ABŞ-ın “Demokratiya zirvəsi”, yoxsa aqressiv “demokratiya”? ANALİTİK

ABŞ-ın “Demokratiya zirvəsi”, yoxsa aqressiv “demokratiya”? ANALİTİK

Məlum olduğu kimi, ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da “Demokratiya zirvəsi” adlı tədbir keçiriləcək və hazırda sözügedən tədbirin təbliği az qala bütün dünyada aparılmaqdadır. Lakin maraqlı məqam isə budur ki, həmin “zirvəyə” ABŞ-ın, daha dəqiq desək, Sorosun şagirdi, Ermənistanın baş naziri Nikol Paşinyan da dəvət alıb. Amma buna qədər adıçəkilən “zirvənin” demokratik dəyərlərə nə qədər aid olub-olmadığını da təhlil etmək yerinə düşərdi. Daha dəqiq desək, bu gün ABŞ-ın özünü “demokratiyanın beşiyi” adlandırmasına rəğmən illər boyu və kimlərin hakimiyyətdə olmasına baxmayaraq “demokratik hakimiyyətlər” qurmaq adı altında apardığı siyasətin nə qədər qan-qadalara səbəb olduğunu da çoxları bilir və dərk edirlər. Və bu gün əminliklə deyə bilərik ki, ABŞ-ın özünü

dünyada “demokratiyanın himayədarı”, “demokratiyanın bayraqdarı” kimi təqdim etməsinin ağır nəticələri istər “ərəb baharı” timsalında, istərsə də post-sovet ölkələrindəki “məxməri inqilabları” qismində - əsasən Ukraynada, Gürcüstanda, Ermənistanda gözlər önündədir. Artıq “Amerika demokratiyası” deyərkən təsəvvürdə dövlət çevrilişləri, hərbi-siyasi qiyamlar canlanır və bu da danılmaz faktlara əsaslanmaqdadır.

Ölkənin əvvəlki prezidenti Donald Tramp heç də boşu-boşuna uzunmüddətli mübarizə aparmadı və çoxsaylı saxtakarlıq faktlarını Baydenin qarşısına qoymadı...

Hətta “Amerika demokratiyasının” şaxələnməsi o qədər geniş vüsət almağa başlayıb ki, artıq onun “dəyərləri” ABŞ-da keçirilən seçki saxtakarlıqlarına da səbəb olur. Təkcə ölkədəki sonuncu prezident seçkilərinə nəzər salmaq kifayət edər ki, oradakı saxtakarlıq əməllərinin şahidinə çevirəsən. Ölkənin əvvəlki prezidenti Donald Tramp heç də boşu-boşuna uzunmüddətli mübarizə aparmadı və çoxsaylı saxtakarlıq faktlarını Baydenin qarşısına qoymadı...

Artıq bu gün bir çox mütəxəssislər hesab edirlər ki, ABŞ-ın müstəqillik tarixində “demokratiya” – xalqın hakimiyyəti deyə bir anlayış ümumiyyətlə mövcud olmayıb. Bu dövlət hər zaman müəyyən bir elitar qrupun – zənginlərin hakimiyyətində olub və zaman-zaman real şəkildə “ağlarla”-“qaralara” bölünüb. Məhz bu xüsusda Bayden iqtidarını hakimiyyətə yiyələndirməkdə xüsusi əməyi olan “qanlı inqilablar mühəndisi” Corc Sorosun Ermənistanda da hakimiyyətə gətirdiyi Nikol Paşinyanın məhz bu ifadəni işlətməsini unutmamalııyıq. Erməni baş nazir xalqını iki hissəyə bölərək onları “ağlar” və “qaralar” adlandırmışdı. Görünür, buna görə də o, adıçəkilən “zirvəyə” dəvət alan ilk ölkə başçılarından biridir. Və həm də belə qənaətə gəlmək olar ki, bu gün ABŞ-ın İraqda, Əfqanıstanda, Suriyada miras qoyduğu “demokratiyası” artıq yavaş-yavaş Ermənistanda da ayaq açmağa başlayıb və hazırda bu ölkədə baş verənlərin silahlı qarşıdurmalara səbəb olacağını bəri başdan ehtimal etmək mümkündür.

Onlar ABŞ-ın ortaya qoyacağı məsələlərə, əslində isə, tapşırıqlara qeyd-şərtsiz tabe olacaq

Ancaq daha bir maraqlı cəhət budur ki, ABŞ hər zaman öz dağıdıcı, aqressiv “demokratiyasını” məhz güc hesabına yaymağı özünə rəva bilib – ordusunu dünyanın ən ucqar, özündən minlərlə km uzaqlarda yerləşən ölkələrinə göndərməsi ilə...

Bu gün beynəlxalq aləmdəki siyasi proseslərə fəallıqla müdaxilə edən ABŞ “zirvənin” iştirakçılarının seçimində birmənalı olaraq öz maraqlarını təmin edib. Yəni Bayden administrasiyası hələ “zirvənin” anonsunu edərkən, dəvət olunacaq dövlətlərlə bağlı informasiyaların mövcud olmadığı dövrdə belə əslində potensial qonaqların bəzilərinin adları məlum olmuşdu. Onlar ABŞ-ın ortaya qoyacağı məsələlərə, əslində isə tapşırıqlara qeyd-şərtsiz tabe olacaq, Amerikanın Çin və Rusiya kimi hegemon dövlətlərə qarşı qurduğu, demokratiya pərdəsi arxasında oynadığı oyunda canfəşanlıqla alət olmağı qəbul edəcək dövlətlər silsiləsindəndirlər - Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Kipr, Ermənistan, Gürcüstan, Moldova, İraq, Nepal, Barbados, Panama, Surinam və.s.

Baxın, sən demə Vaşinqtonda, Bayden administrasiyasında kimlərsə yuxarıda adları çəkilən ölkələrin Azərbaycan, Türkiyə, Macarıstan kimi dövlətlərdən daha demokratik olması görünməkdədir. Gəlin bu ölkələrdən sadəcə bizə daha yaxından tanış olanlarla bağlı bəzi faktları yada salaq.

1. Gürcüstan. “Məxməri inqilab” vasitəsi ilə hakimiyyətə gəlmiş ölkənin keçmiş lideri Mixail Saakaşvili hazırda siyasi təqiblərə məruz qalır, onun barəsində açılan cinayət işləri bir-birini əvəzləyir. “Demokratik” ABŞ isə ona sahib belə çıxmır.

2. Ermənistan. ABŞ-ın daha bir demokratik qonşusu isə Ermənistandır. Bu ölkədə ümumiyyətlə demokratiyanın zərrəsi belə mövcuddurmu, demək çətindir, ancaq ABŞ-ın masada görmək istədiyi qonaqlardan biri məhz antidemokratik, başıpozuq və təcavüzkar, qonşularının torpaqlarına göz dikən, faşizmə abidə qoyan Ermənistandır.

Bayden iqtidarının sözügedən siyahısında yer almamaq nəinki Azərbaycan və Türkiyənin imicinə xələl gətirmir, əksinə, bu kimi ölkələrin doğru yolda olduqlarını isbatlamış olur

Lakin gəlin digər amillərə də nəzər salaq. ABŞ-ın örnək götürə biləcəyi Azərbaycan və Türkiyə kimi müstəqil xarici siyasət həyata keçirən ölkələr var ki, bu ölkələr amerikalıların “demokratik dəyərlərininin” təqdim etdiyi şərtlərlə ümumiyyətlə uzlaşmırlar və öz haqlı, müstəqul mövqelərini, milli demokratik dəyərlərini inkişaf etdirirlər.

Eləcə də Bakı və Ankara ABŞ-Rusiya münasibətlərində hər hansı bir qütbün də tərəfində dayanmır, bu dövlətlərin xarici siyasət xətti neytral mövqedən çıxış etməyi məqsədə uyğun hesab edir, balanslaşdırılmış xarici siyasətləri ilə diplomatik uğurlar qazanırlar. Çox yəqin ki, ABŞ hətta NATO-dakı müttəfiqi olsa da belə Türkiyəni özünün qondarma demokratiya məclisində görmək istəmir.

Həmçinin, Macarıstan Aİ üzvlüyünə baxmayaraq, “amerikasayağı demokratiyanı” rədd edir.

Beləliklə, fakt budur ki, ABŞ-ın “demokratiya zirvəsi”ndə təmsil olunmamaq əslində müstəqil xarici siyasət həyata keçirmək, məkrli siyasi oyunlardan kənarda qalmaq marağını sübut edir. Daha doğrusu, Bayden iqtidarının sözügedən siyahısında yer almamaq nəinki Azərbaycan və Türkiyənin imicinə xələl gətirmir, əksinə, bu kimi ölkələrin doğru yolda olduqlarını isbatlamış olur. Fakt isə budur ki, ABŞ-ın “demokratiya zirvəsi” yalnız Ermənistan kimi ölkələrin yüngül platforması ola bilər. Hətta Nikol Paşinyanın həmin “zirvədə” boyun əyərək amerikalı “demokrat” ağalarından əmrlər alacağı, onun təzim edərək oradan ayrılacağı da mümkündür. Buna isə demokratiya deyil, anti-demokratiya, hətta qərəzli siyasi monarxiya da demək mümkündür.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə