Prezident İlham Əliyev: "Dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb" TƏHLİL

Prezident İlham Əliyev: "Dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb" TƏHLİL

Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilib. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. "Dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb", - deyə çıxışlarının birində bildirən Cənab Prezident bu işlər haqqında Azərbaycan vətəndaşlarının müntəzəm olaraq məlumatlandırıldığını diqqətə çəkib: "Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq".

Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində yeni layihələrin həyata keçirilməsinə start verilir. Füzuli, Şuşa, Zəngilan kimi işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "Azərbaycanın bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq".

"GÖRÜLMÜŞ İŞLƏR NƏTİCƏSİNDƏ DEMƏK OLAR Kİ, BİZ ARTIQ POSTBÖHRAN DÖVRÜNƏ QƏDƏM QOYDUQ"

Artıq bildiyimiz kimi, Füzuli beynəlxalq hava limanı qısa bir zamanda tikilərək istifadəyə verildi. Laçın və Zəngilanda isə beynəlxalq hava limanlarının tikintisi davam etdirilir. Görülən irimiqyaslı işlər bu ərazilərin müasir bir şəhərə çevriləcəyindən xəbər verir. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilib. Əlbəttə ki, həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimiz müasir tələblər çəçivəsində yenidən qurulacaqdır.

Heç şübhəsiz ki, erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. "Bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində demək olar ki, biz artıq postböhran dövrünə qədəm qoyduq".

DÖVLƏT BAŞÇISININ İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİMİZƏ HƏR SƏFƏRİ TARİXİ HADİSƏYƏ ÇEVRİLİR

Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə böyük işlər reallaşır. Azərbaycan sosial layihələrini uğurla reallaşdırır və işğaldan azad olunan ərazilərdə silsilə və kompleks tədbirlər həyata keçirilir. Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra istifadəyə verilməsi, eləcə də Laçında Güləbird kəndində Su Elektrik Stansiyası istifadəyə verilməsi bu ərazilərdə quruculuq işlərinin aparılmasından bir xəbərdir. Laçın rayonu işğaldan azad olunandan bir neçə ay sonra istismara verilən Su Elektrik Stansiyası azad edilmiş torpaqlarda istismara verilən ilk elektrik stansiyasıdır. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Cənab Prezidentin mütəmadi olaraq işğaldan azad olunan ərazilərə səfərləri və bu məkanlarda görülən işlərlə tanışlığı, eləcə də bir sıra obyektlərin təməlini qoyması bu ərazilərin qısa zamanda cənnətə çevriləcəyindən xəbər verir. Cənab Prezidentin Cəbrayıla səfəri zamanı orada ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyulmuşdu. Şuşaya səfərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlinin qoyması uğurla reallaşacaq layihələrin həqiqətən də bu məkanların cənnətməkan olacağınına söykənir. Cənab Prezidentin Hadruta səfəri çərçivəsində Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışını etmişdi. Görülən bu və ya digər işlər yeni, gözəl və rahat həyatdan soraqdır.

TƏHLÜKƏSİZ HƏRƏKƏT ÜÇÜN YOLLAR MİNALARDAN TƏMİZLƏNİR

Xüsusi olaraq vurğulayaq ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi bu gün qarşıda duran əsas məsələlərdən biridir. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Artıq Azərbaycanın Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan kimi rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə, eləcə də tank əleyhinə minlərlə mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu işi gücləndirmək məqsədi ilə bildiyimiz kimi, dövlət başçısı "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərman Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işini gücləndirmək məqsədi daşıyır. Bu günə qədər yüzdən artıq vətəndaşımız minaya düşərək, xəsarət almış və onlarla insan həyatını itirmişdir. Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir.

Onu da qeyd edək ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə Azərbaycan tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlanıb. Bütün bunlara baxmayaraq, Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə