Zəngəzur dəhlizi - nə baş verir? ANALİTİK+AKTUAL

Zəngəzur dəhlizi - nə baş verir? ANALİTİK+AKTUAL

Ya Rusiya tərəfi vasitəçi vəzifəsinin öhdəsindən gələcək və Ermənistanı razılaşmaları yerinə yetirməyə məcbur edəcək, ya da Azərbaycanın alternativ variant kimi güc yolundan istifadə ertməsi üçün yaşıl işıq daim yanmaqdadır

Ermənistanın Zəngəzur dəhlizi ətrafındakı yanlı mövqeləri və spekulyasiyaları bu mövzunun davamlı olaraq gündəmdə qalmasına səbəb olmaqdadır. Halbuki üçtərəfli görüşlərin hər birində dəhlizin açılması və istifadəsi barədə kifayət qədər dəqiq fikirlər ortaya qoyulub. Üstəlik, rəsmi İrəvan öz imzasına məhəl qoymayaraq Bakının onunla sərt dildə danışmasına kifayət qədər rəvac verir. Məhz bu baxımdan, 2020-ci ilin 9/10 noyabr və 2021-ci ilin 11 yanvar razılaşmalarını yenidən sadalamağa da ehtiyac yoxdur. Eləcə də ötən ay Soçidə keçirilən üçtərəfli görüşdən də məlum oldu ki, Azərbaycan qarşısına qoyduğu məqsədinə nail olacaq və bu məsələdə ortaqlıq edən Rusiya da öz yardımını göstərmək həvəsində olduğunu nümayiş etdirir.

2021-ci ilin yayından etibarən Ermənistanın baş naziri Nikol Paşinyanın fikir ayrılığı səbəbindən proses dayandırılır, Azərbaycan Prezidenti İlham Əliyev xəbərdarlıqlarını edir

Daha bir xatırlatmanı da etmək olar ki, 2021-ci ilin yanvar ayından başlayan Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazirlərinin müavinlərinin işçi qrup halındakı görüşlərinin əsasında da 10 noyabr 2020-ci və 11 yanvar 2021-ci il görüşləri dayanmaqdadır. Belə olan halda İrəvanın hələ də nəyəsə ümid etməsi yalnız onun ziyanına işləməkdədir.

Hadisələrin gedişatını təhlil edərkən görmək olur ki, məhz 2021-ci ilin yayından etibarən Ermənistanın baş naziri Nikol Paşinyanın fikir ayrılığı səbəbindən proses dayandırılır. Bu fikir ayrılığının, yaxud daha dəqiq desək, inadkarlığın nədən ibarət olduğunu isə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Beləliklə, Azərbaycanın dövlət başçısı 2021-ci ilin avqustundakı çıxışı zamanı bildirib ki, erməni tərəfi Zəngəzur dəhlizində yalnız dəmir yolunun fəaliyyətinə razıdır, avtomobil yolu ilə bağlı isə fəqli, daha doğrusu, əks münasibət göstərilir. “Eyni zamanda, biz Qərbi Zəngəzurun Mehri bölgəsində yolun çəkilməsini tələb edirik. Bu, tamamilə vacibdir. Təəssüf ki, Ermənistan buna qarşıdır”, deyə ölkə rəhbərimiz vurğulayıb.

Vladimir Putinin avtomobil yolu rabitəsindən söz açması Ermənistanın nəhayət ki, razılıq verdiyinə vurulan eyham idi

Ötən ay - noyabrın 26-da isə üç ölkənin siyasi liderlərinin Soçi görüşünün sonunda Rusiya prezidenti Vladimir Putin maraqlı və diqqətçəkici bəyanatla çıxış edib. “Biz iqtisadi məsələlərdən, iqtisadi əlaqələrin inkişafı ilə bağlı çox ətraflı danışdıq və ilk növbədə nəqliyyat dəhlizlərinin blokadadan çıxarılmasından danışdıq - bu, həm dəmir yoluna həm də digər yol kommunikasiyalarına aiddir”, deyən Vladimir Putin bununla bağlı yerdə qalan nəticələri də əldə etmək üçün Moskvada baş nazir müavinlərinin görüşlərinin keçiriləcəyini bəyan etdi. Və beləliklə, Vladimir Putinin avtomobil yolu rabitəsindən söz açması Ermənistanın nəhayət ki, razılıq verdiyinə vurulan eyham idi.

Baş nazirlər müavinlərinin Moskva görüşləri baş tutdu və dekabrın q-də məlum oldu ki, bu görüşdə Ermənistan tərəfi yenidən sözün əsı mənasında siyasi tərbiyəsizliyə yol verib və ortaq məxrəcə gəlinməyib. Söz yoxz ki, bu da Putinin Soçidə əminliklə verdiyi bəyanatını kölgədə qoyub.

Lavrov Mirzoyana barmaq silkələsə də...

Bunun ardınca isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana telefon zəngi edir və “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirilir”, deyə xatırlatma edir, əslində isə barmaq silkələyir.

Lavrov Rusiyanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərin mümkün qədər tez başlamasının təmin edilməsinin tərəfdarı olduğunu bildirib, və sonradan sərhədlərin demarkasiyası ilə yanaşı, prosesin əldə edilmiş razılaşmlarar çərçivəsində praktiki müstəviyə çevrilməsinin vacibliyini vurğulayıb.

Beləliklə, Lavrov sözügedən mesajında Moskvanın mövqeyini ifadə edib və xatırladıb ki, artıq Soçidə konkrert razılaşmalar əldə edilib, baş nazir müavinlərindən ibarət işçi qrupu (daha dəqiq Ermənistan) isə bu razılaşmaları həyata keçirməlidir.

Bakının İrəvana dəfələrlə etdiyi xəbərdarlıqlarının ardınca Moskva da qolunu çırmalayıb və konkrert şəkildə mövqeyini ifadə edib

Bəli, belə bir sual yaranır ki, Lavrov nəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova deyil məhz Aararat Mirzoyana zəng edib? Bu sualın da cavabı bəsitdir. Əgər danışıqların, yaxud əldə olunmuş razılaşmaların pozulmasına səbəb Azərbaycan tərəfi olsaydı, Lavrov Bayramova zəng edərdi. Ancaq o, Mirzoyana zəng vurur və Soçi razılaşmalarının, eləcə də üçtərəfli işçi qrupun razılaşmalarının yerinə yetirilməsinin vacibliyini vurğulayır.

Beləliklə, Bakının İrəvana dəfələrlə etdiyi xəbərdarlıqlarının ardınca Moskva da qolunu çırmalayıb və konkrert şəkildə mövqeyini ifadə edib - ya Rusiya tərəfi vasitəçi vəzifəsinin öhdəsindən gələcək və Ermənistanı razılaşmaları yerinə yetirməyə məcbur edəcək, ya da Azərbaycannın alternativ variant kimi güc yolundan istifadə ertməsi üçün yaşıl işıq daim yanmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə