Ermənistan regionda yaranmış yeni reallıqları qəbul etməlidir - ŞƏRH EDİLDİ

"Azərbaycan tərəfi hər zaman olduğu kimi humanizm prinsiplərinə əsaslanan, siyasi dialoqlara açıq olan və bu kimi təmasları xoş qarşılayan müsbət missiyası ilə diqqət mərkəzində olub. RİA novosti agentliyinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan açıqlamasında görüşə hazır olduqlarını bəyan edib". Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əvvəl isə görüş barədə təklifin müsbət qarşılandığını Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib: "Bu xüsusda, Aİ Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilməsi ölkəmizin sülhsevər olduğunun bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı zirvəsi çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəlməsi Ermənistanın ağır məğlubiyyəti qəbul etməsi anlamına gəlir. Ümumilikdə düşünürəm ki, bu görüş hər iki ölkə üçün müsbət nəticələr hasil edəcək. Görüşdən sonra liderlər Cənubi Qafqaz naminə regional vəziyyəti və gərginliyin aradan qaldırılması istiqamətində əsaslı addımlar atacaqları ehtimal olunur. Azərbaycan belə addımları atmağa hazır olduğunu həmişə bəyan edib. Əsas vəzifə qarşı tərəfin üzərinə düşür. İki ölkə həmçinin insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə də razılığa gəliblər. Ötən ilki 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderləri arasında Rusiyanın vasitəçiliyilə iki görüş keçirilib. Şərq Tərəfdaşlığı proqramı 2009-cu ildə Aİ-nin Praqadakı sammitində qüvvəyə minib. Avropa ilə daha yaxın inteqrasiyanı nəzərdə tutan proqramda Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna iştirak edir. Xüsusilə qeyd olunmalıdır ki, Ermənistan tərəfi ümumilikdə revanşinst fikirlərdən əl çəkməlidir, Azərbaycanın gücünü və regionda yaranmış yeni reallıqları qəbul etməlidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə