YAP Nərimanov rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Həsən Əliyev 36”(ASAN xidmət) ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini, təşkilatın YAP üzvləri iştirak edib.

Ərazi ilk partiya təşkilatının üzvü, Agentliyin sədr müavini Ceyhun Salmanov açılış nitqində gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ - ərazi ilk partiya təşkilatının sədrinin partiyanın VII Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq. Daha sonra geniş hesabat məruzəsi dinlənilərək, ərazi partiya təşkilatının fəaliyyəti və gördüyü işlər haqqında bəhs edilib.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən ətraflı məlumat verib. Bu islahatların partiyanı gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyyələrini verib.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edilib.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Ceyhun Salmanov ərazi partiya təşkilatının sədri, Cahangir Hacıyev isə sədr müavini seçiliblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə