PREZİDENT İLHAM ƏLİYEV: “Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır” TƏHLİL

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirmişdir ki, bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır: “Azad edilmiş torpaqlarda bu il geniş quruculuq-bərpa işlərinə start verildi. Deyə bilərəm ki, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Bu işlər haqqında Azərbaycan vətəndaşları müntəzəm olaraq məlumatlandırılır. Əgər mən bu haqda danışmağa başlasam, yəqin ki, bir neçə saat vaxt lazım olacaq, hər şey göz qabağındadır. Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq”. Bəli, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb. Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifə isə keçmiş məcburi köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaq, onların doğma yurdlarında xoşbəxt həyat sürmələrinə nail olmaqdır. “Qaçqın və məcburi köçkünlər” adlı bu cümlə, erməni kimi xisləti pozuq, insanlığa düşmən kəsilən bir xalqın qonşusu olmağın ağrılarını hər kəsdən yaxşı bilən, nankor ermənilərdən tarixdə olmazın mənfurluqlarına şahid olan Azərbaycan xalqı üçün ağır və həm də yaralı bir cümlədir. Bu cümlənin içində el-obasından didərgin düşmüş yüz minlərlə insanın acı taleyi, erməni faşistləri tərəfindən 20-ci əsrin əvvəllərindən bəri minlərlə azərbaycanlı körpənin şişə çəkilmiş cəsədi, qanına qəltan edilmiş qoca və qadınların ah-naləsi gizlənir.1988-ci ildən xalqımıza qarşı aparılan erməni terroru isə onunla nəticələndi ki, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü, bir çoxları isə erməni faşizminin 20-ci əsrdəki vəhşi daşnak siyasətinin qurbanına çevrildi. Məhz Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, qaçqın və məcburi köçkünlərin problemləri diqqətdə saxlanıldı, onlara qarşı dövlət qayğısı geniş xarakter aldı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi məsələlərdən biri olub.

VERİLƏN VƏDƏ SADİQLİK ÖRNƏYİ

Bu təbəqədən olan insanlara qayğı və diqqət göstərilməsi Dahi Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətini təşkil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2013-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmiş və vədini 2017-ci ilin sonunda, vaxtından bir il əvvəl yerinə yetirmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu vəzifəyə təyin ediləndən sonra ilk müşavirəsini, məhz məcburi köçkünlərin problemlərinə həsr edib və bundan dərhal sonra məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlini qoydu.Təsadüfi deyil ki, ötən il Azərbaycanın bölgələrinə 47 dəfə səfər edən dövlət başçısı bunun 32-sini işğaldan azad edilmiş torpaqlara edib, 7 dəfə Şuşaya üz tutub. Prezident Qarabağa, Şərqi Zəngəzura hər səfərində tarixi torpaqlarımızda daimi həyatın var olması üçün möhkəm bünövrələr atır, əhəmiyyətli layihələr gerçəkləşdirir. 30 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, mənfur düşmənin viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir. Azadlığına qovuşan yurdlarımızda əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda, vəhşi ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan sədaları yüksəlir. Onu da qeyd edək ki, Qarabağda, Şərqi Zəngəzurda anbaan baş verən yeniliklər Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birgə həmin bölgələrə səfərləri zamanı bir daha əyani şəkildə gözlər önündə canlanır. Mütəmadi olaraq həyata keçirilən bu səfərlər sayəsində bütün dünya bir daha Azərbaycan xalqının, dövlətinin böyük potensialını, Prezidentinin qətiyyətini, əzmini görür.

2022-Cİ İLİN “ŞUŞA İLİ” ELAN EDİLMƏSİ TARİXİ TORPAQLARIMIZA QOVUŞMAQDAN DOĞAN QÜRURUMUZUN TƏNTƏNƏSİ, EYNİ ZAMANDA, QARABAĞIN TACI OLAN ŞUŞANIN AZƏRBAYCAN XALQINA MƏXSUS OLMASININ GÖSTƏRİCİSİDİR

“Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır”. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdiyi kimi, Şuşa işğaldan azad olunduqdan dərhal sonra mədəniyyət paytaxtımızda sürətli quruculuq-bərpa işlərinə start verilib, bütün sahələr üzrə kompleks layihələr həyata keçirilib. Şuşaya səfər edən hər kəs burada erməni vandallığının izlərinin silindiyinin, qalanın milli ruhunun özünə qaytarıldığının, günbəgün çiçəkləndiyinin şahidi olur. Bütün bu işlər birbaşa ölkə Prezidentinin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Qarabağın baş tacının dirçəldilməsi, tarixi əzəmətinə qovuşdurulması dövlət başçımızın ən ümdə prioritetlərindəndir. Bu il təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşanın 270 illiyi təntənəli şəkildə qeyd olunacaq. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, böyük şairimiz Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.Bütün bunlar isə onun göstəricisidir ki, respublikamızda iqtisadi inkişaf sürətlə gedir və bu həm bütövlükdə Azərbaycanı, həm də işğaldan azad edilən yurdlarımızı tərəqqiyə doğru aparır.

BU GÜNƏ QƏDƏR ÖLKƏNİN 30-DAN ARTIQ ŞƏHƏR VƏ RAYONUNDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN 115 YENİ QƏSƏBƏ VƏ HÜNDÜRMƏRTƏBƏLİ BİNALARDAN İBARƏT YAŞAYIŞ KOMPLEKSLƏRİ SALINIB

“Bu günə qədər ölkənin 30-dan artıq şəhər və rayonunda qaçqın və məcburi köçkünlər üçün 115 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açıqlamasında bildirib. Onun sözlərinə görə, 65 min məcburi köçkün və qaçqın ailəsi, yaxud 315 minə yaxın məcburi köçün və qaçqınlar həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin edilib: “Qeyd edilən qəsəbələr dövlətin xüsusi təyinatlı mənzil fonduna aiddir. Onlar məcburi köçkün və qaçqın soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə verilib”. Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə bu kateqoriyadan olan insanlar üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Onların sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada nadir təcrübədir. Bütün bu uğurların təmin olunmasında heç şübhəsiz, bu təbəqədən olan soydaşlarımızın kompleks həllini nəzərdə tutan və Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramı və ona edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır. Çünki əhalinin rifahının yüksəldilməsini, sosial vəziyyətinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biri də məhz verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Dünyada Azərbaycan qədər qaçqınlara diqqət yetirilmir. Bəli, bu, reallıqdır. Bu reallığı bir anlığa beynəlxalq təşkilatların hesabatlarına diqqət yetirməklə aydın görmək olar. Rəsmi məlumata əsasən, hazırda dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Elə buna görədir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı özünün İcraiyyə Komitəsinə üzv seçib. İndi beynəlxalq təşkilatlar tərəfindən dinamik sosial-iqtisadi inkişaf yolunda davamlı uğurların müəllifi olan Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə hesab edilir. Bu isə Ulu Öndər Heydər Əliyevin siyasi, sosial-iqtisadi strategiyasını uğula həyata keçirən Prezident İlham Əliyevin sözügedən istiqamətdə tədbirləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsinin, doğma ocaqlarından didərgin salınan soydaşlarımızın bütün problemlərinin Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilməsinin bariz ifadəsidir.

MƏCBURİ KÖÇKÜNLƏR İNDİ BÖYÜK QAYIDIŞIN İNTİZARINDA

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsinin mahiyyətini belə ifadə edirdi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. Əminliklə deyilən bu fikirləri Azərbaycan Ordusu 44 gün müddətində gerçəkləşdirdi. Bu tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində dedi: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Uzun illər ərzində Prezident İlham Əliyevin öz ad günündə qaçqın və məcburi köçkünləri ziyarət etməsi ənənə halını alıb. Bu görüşlər dövlət başçısının milli təəssübkeşliyindən, doğma torpaqlarını və ata-baba evlərini itirmiş soydaşlarımızın dərdinə şərik çıxmasından xəbər verən alicənab bir addım kimi xalq tərəfindən həmişə yüksək qiymətləndirilib. 30 ilə yaxın müvəqqəti yaşayış yerlərinə sığınmış məcburi köçkünlər də artıq köçkün və qaçqın deyillər. Onlar azad ölkənin azad vətəndaşlarıdır. İndi onların vətəni də, doğma torpaqları da öz əllərindədir. Hələlik düşmənin özündən sonra qoyub getdiyi ölüm təhlükəsini torpaqlarımızdan təmizləyən və aradan qaldıran hərbiçilərimiz soydaşlarımızın öz vətənlərinə sağ-salamat qayıtması üçün yağmalanmış torpaqlarımızdan vəhşi düşmən izlərini silməkdə, köçkünlərimiz isə böyük ruh yüksəkliyi və ölkə başçısına sonsuz minnətdarlıq hissi ilə azad olunmuş doğma torpaqlarımızda qurulacaq yeni xoşbəxt həyatın xəyalı ilə yaşamaqdadırlar.

İlham Əliyev prezident seçildikdən dərhal sonra illər ərzində çadır düşərgələrində dözülməz şəraitdə yaşamış qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün onlara yeni yaşayış qəsəbələrinin tikilməsinə başlamışdı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünya hərb elminin səhifələrinə qızıl hərflərlə yazılan yüksək döyüş qabiliyyəti və ən müasir hərb taktikası və strategiyası nümayiş etdirdi. Şanlı Ordumuz bir milyondan çox qaçqın və köçkünlərin doğma torpaqlarını işğaldan azad etdi, uzun illər ərzində sonu görünməyən bir münaqişə ocağında sülh yaratdı və hazırda da qaçqınların tezliklə öz evlərinə qayıtması üçün lazım olan bütün addımları atmaqdadır.

Beləliklə, indi qarşıda iki böyük vəzifə durur: işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşlarımızın normal həyatının bərpası üçün lazımi infrastrukturun yaradılması və yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yurdlarına geri dönməsi. Bu hədəflərin reallaşdırılması üçün kifayət qədər resursumuz – maliyyə imkanları və insan potensialımız, ən əsası isə əzmimiz və iradəmiz var. Prezident İlham Əliyev dediyi kimi: “Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Biz hamımız cənnət guşəmiz olan Qarabağı yenidən dirçəldəcəyik”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə