"Cənab Prezidentin Brüssel səfəri olduqca uğurlu, zəngin və faydalı olub. Səfər çərçivəsində istər NATO rəhbərliyi, istərsə də Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşdə Azərbaycan üçün faydalı müzakirələr aparılıb və faydalı nəticələr əldə edilib". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
O, qeyd edib ki, cənab Prezidentin NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşündə NATO-Azərbaycan münasibətləri, Azərbaycanın sülhün qorunmasındakı işləri yüksək qiymətləndirilib. Eyni zamanda, Azərbaycan Prezidentinin Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə Avropa İttifaqı ilə Azərbaycan əlaqələri, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində iştirakı ətraflı müzakirə olunub. Şarl Mişelin moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş nazirinin görüşündə Azərbaycanın irəli sürdüyü məsələlərin hamısı öz həllini tapmış oldu. Şarl Mişelin sonradan yaydığı bəyanatda da qeyd olunduğu kimi istər 10 noyabr 2020-ci il, istərsə də 11 yanvar 2021-ci il və nəhayət 26 noyabr 2021-ci ildə keçirilən Soçi görüşündə qəbul olunan bəyanatların müddəaları həm də Avropa İttifaqı tərəfindən dəstəklənir və Azərbaycanın sülh təşəbbüsləri yüksək qiymətləndirilir.
Musa Quliyev bu barədə fikirlərini belə izah edib: "Cənab Prezident istər üçtərəfli görüş zamanı, istərsə də mətbuat konfransındakı çıxışda Azərbaycanın sülh və əmin-amanlıq üçün əlindən gələni etməyə hazır olduğu vurğulanıb. Eyni zamanda 10 noyabr 2020-ci il bəyannaməsinin müddəalarına əməl olunmasının vacibliyi qeyd olunub. Xüsusilə qeyd etmək lazımdır ki, cənab Prezidentin Zəngəzur dəhlizi və ona nəzarətlə bağlı fikirləri və onun Laçın dəhlizi ilə oxşarlığını bildirməsi olduqca doğru addım idi. Bu həm Azərbaycanın, həm də dünyanın maraqlarına uyğundur. Həmin görüşdə gündəmə gətirilən sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə Avropa İttifaqının həm texniki, həm də məsləhət dəstəyi verməsi İttifaqın məsələdə maraqlı olduğunu göstərir. Eyni zamanda minaların təmizlənməsi prosesində Avropa İttifaqının texniki iştirakının olacağının deyilməsi daha bir müsbət cəhətdir və bu regionun, dünyanın maraqlarına xidmət edir. Ümumilikdə götürdükdə səfər Azərbaycanın xeyrinə idi. Həm bu səfər, həm də Soçi səfəri onu göstərdi ki, cənab Prezident vəziyyəti idarə etməkdədir və qalib tərəf kimi irəli sürdüyümüz şərtlər ədalətlidir. Bu regionda sülhün və əmin-amanlığın yaradılmasına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB