20 YANVAR 32 İL – Azərbaycanın istiqlal yolunun ilk zirvəsi TƏHLİL

Müdrik bir məsəl var: “Tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar”. 1990-cı il "20 yanvar" – tariximizin qanlı və şanlı səhifəsi. Rusiya şovinist, zorakı siyasətinin Azərbaycan tarixində açdığı "Qara Yanvar», «Qanlı Yanvar» - 20 Yanvar faciəsi kimi həkk olunmuş tariximizin qanlı və şanlı səhifəsi. Həmin müdhiş yanvar gecəsindən bizi tam 32 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda belə həmin günlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.

20 Yanvar faciəsindən 32 illik qısa bir tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür.

1990-CI İL YANVARIN 21-DƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BU HADİSƏDƏ ƏLİ OLANLARIN ƏLEYHİNƏ KƏSKİN BƏYANATI MİLLİ AZADLIQ HƏRƏKATININ BAŞLANMASINA CİDDİ TƏKAN OLDU

20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman Mixail Qorbaçov və ermənipərəst ətrafının səyi ilə SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, bu hadisədə əli olanların əleyhinə kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini qətiyyətlə ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatlardan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan oldu.

Əlbəttə, o zaman Azərbaycana rəhbərlik edənlər – Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, ikinci katib V.Polyaniçko və digərləri, dövrün siyasi müxalifəti sayılan və proseslərdə birbaşa iştirak edən AXC İdarə Heyəti 20 Yanvar faciəsində bu və ya digər formada siyasi və mənəvi məsuliyyət daşıyırdılar, ancaq bu qanlı əməliyyat birbaşa Kreml, Qorbaçov və onun xaricdən qısqırdılan erməni əlaltıları tərəfindən planlaşdırılmış, imperiya mərkəzinin göndərdiyi emissarlar tərəfindən zəmin hazırlanmış və SSRİ müdafiə və daxili işlər nazirləri Yazov və Bakatinin komandanlıqları altında həyata keçirilmişdi. İstər ittifaq, istər respublika rəhbərliyinin, istərsə də AXC İdarə Heyətinin 20 Yanvar faciəsindəki əsas məsuliyyəti və günahı isə bu qətliamın qarşısını almamaları, buna ciddi səy göstərməmələri, siyasi müdriklik nümayiş etdirə bilməmələri, hadisədən əvvəl və hadisə zamanı xalqı meydanlarda başsız qoyub qaçmaları, həlledici məqamda xalqın içində olmamaları, silahsız və günahsız insanları dişinə qədər silahlanmış və aqressiv təlimat almış ordu hissələri ilə üz-üzə qoymalarında idi. O zaman Azərbaycana rəhbərlik edən Əbdülrəhman Vəzirovun qətliamdan bir neçə saat əvvəl xüsusi təyyarə ilə Moskvaya qaçmasını, Xalq Cəbhəsi rəhbərlərindən isə o gecə kimsənin küçədə, xalqın yanında olmamasını xalqımız haqlı olaraq dərhal qınadı. Xalqı azadlıq, müstəqillik, böyük ideallar, milli-mənəvi dəyərlər uğrunda mübarizəyə səsləyən “liderlər” həlledici məqamda onun yanında olmadılar, yalnız səhər açıldıqdan və ara sakitləşdikdən sonra ortaya çıxaraq, imperiyanı “lənətləməyə” başladılar. Azərbaycan rəhbərliyi və Xalq Cəbhəsi həmin günlər və sonrakı dövrdə bu hadisəni yaddan çıxarıb hakimiyyət uğrunda mübarizəyə girişdilər. 20 Yanvardan sonra şəhidlərin meyitləri üzərindən addımlayaraq hakimiyyətə gələn və bu faciəni unutdurmağa çalışan Ayaz Mütəllibov komandası da, ondan sonra iqtidara gələn AXC komissarları da bu hadisəyə hüquqi-siyasi qiymət verməyə həvəs göstərmədilər. Çünki bunda maraqlı deyildilər. Birincilər bu cinayətdə bilavasitə iştirak etdikləri, ikincilər isə bu faciəyə görə mənəvi-siyasi məsuliyyət daşıdıqları üçün bunu etmədilər.

Məhz ulu öndər Heydər Əliyevin 20 Yanvardan sonra Moskvadakı məlum çıxışı, azərbaycanlıların qanını tökmüş imperiya yetkililərini ciddi ifşa etməsi müstəsna rol oynadı. Həmin çıxış o vaxtadək gözləmə mövqeyində olan Azərbaycan ziyalılarını da hərəkətə gətirdi və müstəqillik çağırışları Azərbaycanda getdikcə daha geniş kütlə arasında səslənməyə başladı. Beləliklə, 20 yanvardan sonra Xalq hərəkatı Milli-azadlıq, İstiqlal hərəkatına çevrildi.

20 YANVAR HADİSƏLƏRİNƏ DÜZGÜN VƏ OBYEKTİV HÜQUQİ-SİYASİ QİYMƏT VERİLMƏSİ DƏ MƏHZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİDMƏTİDİR

Bəli, 20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Hələ hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanatla çıxış etdi. Bunun ardınca 1990-cı ildə o, öz doğma Vətəninə – Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni Moskvadan qayıtdıqdan iki gün sonra paytaxtı tərk edərək doğulduğu Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra – 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar sədrliyi Heydər Əliyevə həvalə etdilər. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında analoji qərarlar qəbul etsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə milli azadlıq hərəkatının mərkəzi Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri məhz Heydər Əliyev oldu. Heydər Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsl mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.

Daha sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəalları Heydər Əliyevin ətrafında cəm oldular. Oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının ovaxtkı rəhbərliyi 1991-ci il martın 17-də respublikada SSRİ-nin saxlanması ilə bağlı saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. O zaman yalnız Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu saxta və antimilli referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən imtina etmiş və qarşısını almışdı. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq – 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.

AXC-MÜSAVAT CÜTLÜYÜNÜN BİRİLLİK HAKİMİYYƏTİ DÖVRÜNDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ, DÖVLƏTÇİLİYİNƏ BÖYÜK ZƏRBƏ VURULDU, ÖLKƏ VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINA GƏTİRİLDİ

1992-ci ilin mayında AXC-Müsavat dairələri o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini devirərək siyasi hakimiyyəti ələ keçirdilər. Əslində, bu həm milli azadlıq hərəkatına, həm respublikada yenicə yaranmaqda olan demokratik prosesə, həm də şəxsən Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi yolunda göstərdiyi xidmətlərinə qarşı ədalətsiz bir gediş idi. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla əlaqə yaradılmasına mane oldular. Onlar öz namizədlərinin sədr “seçilməsinin” hansısa doqquz xarici dövlətlə razılaşdırılması barədə cəfəng antidemokratik fikirlər səsləndirməkdən belə çəkinmədilər. Hakimiyyətə tam yiyələndikdən sonra Heydər Əliyevi özlərinə ciddi rəqib sayan bu adamlar bütün vacib işlərini bir kənara qoyub, onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə girişdilər, dəfələrlə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis sədrinin fiziki varlığına son qoymağa cəhd göstərdilər. Bu cür qeyri-demokratik vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi astanasına gətirildi.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN “SƏS” QƏZETİ VASİTƏSİLƏ ÖLKƏ ZİYALILARINA CAVABI AZƏRBAYCANIN MÖVCUD FƏLAKƏTLİ VƏZİYYƏTİNİN HƏRTƏRƏFLİ TƏHLİLİ VƏ ONDAN ÇIXIŞ YOLLARINI GÖSTƏRƏN DƏQİQ MİLLİ FƏALİYYƏT PROQRAMI İDİ

Gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını aydın görən bir qrup vətənpərvər Azərbaycan ziyalısı 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət etdi. Müraciət «SƏS» qəzetində dərc olundu. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Əlbəttə ki, Azərbaycanı canı qədər sevən Heydər Əliyev, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini bir lider kimi cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra – oktyabrın 24-də O, “SƏS” qəzeti vasitəsilə ölkə ziyalılarına cavab verdi. Bu, əslində, adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi. Və Bakıda qurultay keçirməsinə imkan verilmədiyi üçün ziyalılar və partiya qurucuları soyuq və şaxtalı gündə, Naxçıvanda noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilat yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda YAP-ın sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdı.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 1993-CÜ İL 15 İYUN QAYIDIŞI AZƏRBAYCANI SONRAKI LABÜD İFLASDAN XİLAS ETDİYİ TARİX

Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyətin ətrafında səfərbər olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər. Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Artıq ikinci ildir ki, xalqımız 20 Yanvar faciəsinin ildönümünü və 20 Yanvar şəhidlərinin xatirəsini xüsusi bir əhval-ruhiyyə və ovqatla yad edir. Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanmış İkinci Qarabağ müharibəsi noyabrın 10-da qalibiyyətlə başa çatmış və son əlli ildə dünyada yaşanan müharibələr içərisində “qısa müddət ərzində çox böyük effektli sonluqla yekunlaşan müasir müharibə nümunəsi” kimi tarixə düşmüşdür. Mövcud müharibə nəticəsində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların- BMT, ATƏT və s. kimi təşkilatların “sülhyaratma dəhlizlərində” düyünə salınmış Dağlıq Qarabağ münaqişəsi və işğal problemini Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə 44 gün ərzində 30 ilə həll olunmayan Qarabağ münaqişəsini Müzəffər Ordumuzun rəşadəli əsgsr və zabitlərinin igidliyi ilə 30 ilə yaxın bir müddətdə erməni işğalı altında tapdanan tarixi torpaqlarımızın və yüzlərlə yaşayış məskənlərimizin geri qaytarılmasına nail oldu. İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, eynən 20 Yanvarda olduğu kimi, bir daha bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmini, lazımi anda öz dövləti ətrafında birləşmək bacarığını və Vətən üçün canını qurban vermək iradəsini nümayiş etdirdi. Bir sözlə, müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan böyük tarixi qələbə qazandı. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.Tarixi qələbəmiz, müstəqil və qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizin başlanğıcıdır. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaqdır.

Allah bütün şəhidlərimizi rəhmət etsin.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə