“Ermənilərin təxribatları sona yetəcək” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənilərin təxribatları sona yetəcək” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Brüssel görüşündən sonra erməni təxribatları dayandırılacaq. Bunun üçün müəyyən mühakimələr də söyləmək olar”. Politoloq Qabil Hüseynli “Səs” qəzetinə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Ermənistan mətbuatı da yazır ki, indiyə qədər ermənilər tərəfindən sərhəddə yaranan lokal toqquşmalar və başqa təxribatların başında “Qarabağ klanı” və “Daşnaksütyun” partiyasının nümayəndələri dayanırdılar: “Brüssel görüşündən sonra Nikol Paşinyanın Ermənistanda mövqeyinin xeyli möhkəmləndiyini söyləmək mümkündür. Üstəlik də, sözügedən ölkədə son bir necə gündə mitinq keçirməyə cəhd edən, bu və ya digər araqarışdırıcılıqla məşğul olan qüvvələrə qarşı ciddi polis təqibləri başlayıb. Demək olar ki, son bir ayda ölkədə nə Robert Köçəryan, nə də ki, Serj Sarkisyanın tərəfdarları hər hansı bir yürüş və mitinqlər keçirməyə müvəffəq ola bilməyiblər. Üstəlik də Serj Sarkisyan haqqında da istintaq prosesi sürətləndirilir, Robert Köçəryanla bağlı əvvəllər aparılmış istintaq məsələləri də davam etdirilməkdədir. Bir sözlə, Ermənistan müxalifəti ciddi məğlubiyyətlə üzləşib. Demək olar ki, artıq Paşinyan bütün proseslərə nəzarət etməyə başlayıb və beləliklə də onun əl qolu açılıb”.

Q.Hüseynli onu da bildirdi ki, Paşinyan tərəfindən son dövrlərdə dəmir yollarının açılması və Türkiyə ilə bağlı münasibətlərin inkişaf etdirilməsi, eləcə də Azərbaycanla sülh müqaviləsinin bağlanmasına dair fikirləri əlbəttə ki, konstruktiv səslənir: “Üstəlik ilin sonuna qədər də ola bilsin ki, Moskvada geniş tərkibli nümayəndə heyəti ilə iki dövlət arasında sülh məsələsinə, sərhədlərin delimitasiyası, dəmir yolu və şose yollarının açılmasına dair qəti addımlar atıla bilər. Əgər bu görüş Moskvada keçirilsə Azərbaycan tərəfi orda tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımaq barədə məsələni də qaldıra və zənnimcə bu məsələlər də müsbət həll oluna bilər. Burada Rusiyanın özü də tələsir. Rusiya görür ki, onun təsir zonasına Qərb dövlətləri sürətlə daxil olmağa çalışır və buna da nail olurlar. Ona görə də, Rusiya sülhyaratma prosesin və bölgədə münasibətlərin nizama salınmasını da ciddi nəzarət alına götürüb. Bunun müəyyən siqnalları da Rusiya mətbuatında artıq verilməkdədir. Ümumiyyətlə, sülhyaratma yolunda əngəllərin yaradılması prosesinə Ermənistan tərəfindən nəzarət artırılır, Rusiyada bu proseslərə özünün müəyyən töhfələrini ola bilsin ki, versin. Bütövlükdə sərhəd toqquşmalarına, ermənilərin müxtəlif təxribatlarının sona yetəcəyini, ən azından məhdudlaşacağını söyləyə bilərəm”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə