Rəsmi səviyyədə Fransanın tarixi keçmişini özünə xatırlatmağın vaxtıdır - EKSPERT RƏYİ
“Bu günlərdə Ermənistanda olan Fransa prezidentliyinə namizəd, hazırda İl-de-Frans şəhər şurasının sədri, Respublikaçılar Partiyasının nümayəndəsi Valeri Pekres gizli şəkildə Qarabağa səfər edib. Fransanı təmsil edən nümayəndələr ilk dəfə deyil ki, Azərbaycan qanunvericiliyini pozaraq Qarabağ ərazisinə qanunsuz səfərlər edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, bu səfər əslində bizim üçün heç də təəccüblü deyil: “Çünki, Fransa dövləti tarixi türk düşmənçiliyini yaddaşından silməyən, isti dənizlərə çıxışında hələ də Türkiyə, ümumilikdə türk birliyini özünə başlıca mane olaraq görən, əsrlərdir erməni terrorçularına qucaq asan dövlətdir. Təəccüb olan yalnız odur ki, belə bir dövlət hələ də Minsk qrupu adı altında vasitəçi missiyası statusunu daşıyır. Moderator ölkənin qərəzsiz və neytral olması gözlənilərkən Fransanın Ermənistanı açıq şəkildə himayə etməsi, üstəlik qanunsuz əməllərə yol verməsi hansı beynəlxalq hüququn çərçivəsinə sığır? Əgər, vasitəçi dövlət belə bir mövqedədirsə və biz buna göz yumuruqsa, Ermənistandan nə tələb edə bilərik? Bu dövlətin birmənalı şəkildə mandatından imtina olunmalı, diplomatik əlaqələrə təkrar baxılmalıdır”.
Z.Qarayeva vurğulayıb ki, diplomatik reaksiyamız müvafiq şəxsləri qara siyahıya salmaqla kifayətlənməməlidir: “Bu günə qədər tarazlaşdırılmış xarici siyasət kontekstindən yanaşsaq da, Fransa təəssüf ki, ritorikasına davam etdi. Azərbaycanı hədələməkdən belə çəkinmədi. Düşünürəm ki, rəsmi səviyyədə Fransanın tarixi keçmişini özünə xatırlatmağın vaxtıdır. Əlcəzairdə müsəlmanların kəsilən başından futbol oynayan biz olmamışıq. Afrikada minlərlə insanı soyqırıma məruz qoyan biz deyilik. 21-ci əsrdə hələ də müstəmləkə siyasəti ilə vassal dövlətlərdən milyardlarla dollar xərac alan da biz deyilik. Sadəcə, bunları xatırlaması yetər Fransanın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB