20 yanvar şəhidlərin xatirəsini yadetmə günüdür

20 yanvar Ümumxalq Hüzn Gününü - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yadetmə günüdür. 20 yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyananında ölkəmizin azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla, xalqımızla birlikdə, Azərbaycan Kommunist Partiyasının üzvləri və təəssübkeşləri də yad edib onların məzarları üstünə gül dəstələri düzəcəklər.

30 il ərzində işğal altında olan Vətən torpaqlarında erməni qəsbkarlarının törətmədikləri vandalizm aktının qalmadığı xalqımızın yaddaşındadır. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz viran edilib, təbii sərvətlərimiz talan olunub, tarixi-mədəni irsimiz tamamilə yox edilmək məqsədilə olmazın dağıntılara məruz qoyulub. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək üçün əlindən gələni edib.
Vətən torpağı düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı. Biz öz torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad etdik.
Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsilə başa çatmasından cəmi bir ildən artıq vaxt keçməsinə baxmayaraq, torpaqlarımıza böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işləri davam etdirilir.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması işləri sürətlə davam etdirilir və 2022- ci il Şuşa ili elan edilib.
2020-ci il bütün yönümlərdə Azərbaycan Respublikası üçün uğurlu olmuşdur.
Müzəffər Ordumuz 44 günlük müharibədə gücünü və qəhrəmanlığını göstərib, qatı düşmənə qarşı münarizədə qalib gəlmişdir, torpaqlarımız işğaldan azad edilmişdir. Xalqımız bu müharibəni şəhidlərimizin qanı- canı hesabına qələbə ilə başa çatdırmışdır. Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən etinarən başlayan "Dəmir yumruq"
əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərini, qazilərini, Şanlı ordumuzun əsgər və zabitlərinin şücaətini qədir bilən xalqımız heç vaxt unutmayacaqdır.

Hacı Hacıyev
Azərbaycan KP
MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...