Hərb tariximizin qəhrəmanları TƏHLİL

Bu gün vətənpərvər Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfəsini verir. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Ölkəmizdə aparılan gənclər siyasəti hər bir gəncin üzərinə böyük məsuliyyət qoyur. Bu gün Azərbaycan gəncliyi ona göstərilən diqqətin fərqindədir və gənclik ona olan etimadı hər zaman doğrultmaq üçün bütün potensalından maksimum dərəcədə istifadə edir. Millətin mövcudluğunda, dövlətin tərəqqisində, dünyada nüfuz qazanmasında əlbəttə ki, vətəpərvər gəncliyin rolunu xüsusi olaraq qeyd etməliyik. Bu gənclik Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borclarını verməklə öz vətəndaşlıq məsuliyyətlərini yerinə yetirmiş olurlar. Ulu Öndər Heydər Əliyevin müdrik kəlamını xatırlatmaq yerinə düşər. Ulu Öndər deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında xidmət etməkdir. Bəli, vətəni qorumaq, onun müdafiəsində durmaqdan şərəfli bir iş yoxdur. Bizi bir millət olaraq yaşadan Vətənimizdir, Vətən torpağıdır. Onun üzərinə axıdılan igid vətən oğullarının qanıdır. Hər bir vətən oğlunun yolu Azərbaycan Silahlı Qüvvələrindən – vətənə xidmətdən keçir, ərənlik və kişilik məktəbindən. Bu gün Azərbaycan Ordusunun hərbi hissələrində vətənpərvərlik, yüksək ruh hakimdir.

TALEYİNİ HƏRB SƏNƏTİNƏ HƏSR EDƏN VƏTƏNPƏRVƏR GƏNCLƏR ORDUSU YETİŞDİ

Əlbəttə ki, hər bir ölkə üçün ordu quruculuğu prosesində milli hərbi kadrların hazırlanması mühüm əhəmiyyətə malik sahə kimi daim prioritet təşkil edir. Müstəqil Azərbaycan Respublikasında bu sahəyə xüsusi diqqət yetirilir, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli, yüksək mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğu strategiyasında ixtisaslı hərbi kadrların hazırlanması xüsusi yer tutur. Hələ Sovetlər İttifaqı dövründə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərərək, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynadı.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1993-cü ildən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Ulu Öndərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Ulu Öndərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin tərkib hissəsidir. Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə olmuşlar.

"DÜŞMƏNƏ NİFRƏT HİSSİ BİZİ QƏLƏBƏYƏ APARDI VƏ AZƏRBAYCAN TARİXİ ƏDALƏTİ BƏRPA ETDİ"

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına görə dünyada lider yerlərdən birini tutur. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır.

Təbii ki, ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Azərbaycan ordusu öz gücünü erməniyə göstərdi. Qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya görmüş oldu. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevincini yaşatdı. Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını tezliklə erməni işğalında olan torpaqlarımızda da dalğalandıracağına inam sonsuz idi. Çünki Azərbaycanın belə şanlı və güclü ordusu, vətənpərvər gəncliyi vardı. Sabaha inam güclü idi. Qələbə inamı. Belə də oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasında həlledici rol oynadı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni bir səhifəni həkk etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Vətən müharibəsində qazanılan zəfər bütün türk dünyasının qələbəsi olaraq dünyaya mesaj oldu. Bu müharibədə vətənpərvər gənclərimiz böyük sücaət göstərdilər. Azərbaycanın işıqlı gələcəyi, istiqlalı, azadlıq günəşinin doğması üçün qanlar axıdıldı. Canından, qanından neçə-neçə igid oğullar keçdi. O oğullar ki, Vətən torpağından, onun şirəsindən, qanla yoğrulmuş hər qarışından güc almışdı. Od püskürən oğullar Azərbaycan torpağında milli qəhrəman oldu, qanı ilə torpağı suvararaq Şəhid oldu. Onlar haqqın səsinə can fəda etdilər. Azərbaycan torpağında üç rəngli bayrağımız dalğalansın deyə. Vətən daşı onların isti yuvasına çevrildi. Azərbaycanın qəhrəman, igid övladlarının keçdiyi şərəfli ömür yolu, döyüş yolu bizlərə əsl örnəkdir. Bəli, Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var. Bu gənclik Azərbaycan Prezidentinin rəhbərliyi dövründə vətənpərvərlik ruhunda tərbiyə almış gənclikdir. Cənab Prezidentin çıxışlarının birində bildirdiyi kimi, "2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".

Mİ-17 HƏRBİ HELİKOPTERİNİN TƏLİM UÇUŞLARI YERİNƏ YETİRƏRKƏN QƏZAYA UĞRAMASI TARİXİMİZƏ DAHA AĞRILI BİR GÜN KİMİ YAZILDI

Mübariz, mərd vətən oğulları bu torpaqda Şəhidlik zirvəsinə yüksəldilər. Şərəfli yol keçdilər. Hər an vətən yolunda hazır, müsəlləh əsgər olduqlarını əməlləri ilə göstərdilər. Vətənə sədaqət andı onları tərk etmədi. Noyabrın 30-da Xızı rayonu ərazisindəkı "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması hər bir azərbaycanlının kədərinə səbəb oldu. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır.

Məlumdur ki, Azərbaycan xalqı heç də uzaq olmayan tarixi keçmişində ən dəhşətli helikopter qəzalarından olan 20 noyabr 1991-ci il tarixində Xocavənd rayonunun Qarakənd kəndində yaxınlıqlarında baş vermiş qəzanın acılarını yaşamışdır. Qarakənd faciəsi kimi tariximizdə yer alan hadisə nəticəsində ümumilikdə 22 nəfər həlak olmuşdur. Bundan əlavə, 24 iyul 2019-cu il tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təlim uçuşları həyata keçirən MİQ-29 təyyarəsi qəfil radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşəndən sonra pilot polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüş, uzun axtarışlardan sonra pilotun nəşi tapılmışdır.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri paytaxt Bakı şəhərindən 70 kilometr (43 mil) uzaqlıqda - Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev pilotun təcrübəli olduğunu vurğulamış və onun Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, helikopterin demək olar yeni olduğunu və qısa müddət əvvəl onda təmir işləri aparıldığını bildirmişdir. Helikopterin qara qutusunun tapıldığını deyən E.Quliyev hadisədə heç bir kənar qüvvənin iştirakı olmadığını əlavə etmişdir. Məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində iki polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak olmuş, bir polkovnik və kapitan isə yaralanmışdır. Hadisə nəticəsində həlak olanların hər biri xalqımızın mərd, vətənpərvər oğullarıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veriblər.

Öz borclarını yerinə yetirərkən həlak olan Vətən oğullarının xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə