“Zəngəzur dəhlizinin açılması siyasi etimadın möhkəmlənməsinə xidmət edəcək” - ÖZƏL-MÜNASİBƏT
“Brüssel görüşündən sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin daha normal məcraya keçməsi ilə bağlı bir sıra proqnozlar vardı. Eləcə də liderlərin Soçi və Brüssel görüşü ilə bağlı müsbət mesajları var”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
İlyas Hüseynovun sözlərinə görə, Nikol Paşinyan da bu barədə məlumat vermişdi ki, görüşün müsbət nəticələri olub: “Ümumilikdə Avropa İttifaqının regionda iştirakçılıq payının artırılması və ya öz iştirakını daha da genişləndirməsi istiqamətində müsbət addımlar var. Regiona investisiya imkanlarını da artırmaq istiqamətində Avropa İttifaqı addımlar atır və bu, sülhün dayanıqlığının artırılmasına və elə də təhlükəsizlik arxitekturasının daha da güclənməsinə xidmət edir. Digər tərəfdən mehriban qonşuluq siyasəti çərçivəsində tərəflərin əməkdaşlıq prioritetlərini müəyyənləşdirilməsi arzu olunandır və bu xüsusda Zəngəzur dəhlizinin açılması tərəflər arasında siyasi etimadın daha da möhkəmlənməsinə praktiki cəhətdən xidmət edəcək. Əsas məsələ Ermənistanın hərbi və siyasi təxribatlarını həyata keçirməməsidir. Eyni zamanda tərəflər arasında humanitar sahədə də bir sıra sövdələşmələr həyata keçirilib. Avropa İttifaqının vasitəçiliyi ilə 16 noyabr hərbi təxribatında saxlanılan şəxslərin Ermənistana verilməsi həyata keçirildi və bundan sonra isə iki Azərbaycan hərbi qulluqçusunun Laçın istiqamətində Ermənistan tərəfindən tutulmasından sonra onların Azərbaycan tərəfinə verilməsi baş tutmuşdur”.
Politoloq onu da bildirib ki, humanitar konteksdə olan münasibətlər iqtisadi və siyasi əlaqələrə də təsir göstərir: “Hətta belə ehtimallar var ki, ilin sonuna qədər də işçi qrupu səviyyəsində görüşlər baş tutsun. Həmçinin dövlət liderlərinin də görüşünün keçirilməsi mümkünüdür. Bu görüş Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsi ehtimal olunur. Digər tərəfdən görüşlərin intensiv şəkildə keçirilməsi də bunu göstərir ki, Cənubi Qafqaza güclü maraq var. İl ərzində üç dövlət liderlərinin görüşü keçirilib - Moskva, Soçi və Brüssel görüşlərini qeyd edə bilərik. Digər tərəfdən Brüsseldə iki dövlət lideri arasında təkbətək görüşün keçirilməsi də tərəflər arasında siyasi dialoqun genişləndirilməsinə xidmət edən addımdır. Çünki biz müşahidə edirik ki, tərəflər vasitəçilərin imkanlarından istifadə etməklə görüşlər keçirərkən sonradan münasibətlərdə yenidən gərginlik müşahidə olunur. Lakin təkbətək görüşün keçirilməsi müsbət işartılardan xəbər verir. Ümid edirəm ki, Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı işlərin sürətləndirilməsi məhz Brüssel görüşündən sonra genişmiqyaslı şəkildə həyata keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB