Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının təmin olunduğu platforma oldu - EKSPERT RƏYİ

Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının təmin olunduğu platforma oldu - EKSPERT RƏYİ

“Brüssel görüşü gözlənildiyi kimi Azərbaycanın diplomatik uğurları ilə nəticələndi. Bu uğurları bir neçə aspektdən dəyərləndirmək olar. Əvvəla Qərbin müharibə bitdiyi gündən bəri ortaya atdığı Minsk Qrupu formatı masaya yatırılmadı. 30 ildir müdafiə etdikləri Qarabağ və status ifadələrinə yer verilmədi. Qərb artıq anlıyır ki, Prezident İlham Əliyev Azərbaycanın suverenliyi ilə bağlı prinsipiallığını qoruyur və qarşısında kimin əyləşməsindən aslı olmayaraq biz ərazi bütövlüyümüzdən güzəştə getməyəcəyik”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Ekspertin sözlərinə görə, Avropa İttifaqı yalnız humanitar məsələlərə töhfə verməyə çalışır: “Humanitar məsələlər bizim tərəfimizdən mina xəritələri, Ermənistan tərəfdən isə diversantların qaytarılması məsələsidir. Düşünürəm ki, mina xəritələrini biz artıq mübadilə obyektinə çevirməməliyik. Çünki ermənilər heç bir şəkildə bizə dəqiq xəritələr təqdim etməyəcəklər, indiyə qədər də təqdim etməyiblər. Bunu əllərində dəqiq xəritənin olmaması ilə əsaslandırsalar da, düşünürəm ki, bu erməni yalanlarının növbəti hissəsidir. Çünki mina xəritələri qarşı tərəfə təqdim edilməkdən daha çox müharibə edən tərəfin öz təhlükəsizliyi üçün dəqiq hazırlanır və müharibə gedən ərazilər dəyişildiyi zaman minaların da yerdəyişməsi üçün bu xəritələrdən istifadə olunur. O baxımdan bu məsələni barter obyektinə çevirməklə biz İrəvanın siyasi masada əlini gücləndiririk. Mina xəritələri məsələsi mübadiləyə çevrilmədən müzakirələrə çıxarılmalı, əksinə dəqiq xəritələrin verilməməsi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, bu saxtakarlıq nəticəsində itirdiklərimizin maddi dəyəri hesablanaraq məhkəməyə təqdim edilməlidir”.

Z.Qarayeva vurğulayıb ki, diplomatik uğur sayılacaq digər məsələ Zəngəzur dəhlizi ilə bağlıdır: “Cənab Prezident iddialı şəkildə ya Laçın dəhlizi, ya da Zəngəzur dəhlizi dilemmasını irəli sürərək istənilən halda Azərbaycanın qazancını təmin etmiş oldu: “Zəngəzur dəhlizinin açılması həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan uğurlu məsələdir. Sərhəd məsələlərinin də həllini tapmasına təsir edə bilər. Lakin dəhliz olmazsa da təxribatların mənbəyi rolunu oynayan Laçın dəhlizi bağlanmalıdır. Əslində, bu iki dəhliz eyni mahiyyətli dəhlizlər deyil. Laçın Azərbaycan ərazisində yerləşir və öz ərazimizdən başqa dövlətə dəhliz açılması düşmənin iddialarını təmin etməyə xidmət edə bilər. Bu baxımdan düşünürəm ki, Prezident İlham Əliyev Rusiyanın moderatorluğu ilə ölkəmizin suverenliyinə təhdid olacaq addımların qarşısını diplomatik cəbhədə almağa çalışır. Bir sözlə, Brüssel görüşü istər forma, istərsə də, məzmun baxımından Azərbaycanın diplomatik uğurlarının təmin olunduğu platforma oldu”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə