Heç kim cəzadan boyun qaçıra bilməz - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri də, korrupsiya və rüşvətxorluqla mübarizədir. Bu mübarizədə kadr dəyişikliyinin, cəzalandırma sisteminin və institusional tədbirlərin əhəmiyyəti çoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, ölkədə son illərdə baş verən yeniliklərin, istər qanunvericilik aktları, istərsə də idarəetmə və struktur dəyişikliklərinin hər birində şəffaflığın təmin olunması xüsusilə nəzərə alınıb: "Şəffaflıq isə öz növbəsində korrupsiya və rüşvətxorluqla mübarizədə ən önəmli amillərdəndir. Görülən işlər həm korrupsiya və rüşvətxorluq üçün meydanın daraltmasını, həm güclü nəzarət mexanizminin icrasını, həm də belə arzuolunmaz hallar baş verdiyi halda cəza sisteminin tətbiq edilməsini əhatə edib. Son bir neçə ildə islahatlar fonunda görülən işləri izləsək, korrupsiyaya bulaşmış kadrların sərt cəzalandırılmasının şahidi olarıq.

Cənab Prezident jurnalistlərə müsahibəsində qeyd etdi ki, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Belə ki, yeni kadrlar da bəzən müəyyən müddət keçdikdən sonra göstərilən etimaddan sui-istifadə edərək əyri yola gedir. Lakin, heç kim cəzadan boyun qaçıra bilməz. Gec-tez ölkə başçısının ciddi tapşırığı ilə görülən işlərin əsasında onlar da aşkar edilərək cəzalandırılacaqlar. Burada ən önəmli amillərdən biri də odur ki, vəzifəyə təyin olunan şəxsin öz vicdanı təmiz olsun. Bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığı sahəsində də çox əhəmiyyətli işlər görülür. İctimai nəzarətin gücləndirilməsi istiqamətində görülən işlər də müsbət nəticələrə səbəb olmuşdur. Ölkə başçısı yerli televiziya kanallarında müsahibəsində də bu məsələni xüsusi vurğuladı. Qısaca deyə bilərik ki, Prezident İlham Əliyevin siyasi iradəsi və vətəndaşların rahat yaşamasına hədəflənən mövqeyi onu göstərir ki, bu istiqamətdə işlər daim və daha sürətlə davam edəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...