Aleksandr Skakov: “Qərb münaqişənin həllində maraqlı deyil” - MÜSAHİBƏ

Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən proseslər və mövcud vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.

- 44 günlük müharibədən 1 ildən çox vaxt keçsə də, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması məsələlərində ciddi irəliləyiş əldə olunmayıb. Bunun əsl səbəbini nədə görürsünüz? Bu Qərbin təzyiqidir, yoxsa Paşinyan daxili fikir ayrılıqlarından qorxur? Və ya bəlkə səbəb başqadır?

- İrəliləyiş var, amma çox ləngdir, bu, gözləniləndir. Sürətli irəliləyiş gözləmək üçün heç bir səbəb yox idi. Sülh müqaviləsinin imzalanması, ümumiyyətlə, gələcəyə aid bir məsələdir, bu, başlanğıc nöqtəsi deyil. İki real və prinsipcə əldə edilə bilən yol var- sərhədin delimitasiyası/demarkasiyası və dəhlizin açılması. Amma bu məsələləri də bir ildə həll etmək mümkün olmadı. Yadınıza salım ki, Rusiya Federasiyası ilə Azərbaycan, Azərbaycan və Gürcüstan arasında sərhədin delimitasiyası ilə bağlı nə qədər uzun və çətin danışıqlar gedirdi. Lakin bu hallarda uzunmüddətli münaqişənin yükü yox idi və Azərbaycanla Ermənistan arasında olduğu kimi, transsendental qarşılıqlı etimadsızlıq yox idi. Ona görə də, bu halda proses Rusiyanın vasitəçilik rolu sayəsində sürətlənə və yerindən qalxa bilər.

Eyni şey nəqliyyat dəhlizinə də aiddir- bu dəhliz boyu insanların və yüklərin təhlükəsiz hərəkətinə Rusiya zəmanət verə bilər.

Bundan əlavə, siz bu sualı verməkdə tamamilə haqlısınız - Ermənistan cəmiyyətinin özündə Paşinyana təzyiq çox böyükdür və onun mövqeyi kifayət qədər zəifdir. Küçənin və elitanın böyük bir hissəsinin reaksiyasını gözləyərək ciddi güzəştə getməkdən qorxur. Ermənistan cəmiyyətində və bu, tamamilə başa düşüləndir, revanşist əhval-ruhiyyə güclüdür, yeni güzəştlər başa düşülməyə bilər.

Xarici oyunçulara gəlincə, indi Rusiya münaqişənin həlli istiqamətində mümkün qədər tez irəliləyişdə maraqlıdır, çünki bu, onun regionda mövqelərini gücləndirəcək. Amma Qərb, əksinə, bunda maraqlı deyil - zəifləmiş mövqelərini daha da zəiflədəcək. Ona görə də, Qərb erməni cəmiyyətinin bir hissəsində eyni revanşist əhval-ruhiyyəni, ola bilsin, diaspor mexanizmlərinin köməyi ilə qidalandıra bilər. Münaqişənin həll olunmaması Qərbə Ermənistanı manipulyasiya etməyə imkan verir.

- Soçi görüşü ilə bağlı, sizcə, Bakı həmin görüşdə nəyə nail ola bildi? Bəs Soçidə əldə olunan razılaşmaları Ermənistan tərəfi necə həyata keçirəcək?

- Rusiyanın vasitəçiliyi ilə əldə edilən Soçi razılaşmaları hər iki məsələdə irəliləyişin mümkün olacağının göstərir. Üç dövlət başçısı səviyyəsində öhdəliklər götürülüb. Sərhədin delimitasiyası komissiyası işə başlayacaq, buna şübhə yoxdur. Başqa bir sual bunun nə qədər vaxt aparacağıdır. Hesab edirəm ki, bu iki məsələdə irəliləyiş Ermənistanın da maraqlarına uyğundur, çünki bu, regionda vəziyyətin ümumi sabitləşməsinə töhfə verəcək.

- Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü. Ondan gözləntiləriniz nədir?

- Yenə deyirəm, mən Qərbin münaqişənin həlli ilə bağlı heç bir istəyini görmürəm. Hər şey boş söhbətlərlə məhdudlaşacaq.

- Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinin taleyini necə görürsünüz?

- Onların taleyinin həlli bu günün işi deyil. Əvvəlcə dəhliz və sərhəd məsələlərini, sonra sülh müqaviləsini, daha sonra ərazilərin taleyini həll etmək lazımdır. Ərazilərlə yanaşı, təhlükəsizliyi təmin edilməli olan əhali də var, ermənilərin olmadığı Dağlıq Qarabağ- bu ssenari çətin ki, qəbuledilsin. Rusiya Federasiyasının mövqeyinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün tərəflərin səylərini və güzəştə getmək istəyini tələb edir.

- Sizcə, Türk Dövlətləri Təşkilatı Qarabağ məsələsinin həllində hansı rolu oynayır? Və ayrıca, Türkiyənin bölgədəki rolunu necə qiymətləndirirsiniz?

- Mən bu gün Türk Dövlətləri Təşkilatının real rolunu görmürəm. Türkiyənin rolu isə vacibdir və müharibədən sonra çox artıb. Mən deyə bilmərəm ki, bu gün Türkiyə regionda sabitliyi pozur, belə deyil. Türkiyə də dəhliz probleminin həllində çox maraqlıdır, ona görə də mövqeyində sabitlik və proqnozlaşdırıla bilənlik var.

- Düşünürəm ki, son bir ildə İran-Azərbaycan əlaqələrindən xəbərdarsınız. İranın vəziyyəti gərginləşdirməyi dayandırmasının səbəbi nədir? Bəs bu, İran-Ermənistan münasibətlərinə necə təsir edə bilər? Deyə bilərikmi ki, Bakı Tehranı ən azı qısa müddətdə öz tərəfinə çəkdi?

- İranı öz tərəfinə çəkmək hər kəs üçün çox çətindir, bu, çox ciddi oyunçu və mühüm amildir. Amma 44 günlük müharibədən sonra onun regionda mövqeyi de-fakto zəifləyib və Türkiyə və Azərbaycanla qarşıdurmaya ehtiyacı yoxdur. İranın mövqeyi neytraldır, lakin Tehran həmişə zəifi deyil, güclüləri dəstəkləyəcək.

- Və son sual: Ermənilər ötən ilki Qarabağ müharibəsinə qarışmamaqda Rusiyanı günahlandırırlar. Bu barədə çoxlu fikirlər səsləndi, sizinkini bilmək maraqlıdır.

- Bəs Rusiya niyə müdaxilə etməlidir? Baxmayaraq ki, əslində Moskva müəyyən müdaxilə etdi, hər iki qarşı tərəfə təzyiq göstərməklə münaqişəni dayandırdı. Moskvanın başqa yolla müdaxilə etmək üçün heç bir əsası yox idi. De-yure həm Moskva, həm də İrəvan (çünki “DQR”in müstəqilliyini tanımırdı, baxmayaraq ki, bunu edə bilərdi) Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Rusiyanın Ermənistanla məcburi müqaviləsi var, amma Dağlıq Qarabağ Ermənistan deyil. Ermənistan silahlı qüvvələri münaqişədə tam iştirak etmədən Qarabağ ermənilərini faktiki olaraq öz başlarına buraxıblar. Moskva İrəvandan daha çox ermənipərəst olmamalıdır və olmayacaq.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...