Kimə inanaq, Paşinyana, yoxsa Poqosyana?

Kimə inanaq, Paşinyana, yoxsa Poqosyana?

Noyabrın 26-da Soçidə gözlənilən Paşinyan-Əliyev görüşü barədə Ermənistanda həm dövlət, həm də qeyri-dövlət qurumlarında, o cümlədən siyasi ekspertlər arasında fərqli fikirlər dolaşır. Yəni, bu görüşə ehtiyac var idimi, Ermənistanın bu görüşdən çıxarı nə olacaq? Bəziləri bu görüşü Rusiya prezidenti Putinin xüsusi olaraq təşkil etdiyini düşünür, amma...

"Bu görüşü dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşə qarşı qoymaq olmaz. Bu görüşlər bir-birinin əhəmiyyətini azaltmaq, yaxud artırmaq üçün nəzərdə tutulmayıb. Əksinə, bu görüşlərin biri o birinə əlavə üstünlük gətirmək üçün də keçirilmir. Məncə, noyabrın 26-da keçiriləcək görüş elə noyabrın 8-12-də onlayn keçirilməli olan görüşdür. Bu görüş hazırlanırdı, ondan əvvəl intensiv danışıqlar, mətnlərin hazırlanması prosesi gedirdi. Çox güman ki, son anda Ermənistan nümayəndə heyəti onlayn görüşün təxirə salınmasını və ya ləğv edilməsini xahiş edib”, - deyə politoloq Beniamin Poqosyan deyib.

Poqosyanın dediyindən belə çıxır ki, noyabrın 26-da keçiriləcək görüş sadəcə olaraq, noyabrın 9-12-nə əvvəlcədən hazırlanmış və planlaşdırılan, lakin müəyyən səbəblərdən təxirə salınan görüşdür. Dekabrın 26-da Brüsseldə Paşinyan-Əliyev görüşünə gəlincə, politoloq qeyd edib ki, bu, iki ölkə başçılarının Şərq Tərəfdaşlığı sammitində iştirak edəcəyini nəzərə alaraq, avropalıların təşəbbüsüdür.

Ermənistanın baş naziri Nikol Paşinyan isə fərqli düşünür. Baş nazir noyabrın 9-da keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan görüşün keçirilməməsi səbəbini izah edərkən bildirib ki, hərbi əsirlərin qaytarılması ilə bağlı qərarın olmaması səbəbindən Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə videokonfrans vasitəsilə üçtərəfli görüşdən imtina edib: “Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, dedim ki, bu ideya problemlidir, çünki noyabrın 9-u bizim üçün ağır gündür. Amma mən dedim ki, konkret qərarların qəbul ediləcəyi, məsələn, erməni hərbi əsirlərin qaytarılacağı ilə bağlı müzakirə olacaqsa görüşə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə qədər təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na və şəxsən təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”.

İndi hansına inanaq, Paşinyana, yoxsa Poqosyana? Poqosyan bu görüşün Brüssel görüşündən əvvəl Rusiya tərəfinin təşəbbüsü ilə keçirilmədiyini və "texniki səbəblərdən" təxirə salınmış görüşün davamı kimi təqdim etməyə çalışır. Paşinyan isə noyabrın 9-12-si arasında keçirilməli olan onlayn görüşün keçirilməməsinin səbəblərini sırf özünün təşəbbüsünə (əsirlər məsələsi) bağlayaraq bu faktdan da divident qazanmağa çalışır. Amma fakt budur ki, Rusiya prezidenti Ermənistanla Azərbaycan arasında başlanmış kövrək dialoq təşəbbüsünə avropalıları şərik etmək istəmir. Avropalıların isə fürsətdən yararlanaraq iki ölkə arasında bundan sonra baş tutacaq təmaslarda moderatorluq etmək istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə