Çavuşoğlunun İrana səfərində məqsəd nədir? - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

Çavuşoğlunun İrana səfərində məqsəd nədir? - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"İran hər zaman regionda Türk dövlətlərinin birliyindən narahatlıq keçirən bir dövlət olub, bu artıq heç kəsə sirr deyil. Bu gün də təəssüf ki, bu siyasət davam edir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O, qeyd edib ki, ötən həftə İstanbulda Türk dövlətləri təşkilatının təsis olunması, bu görüşdə Türk dövlətləri liderlərinin yüksək səviyyədə iştirakı görünür ki, İranın siyasi dairələrində ciddi narahatlığa səbəb olub.

Vüqar Əhmədov fikirlərini belə izah edib: "Mən Türkiyə Xarici İşlər Nazirliyinin İrana dəvətini daha çox bu məsələ ilə əlaqələndirirəm. Sözsüz ki, bu gün Türk dövlətlərinin bu dərəcədə yaxınlaşması, Azərbaycanın qədim İpək Yolu, Zəngəzur dəhlizi vasitəsi ilə dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi İranı ciddi narahat etməyə başlayıb. Çox təəssüf ki, İran öz qonşuluğunda Turan ideyasının inkişaf etməsini, eləcə də Azərbaycan və Türkiyənin uğurlarını həzm edə bilmir. Lakin bu gün bölgədə Türkiyə və Azərbaycanın aktiv təşəbbüsü ilə dizayn olunan yeni əməkdaşlıq platformaları yalnız sülhə və rifaha xidmət edir. Sadəcə İran kimi dövlətlər elə bir düşüncədədir ki, dünya birliyi onlara qarşı yönəlib, ona görə də regionda hər hansı müsbət irəliləyişlərdən narahat olurlar".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə