"Tarix durduqca biz bu günü böyük qürurla, fəxrlə qeyd edəcəyik” - PARTİYA SƏDRİ AÇIQLADI

"Tarix durduqca biz bu günü böyük qürurla, fəxrlə qeyd edəcəyik” - PARTİYA SƏDRİ AÇIQLADI

“17 noyabr 1988-ci il Azərbaycanda xalq hərəkatının başlanması günüdür. bu, Qarabağda baş verən hadisələrə, xüsusən də Topxana meşəsindəki ağacların kəsilməsi ilə bağlı gələn xəbərlərə etiraz olaraq başladı”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxmaq barədə qərarına həm ittifaq hökumətinin, həm Azərbaycan hakimiyyətinin lazımi qətiyyəti göstərməməsi artıq çox ciddi narazılıq yaratdı: “Bütün təbəqələrdən olan insanlar Azadlıq Meydanına axışdılar. Qarabağ ilə bağlı narahatçılığımız bizim hamımızı ayağa qalxmağa məcbur etdi. 1988-ci ildən başlayan və hamımızı narahat edən hadisələr sonradan ərazilərimizin işğal olunması dövrünə keçdi. Həm Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın nəzarətindən çıxdı, həm də ətrafdakı 7 rayon Ermənistan tərəfindən Rusiyanın yardımı, aktiv iştirakı ilə işğal olundu. Biz uzun müddət torpaqlarımızı geri qaytarmaq, Qarabağda Azərbaycanın suverenliyini təmin etmək istiqamətində mübarizə apardıq”.

Abutalıb Səmədov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 27 sentyabrda Azərbaycan dövlətinin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əks-hücum əmrindən sonra qəhrəman ordumuz qısa müddətdə işğal olunmuş torpaqlarımızı azad etdi: “Biz addım-addım Qarabağı Azərbaycanın tam tabeliyinə keçirmək uğrunda mübarizə aparırıq. Bu gün Azərbaycan heç vaxt olmadığı qədər güclüdür. Azərbaycanın bu gün güclü müttəfiqləri var. Heç şübhəsiz ki, qısa müddətdə Qarabağda Azərbaycanın suverenliyi təmin olunacaq. Hesab edirəm ki, 17 noyabr Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. Tarix durduqca biz bu günü böyük qürurla, fəxrlə qeyd edəcəyik”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə