Zəfər Gününü sərhədçilər yüksək əhval-ruhiyyə və böyük coşqu ilə qeyd ediblər - FOTOLAR

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qalibiyyətimizin, xalqımızın yenilməzliyinin, Silahlı Qüvvələrimizin qüdrətinin təntənəsi olan Zəfər Gününü sərhədçilər yüksək əhval-ruhiyyə və böyük coşqu ilə qarşılayırlar. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, Xidmətin rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib. İkinci Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs savaşda həlak olmuş igid oğulların xatirəsi anılıb.

DSX-nin mədəniyyət mərkəzində davam edən və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının parlaq qələbəsi ilə başa çatdığını xüsusi vurğulayıb.

Vətən müharibəsi zamanı DSX-nin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.

Müzəffər Ali Baş Komandanın sərhədçiləri “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görməsi, orden və medallarla təltif etməsi, bu il aprelin 26-da Cəbrayıl rayonu ərazisində yeni hərbi hissənin açılış mərasimində “Sərhədçilərin ümumi zəfərdə rolu böyükdür. Mən bunu qiymətləndirirəm!” deməsi, cari ilin oktyabrında işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamış üç yeni hərbi hissəyə gəlişinin Azərbaycanın Sərhəd Mühafizəsinə göstərilən ali etimadın ifadəsi olduğu vurğulanıb.
Tədbirdə Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, yurdumuzun bütövlüyü uğrunda şəhadətə qovuşmuş oğullarımızın əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi, ulu əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd edilib.

Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri, milli maraqlarımızı ən yüksək səviyyədə müdafiə edəcəkləri vurğulanıb.

Tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, döyüşlər zamanı şəxsi igidlik və şücaət göstərdiklərinə görə təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub, həmçinin xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri müsbət nəticələrə görə və 8 Noyabr - Zəfər Günü münasibətilə bir sıra hərbi qulluqçular və işçilər təltif olunublar.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin Zəfər Gününə həsr etdikləri bayram konsertini izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə