Yeni reallıqların arxitektri Azərbaycandır - EKSPERT RƏYİ

“Cənab Prezident İlham Əliyevin Soçi görüşündən bir gün sonra – Aşqabad Zirvəsində “Zəngəzur dəhlizi reallığa çevrilir” sözləri və İƏT ölkələrini dəhlizdən istifadəyə dəvət etməsi təsadüfi deyil. Soçi bəyanatında kommunikasiyanın bərpası ilə bağlı müəyyən açıqlamaları oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, açıqlamalardan belə qənaətə gəlmək olar ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi gözardı edilib: “Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində nəzarət-buraxılış məntəqəsi yerləşdirilməyəcək. Bəyanatda həmçinin “9-10 noyabr və 11 yanvar razılaşmalarının bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik” müddəası da var. Bu müddəa da şərtlərin Azərbaycanın xeyrinə olduğunu təsdiq edir”.

Z.Qarayeva vurğulayıb ki, ardınca noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV sammitində prezident İlham Əliyev tranzit və avtomobil nəqliyyatının vacibliyinə toxunub və tranzit problemini həll etmək üçün zəmin yaratmaq əzmində olduğumuzu bildirib: “Bu tezisdə Zəngəzur dəhlizinin işləkliyinə vurğu edilərək, müharibənin qalib tərəfi kimi şərtləri diktə etdiyimiz və bu şərtlərin qarşı tərəfdən qəbul olunduğu mesajı verilib. Zəngəzur dəhlizi İran daxil olmaqla bütün region ölkələrinin iqtisadi rifahına, regional sabitliyə və geosiyasi inteqrasiyaya zəmin yaradacaq. Bu yeni reallığın arxitektri Azərbaycan olduğu üçün ölkəmizin bu minvalla regional gücə çevriləcəyi şübhə doğurmur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...