Ermənistanda vəziyyət ağırlaşır, kommunikasiyaları açmağa məcburdur - ANALİTİKA
Darya Qrevtsova: “Paşinyan öz cəmiyyətini inandırmalı olacaq ki, Azərbaycanla əməkdaşlıqdan bütün erməni xalqı faydalanacaq”
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclasında çıxışı zamanı kommunikasiyaların açılmasının zəruriliyindən və Ermənistanın bu ideyanı dəstəkləməyə hazır olmasından danışıb.
“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların bərpasından bəhs edilir və Ermənistan bu ideyanı dəstəkləyir. Bu problemin həlli sülh və təhlükəsizliyə müəyyən təminatlar yaradır və İrəvan məsələyə məhz bu qavrayışla yanaşır”,- deyə baş nazir əlavə edib ki, gələcək yüklərin daşınması üçün marşrutlar məsələsi hazırda müzakirə olunur.
Ermənistanın baş naziri digər məsələlərlə yanaşı, bölgənin Rusiyanın Baş Qərargahındakı xəritələrinin İrəvanın xəritələri ilə üst-üstə düşdüyünü deyib.
Qeyd edək ki, Paşinyan belə bəyanatlarla Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qarşıdan gələn üçtərəfli görüşü ərəfəsində çıxış edib. Bu görüş barədə daha əvvəl mətbuatda məlumat yayılmışdı.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, politoloq Darya Qrevtsova Ermənistan baş nazirinin çıxışını və üçtərəfli razılaşmanın mümkün variantlarını “Caliber” analitik mərkəzinə şərh edərkən Paşinyanın açıqlamalarını ümidsizlik amili adlandırıb.
“Paşinyan kommunikasiyaların açılmasından danışdı, çünki ondan bunu həm Rusiya, həm də Azərbaycan, hətta ona səs verən seçicilər də gözləyir və indi Ermənistanda aşağı həyat səviyyəsini hansısa yolla yaxşılaşdıra biləcək bəzi real addımlara və hərəkətlərə ümid edirlər.
Hər şeyi onilliklərlə dondurmaq mümkün deyil. Ona görə də üçtərəfli sammit infrastruktur layihələrinin müzakirəsi və çətin məqamların daha rahat həlli üçün faydalı olardı. Amma başa düşmək lazımdır ki, Ermənistanın indi sülh sazişi imzalaması ehtimalı azdır, çünki nə Paşinyan, nə daxili elita, nə də xalqın özü Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın qaytarılmasını tanımağa hazır deyil. Onlar hələ məğlub olduqlarını qəbul etməməkdən əl çəkməyiblər və baş verən hər şeyə gözlərini yummağa çalışırlar. Radikallar qisas almağa çağırır, digər elitalar isə sadəcə olaraq gözləmə mövqeyi tutdular.
Kommunikasiya blokunun açılması 2020-ci ilin noyabrında imzalanmış bəyanata uyğun olaraq həyata keçirilməlidir. Üstəlik, buna sülh sazişi imzalanmadan da nail olmaq olar, bir şərtlə ki, bəzi ölkələrin, məsələn, Rusiya və Türkiyənin vasitəçiliyi olsun”,- rusiyalı politoloq bildirib.
Darya Qrevtsovanın sözlərinə görə, üçtərəfli sammit zamanı sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı müzakirələrdə fikir ayrılıqları istisna edilmir: “Bu, çox çətin mövzudur və həqiqətən də çoxlu mübahisəli məsələlər var, ona görə də Rusiyanın danışıqlarda iştirakı zəruridir, çünki nə Ermənistanın, nə də Azərbaycanın bir-biri ilə sərhəd qurmaq təcrübəsi yoxdur. Hesab edirəm ki, tərəflərin burada razılığa gəlməsi çətin olacaq, xüsusən də, Ermənistanın hazırkı əhval-ruhiyyəsini nəzərə alsaq. Onlar hələ məğlubiyyət sindromundan çıxmayıblar və Ermənistana aid olmayanı özlərinə qaytarmaq istəyirlər. İnanıram ki, Vladimir Putin və İlham Əliyevin danışıqlarda rolu çox mühüm olacaq.
Erməni tərəfinin çətinlikləri həm də Ermənistanın özündə ictimai rəyin Paşinyana təzyiq etməsi ilə bağlıdır. Əgər o, Azərbaycana ciddi güzəştlər etsə, bu, etiraza çevrilə bilər və o, sadəcə olaraq devrilər. Deməli, Ermənistanın baş naziri baş verə biləcək danışıqların nəticələrinə ictimai rəyi hazırlamalıdır. Paşinyan üçün vacibdir bilsin ki, onun qəbul etdiyi qərarlar nə Ermənistan elitası, nə də xalqın özü tərəfindən onun zəifliyi amili kimi qəbul edilməyəcək. Ona görə də o, cəmiyyəti inandırmalı olacaq ki, Azərbaycanla əməkdaşlıqdan bütün erməni xalqı faydalanacaq, baxmayaraq ki, bu, çox çətin missiyadır. Amma bu və ya digər şəkildə sammitin sonunda müəyyən dəyişikliklər müşahidə olunacaq.
Eyni xəritələrin İrəvanda da olmasından danışan Paşinyan öz xalqı və elit qruplar qarısında ərazilərin verilməsinə haqq qazandırmağa çalışır, demək istəyir ki, sərhədlərin demarkasiyası və delimitasiyası Rusiya Federasiyasında olan xəritələrə görə yox, Ermənistan xəritələri ilə aparılacaq. Bu yolla o, əhalisinin qarşısına çıxmaq istəyir”- deyə D. Qrevtsova hesab edir.
Qərb ölkələrinin Qarabağla bağlı reaksiyasına gəlincə, rusiyalı politoloqun fikrincə, onlar Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə qarışmayacaqlar.
“Hazırda onların Cənubi Qafqaz problemi ilə məşğul olmağa vaxtları yoxdur. Amma köhnə elitanın, Qarabağ klanının tərəfdarı olaraq qalan Fransa və ABŞ-dakı erməni diasporları Paşinyanın hərəkətlərini pisləyəcək və hətta ola bilsin ki, öz medialarında yazacaqlar ki, Paşinyan Azərbaycana uduzur, o, Moskvadan üz döndərməlidir, çünki Rusiya bütün üstünlükləri öz üzərinə götürməyə çalışır və bu, ümumilikdə o demək olacaq ki, Qərb dövlətləri təkcə Azərbaycan və Ermənistan arasında sülh sazişinə qarşı deyil, həm də Rusiyanın sülhməramlı missiyasına qarşıdırlar. Onlar Ermənistan vasitəsilə Rusiyaya təzyiq göstərməyə və onu əlverişsiz vəziyyətə salmağa çalışacaqlar ki, bu da İrəvanda yerli qərbyönlü elitaların əlinə oynayır”,- deyə politoloq davam edib.
Daha sonra rusiyalı ekspert Ermənistandakı iqtisadi vəziyyətə toxunub: “Ermənistanda iqtisadi vəziyyət ağırdır, biz hər hansı istehsal müəssisələrinin, yolların açılması ilə bağlı heç bir xəbər eşitmirik, amma Azərbaycanda belə olur, o qədər erməni işləmək üçün başqa ölkələrə gedib oradan qazandıqları pulu ailələrinə göndərirlər. Bu acınacaqlı vəziyyət əhalini gərginləşdirir. Ona görə də xalqın bir hissəsi ümid edir ki, Paşinyan bu vəziyyəti dəyişə bilər və Azərbaycanla Ermənistan arasında sazişin imzalanması ən azı yeni iş yerlərinin açılmasına töhfə verə bilər. Və bu, real ola bilər, əgər kommunikasiyaların bloklanması açılarsa, yeni layihələr, o cümlədən biznes layihələri meydana çıxa bilər ki, bu da investisiyaların iqtisadiyyata gedəcəyi deməkdir”.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB