“Müxalif qüvvələr üçün milli və dövlət maraqları əhəmiyyətli deyil” AÇIQLAMA
“Qazaxıstanda baş verən hadisələr, qeyd-şərtsiz xarici müdaxilədir. Müxtəlif siyasilər bu müdaxilənin müxtəlif istiqamətlərdən edildiyi haqqında fikirlər səsləndirirlər. Məsələni Rusiya, ABŞ və Avropa ölkələri ilə, hətta bəzən Çinlə bağlayanlar var”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, istənilən halda bu hadisələrin törədilməsi Qazaxıstanı çökdürmək dayanırdı: “Orada sosial vəziyyətin mövcudluğu da bəhanədir, digər qaldırılan problemlər də. Hər halda yaxın gələcəkdə bu hadisələrin törədilməsində əsas iştirakçıların kimlər olduğu məlum olacaq. İstənilən halda bu və buna bənzər hadisələr ölkələrin milli və dövlətçilik maraqlarına ciddi zərbədir. Bizim bəzi müxalif qüvvələrin orda baş verənləri istədikləri formada yozmaları isə yenə ambisiya maraqlarının təzahürüdür. Xalq tərəfindən heç bir dəstək ala bilməyən, faktiki cəmiyyətdə nüfuzu olmayan belə müxalif qüvvələr üçün milli və dövlət maraqları əhəmiyyətli deyil. Hər dəfə hansısa bir ölkədə buna bənzər hadisələr baş verəndə ondan öz maraqları üçün yararlanmaq istəkləri ortaya çıxır. Xatırlayın, Ukraynada, Gürcüstanda baş verən rəngli inqilablardan necə havalanmışdılar və necə əl-ayağa düşmüşdülər! Hətta Fransada sarıjiletlilərin hərəkatından da ruhlanıb göyjiletlilər hərəkatı başlamaq istəyirdilər. Nəticə hər kəsə məlumdur. Xalq dəstək vermədi, suyu süzülə-süzülə qayıdıb oturdular yerlərində”.
T.Novruzov onu da bildirdi ki, dağıdıcı müxalifət indi də Qazaxıstan hadisələrini müsbət nümunə kimi təbliğ etməyə başlayıblar: “Yəni bunlar, el arasında deyildiyi kimi, kimlərinsə tökdüklərini yığışdırmaqdan başqa heç bir fəaliyyət qabiliyyətinə malik deyillər. Təqlid etmək, kimlərisə yamsılamaq heç vaxt heç bir siyasi qüvvəyə xeyir gətirməyib, gətirməyəcək də. Buna qəti şəkildə əminəm. Eyni zamanda, o da ola bilər ki, məhz Qazaxıstanda bu oyunları törədən xarici qüvvələr bizim siyasi biznes "qəhramanlar"ımızı da ayağa qaldırmaq üçün maliyyə buraxıblar. Yəni nəticədə heç nəyə nail ola bilməyəcəklərini yaxşı bilən bu siyasət dəllalları ələ düşən imkanı fövtə verməyib pul qazanmaq istəyirlər. İstənilən halda bu, Azərbaycanın milli və dövlətçilik maraqlarına zərərli tendensiyadır və əminəm ki, beş-on şəxsi maraqları ilə bağlı hakimiyyətdən narazı adamlardan başqa, ağlı başında olan heç kəs onların növbəti təxribat planlarına dəstək verməyəcək. Yenə bir az çığıracaqlar, bağıracaqlar, ağalarından qəpik-quruş alıb çəkiləcəklər qınlarına. Yəni ayının oyunu bir armudun başında olduğu kimi, bizim müxalifətin də fikri-zikri xaricdən alacaları pulun başındadı. Vəssalam”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB