YAP Nərimanov rayon təşkilatında növbəti hesabat seçki yığıncağı keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı üzrə “Nəcəf Nərimanov 8B”( Azərbaycan Kooperasiya Universiteti) Ərazi Partiya Təşkilatının növbəti hesabat seçki yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları, Azərbaycan Kooperasiya Universitetinin rəhbər, müəllim heyəti iştirak edib. İclası giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin dekanı Vilayət Əliyev bildirib ki, gündəliyə Ərazi Partiya Təşkilatının 2017-ci ilin fevralından bugünədək fəaliyyətinə dair hesabat, ƏPT sədrinin və sədr müavininin seçilməsi barədə məsələlər daxildir.

Hesabatda statistik icmal, təşkilatda təmsil olunan müəllimlərin, texniki işçilərin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Azərbaycan Kooperasiya Universitetinin struktur bölmələri üzrə ƏPT üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində ƏPT-nin fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin təmin edilməsinə istiqamətlənmiş yeniliklər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, təşkilat öz fəaliyyətini əsasən YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

İclasda çıxış edən Ərazi Partiya Təşkilatının üzvləri, Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıblar, ölkəmizin qazandığı uğurlardan, Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin mühüm əhəmiyyətindən danışıblar, Ərazi Partiya Təşkilatının işini yüksək qiymətləndiriblər. Hesabat səsə qoyularaq qənaətbəxş hesab edilib.

Protokola uyğun olaraq Ərazi Partiya Təşkilatı sədrinin və sədr müavininin seçilməsi məsələsinə baxılıb.İclas iştirakçılarının təklifi ilə Ərazi Partiya Təşkilatının sədri vəzifəsinə Vilayət Əliyevin, sədr müavini vəzifəsinə isə Fikrət Quliyevin namizədliyini irəli sürülüb. Səsvermə nəticəsində Azərbaycan Kooperasiya Universitetinin dekanı Vilayət Əliyev sədr, Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev sədr müavini seçiliblər.

“Nəcəf Nərimanov 8B” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Nərimanov rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib.

Sonda, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yeni seçilmiş sədr və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə