da dediyim kimi, Sarkisyanın istefası yeni britaniyayönlü güc mərkəzinin formalaşması və Ermənistan daxilində siyasi uyğunlaşma, yaxud onun elmi sahəyə getməsi ilə bağlıdır.

Gələcək prezidentliyə dair proqnozlardan danışsaq, o zaman hazırkı prezidenti parlament seçəcəyindən Nikol Paşinyan fraksiyasının tam üstünlük təşkil edəcəyi gözlənilir. O, öz adamını qoyacaq.

Düşünürəm ki, Ermənistanın yeni prezidenti Paşinyanın maraqlarını təmsil edən şəxs olacaq və nə Koçaryanın, nə də Sarkisyanın heç bir şansı yoxdur.

Onların heç biri prezidentliyə qayıtmayacaq, bu heç bir şübhə doğurmur. Öz növbəsində Paşinyan baş nazir kimi prezidentlik və parlament üzərində tam nəzarəti əldə edəcək. Bir əldə cəmləşmiş vahid siyasi güc ancaq onunla olacaq. Və sonra düşünmək mümkün olacaq ki, bu, onun Vladimir Putinlə Qazaxıstan böhranı çərçivəsində əldə etdiyi razılaşmaların nəticəsidir, Cənubi Qafqazın müxtəlif strukturlarının nümayəndələri ilə Moskvada apardığı uğurlu danışıqların nəticəsidir, yoxsa yox. Bu ona, Azərbaycan və Türkiyə ilə diplomatiyasının uğrundan, Ermənistan prezidentin mövqeyindən asılı olmayaraq Qarabağın nizamlanması məsələsini həll etmək imkanı verəcək.

İstənilən halda Paşinyan bütün məsələləri həll etmək üçün kart-blanş alacaq. Burada başqa seçim olmayacaq. O, daha çox kimi dinləyəcək- Sorosun simasında amerikalıları, yoxsa Moskvanı, bunu zaman göstərəcək. Onun kifayət qədər mürəkkəb siyasəti olacaq. Aydındır ki, o, yaxın gələcəkdə KTMT və Aİİ-nin orbitini tərk etməyəcək, buna baxmayaraq, onun müxtəlif cəbhələrdə siyasi oyununun davamı və hərəkətlərinin çoxvektorluluğu qalacaq.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...