Dəhlizin açılması, peşəkar ordu və səfirin İsfahan səfəri – Erməni mətbuatının gündəmi

Dəhlizin açılması, peşəkar ordu və səfirin İsfahan səfəri – Erməni mətbuatının gündəmi

Bu gün Ermənistanın siyasi, iqtisadi palitrası, ölkə içində və kənarda baş verənlər onu deməyə əsas verir ki, gələcəkdə çox şey dəyişə bilər. Əlbəttə, bütün bunlar ehtimallardır. Daxili siyasətdə keçmiş hakimiyyət mənsubları ilə indikilərin “bir-birinin kitabını oxumamaları” ermənilər üçün yaxşı heç nə vəd etmir.

Bu gün Ermənistan parlamentində 2022-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı çıxış edən Baş nazir Nikol Paşinyan bildirib ki, regionun iqtisadi və nəqliyyat infrastrukturunun blokdan çıxarılması Ermənistan iqtisadiyyatının məzmununu və strukturunu keyfiyyətcə dəyişə bilər.

Baş nazir təhlükəsizlik sisteminin inkişafı baxımından təkcə ordunun modernləşdirilməsinin, onun müdafiə qabiliyyətinin artırılmasının vacibliyini deyil, həm də Ermənistanın ətrafında əlverişli xarici mühitin yaradılmasının vacibliyini qeyd edib: "Dinc inkişaf dövrünə girmək üçün gündəmi ardıcıl olaraq həyata keçirmək də vacibdir. Bu, Ermənistana və bütün regionumuza aiddir. Biz hesab edirik ki, bu, Cənubi Qafqaz regionunda mövcud düşmənçilik mühitini aradan qaldırmağın yeganə yoludur. Bunun sayəsində biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini bərpa edə biləcəyik. Məhz bu, bizə regional iqtisadi və nəqliyyat infrastrukturunu blokdan çıxarmağa imkan verəcək. Bu, yerli infrastrukturun inkişafı üçün əlavə təkan ola bilər, uzunmüddətli inklüziv iqtisadi artımı təmin edə bilər. İqtisadi sahədə fəaliyyət göstərmək istəyən Ermənistan vətəndaşları üçün bərabər şərait yaradar, yerli və xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyini əhəmiyyətli dərəcədə artırar”.

Keçmiş müdafiə naziri, “Ermənistan” parlament fraksiyasının rəhbəri Seyran Ohanyan isə Gümrüdə olarkən Baş nazirin dediklərinə tam əks mövqedə durub və qeyd edib ki, gələcəkdə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması Ermənistanı daha dərin blokadaya salacaq.

“Təəssüf ki, müharibədən sonra da hakimiyyət heç bir nəticə çıxarmadı. Ardıcıl məğlubiyyətlər davam etdi, Azərbaycan Ermənistanın sərhədlərində qaldı. Üstəlik, onlar sərhədlərimizi işğal edərək, ən mühüm strateji nöqtələri, yəni yüksəklikləri, yolları, Ermənistanın sərhədyanı yaşayış məntəqələrinin həyat qabiliyyətini təmin edən infrastrukturları ələ keçirdilər”, Seyran Ohanyan deyib.

Seyran Ohanyanın sözlərinə görə, bu gün bu mühüm strateji məqamlar həm də Ermənistana təzyiq üçün səbəbdir: “Əsas məqsəd Ermənistan ətrafında halqanın daha da kiçilməsidir, bu, iqtisadi təzyiqlə ifadə olunacaq. Ən ağrılısı isə Sünikdə, Geqarkunikdə demoqrafik mənzərə dəyişdiriləcək".

Seyran Ohanyan əlavə edib ki, təmsil etdiyi siyasi blokun keçirdiyi tədbirlərdə əsas məqsəd “Türklü Ermənistana yox, Türklü Artsaxa yox” şüarı altında milli müqavimətin formalaşdırılmasıdır: “Bu gün biz Ermənistanda və regionda vəziyyətlə bağlı müəyyən qeyri-müəyyənlik görürük. Artıq bu gün bəzi səlahiyyətlilər noyabrın 9-da növbəti təslim sənədinin imzalanacağı və qlobal kontekstdə bu sənədin, məncə, “regionda sülhün möhkəmləndirilməsinə” aid olacağı tezisini ortaya atıblar. “Sülh” Azərbaycanın ərazi bütövlüyünün tanınması və öz müqəddəratını təyinetmənin üstündən xətt çəkmək deməkdir”.

Müxalifət isə öz mərəzinə uyğun olaraq ölkə daxilində siyasi ab-havanı bulandırmağa çalışır. Artıq küçə döyüşləri (mitinqlər, yürüşlər, yolların bağlanması) barədə anonslar verməyə başlayıblar. Hətta etiraz aksiyalarının noyabrın 9-dan tez başlamağın mümkünlüyü üzərində plan cızırlar. Bunu "Ermənistan" blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan da bu gün jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, hadisələrin inkişafı əsasında istənilən vaxt istənilən tələblər qoyula bilər: “9-10 noyabr mitinqlərinə gəlincə, biz 20 gün əvvəldən müraciət etmişik. Bizim vəzifəmiz ondan ibarətdir ki, erməni maraqlarına zidd növbəti vəziyyətin yaranmasına yol verməmək üçün bütün mümkün üsullardan istifadə edək. Prosesin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcəyik. Hadisədən sonra reaksiya verməməliyik. Hakimiyyət tərəfindən aparılan bütün proseslər, o cümlədən danışıqlar ictimai xarakter daşımalıdır. İcmaların və diasporun iştirakı olmalıdır. Ermənistanda mütəxəssislərin araşdırma aparılmasından sonra xəritələr və ya sənədlər əsas götürülə bilər. Paşinyan da bu barədə danışıb. Əgər belə deyibsə və davam edirsə, buna görə cavab verməlidir. Müxalifət qüvvələrinin bir-biri ilə rəqabət aparmaq vəzifəsi yoxdur, vəzifə milli təhlükələrə qarşı durmaqdır. Biz həmişə demişik ki, mübarizə bütün mümkün istiqamətlərdə aparılmalıdır”.

“Mənim şərəfim var” blokunun parlament fraksiyasının katibi Hayk Mamidjanyan isə öz növbəsində müxalifətin Ermənistanın maraqlarına zidd olan proseslərə qarşı mübarizəyə yönəlmiş istənilən tədbirini dəstəkləməyə hazır olduğunu bildirib: “Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın iştirakına gəlincə, o, hansısa kapitulyantla, müstəqil Ermənistanın maraqlarını məhv edənlə bir yerdə ola bilməz”.

“Mənim şərəfim var” blokundan olan digər deputat Tiqran Abramyan revanşistlərin nümayəndəsi olduğunu təsdiqləyib. Deyib ki, Ermənistanın peşəkar orduya keçid üçün kadr potensialı var, lakin hakimiyyətin real istəyi yoxdur: “Nikol Paşinyan peşəkar ordu yaratmaqdan danışır, amma bu, sadəcə kağız üzərində qalır. Ümumiyyətlə, bu, kifayət qədər çətin işdir və mən hakimiyyətin bu yolla getmək üçün real imkanlarını və istəyini görmürəm".

Paşinyanın Ermənistanın qonşu dövlətlərin ərazilərini ələ keçirmək niyyətində olmadığı barədə bəyanatına gəlincə, deputatın sözlərinə görə, bununla Ermənistanda Azərbaycanın dediyi kimi revanşist əhval-ruhiyyənin olmadığını göstərmək istəyir: “Ümumiyyətlə, Qarabağdakı erməni ordusu son 30 ildə artan döyüş hazırlığına əsaslanaraq təkcə müdafiə ssenarisini deyil, həm də hadisələrin inkişafına əsaslanan əks-hücum ssenarisini rəhbər tutmuşdu. 2018-ci ilə qədər Ermənistan silahlı qüvvələri regionda müxtəlif ssenarilərə hazır olmalı olduqlarını əsas götürürdü. İndi isə...”.

Ermənistan mətbuatının toxunduğu digər mövzu isə İranla bağlıdır. Daha doğrusu diplomatik fəaliyyətini başa vuran Ermənistan səfiri barədədir. Məsələ burasındadır ki, geri çağrılan fövqəladə və səlahiyyətli səfiri Artaşes Tumanyan və xanımı fürsətdən istifadə edib Səlcuqluların baş kəndi olan İsfahana gediblər.

Yeni Culfanın “Ararat” Erməni İdman və Mədəniyyət Birliyində səfir 44 günlük müharibə qurbanlarının xatirəsinə şam yandırma mərasimində iştirak edib, bu yaxınlarda açılmış Erməni Musiqisi Muzeyini ziyarət edib.

Sonra Tumanyan İsfahan Erməni Yeparxiyasının yepiskopu Sipan Keçeçyanı ziyarət edib. Görüş zamanı İran-erməni icması və ümumerməni problemləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Günün sonunda İsfahan Erməni Yeparxiyasının nümayəndələri ilə görüş keçirilib, bir sıra erməni musiqi əsərləri ifa olunub. Ermənistan-İran münasibətlərinin hazırkı vəziyyəti və regionda gedən proseslər ətrafında müzakirələr aparılıb.

Bir sözlə, Ermənistanda hakimiyyət qurmağa, müxalifət dağıtmağa, diaspor və diplomatlar isə təxribata meylli görünürlər. Zaman isə Ermənistanın xeyrinə işləmir...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə