“Media haqqında” yeni qanun müasir çağırışlara cavab verir - MÜNASİBƏT BİLDİRDİ
"Müasir çağırışlara cavab verən, müasir tendensiyaları özündə əks etdirən, müasir mediaformatlarla bağlı məqamları özündə əks etdirən “Media haqqında” yeni bir qanunun qəbul edilməsinə ciddi ehtiyac var idi. Etiraf etməliyik ki, media ilə bağlı qanunlar, o cümlədən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun müasir tələblərə cavab vermir". Bu sözləri SİA-ya açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib.
Onun sözlərinə görə, yeni qanunun qəbul edilməsi həm də zərurətdən irəli gələn məqamdır: "Qanunla tanış olduqda hiss olunur ki, üzərində xeyli zəhmət var. Qanunun hazırlanmasında hüquqşünaslarımız, jurnalist həmkarlarımız iştirak ediblər. “Media haqqında” qanun müasir tendensiyaları özündə əks etdirən, jurnalistin peşə fəaliyyəti ilə bağlı, media quruluşlarının fəaliyyəti ilə bağlı müasir çağırışları özündə əks etdirən bir qanun kimi xarakterizə edilir. Onu da qeyd etmək istərdim ki, “Media haqqında” yeni qanun bizim mediamızın, jurnalistlərimizin fəaliyyətinə müəyyən təkan verəcək.
Ümumiyyətlə “Media haqqında” qanunda sosial media kimi yeni subyektin qanunvericiliyə gətirilməsininin şahidi olduq. Nəzərə almaq lazımdır ki, bu gün artıq onlayn media faktiki olaraq bir sıra parametrlər üzrə ənənəvi medianı üstələyib. “Media haqqında” qanunda media savadlılığı məsələsinə toxunulub. İstər Türkiyədə, istərsə də bir sıra Avropa ölkələrində cəmiyyətin həm mariflənməsi, həm medianın özünün inkişafı baxımından media savadlılığı platformasından çox ciddi şəkildə istifadə edilir. İnformasiyanın iş prosesi ilə bağlı müəyyən məqamlar qanunda öz əksini tapıb. İnformasiyanın iş prosesi ilə bağlı tələblərin müəyyənləşdirilməsi media quruluşları arasında sağlam rəqabətin formalaşmasında mühüm rol oynayacaq".
Bütövlükdə “Media haqqında” yeni qanun layihəsini müsbət xarakterizə edirəm. Təbii ki, müzakirələr zamanı həmkarlarımızın qanunla bağlı maraqlı təklifləri olub və düşünürəm ki, bu təkliflər nəzərə alınacaq. “Media haqqında” yeni qanun media-dövlət, media-cəmiyyət münasibətlərinin tənzimlənməsini özündə əks etdirən və müasir çağırışlara cavab verən bir qanun layihəsidir. Düşünürəm ki, bu həm jurnalistlərin, həm də media quruluşlarının fəaliyyətlərini daha rahat və səmərəli təşkil etmələrinə yardım göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə