“Azərbaycan xalqının birliyi sarsılmazdır, davamlıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son günlərdə Cəbrayıl, Füzuli və Zəngilan rayonlarına səfərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşləri umumiyyətlə regionun inkişafına dövlətimizin ali diqqətinin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, bu səfərlər eyni zamanda həm iqtisadi, həm mənəvi-siyasi baxımdan böyük önəm daşıyır: “Ötən il oktyabr ayında müzəffər ordumuz tərəfindən Hadrut qəsəbəsinin, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının erməni işğalından azad edilməsi müasir tariximizə yeni, qızıl hərflərlə yazıldı. Bu əlamətdar günləri həmin rayonlarda ictimaiyyət nümayəndələri ilə birgə qeyd edən dövlətimizin başçısı bununla dünyaya bir daha göstərir ki, Azərbaycan xalqının birliyi sarsılmazdır, davamlıdır və biz öz torpaqlarımızın sahibiyik. Cənab Prezident işğal dövründə də xalqına müraciətlərində hər dəfə deyirdi ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik və lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Bəli, bu elədə oldu. Biz Ali Baş Komandanımızın əzmi və qorxmaz, şanlı Azərbaycan Ordusunun şücaəti ilə erməni işğalçı qoşunlarını darmadağın etdik və bütün dünyaya xalqımızın böyüklüyünü, igidliyini nümayiş etdirdik. Dövlət başçısının dediyi kimi, bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün Zəngilan, Füzuli, Cəbrayıl şəhərləri və kəndləri sürətlə bərpa edilir. Dövlət başçısı Zəngilana səfəri zamanı da qeyd etdi ki, burada müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, infrastruktur qurulacaq. İndi Zəngilan yeni dövrünü, yenidənqurma dövrünü yaşayır. Şəhərin baş planı hazırlanır. Dövlətimizin başçısı deyib ki, burada təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq planda bəzi nəzərdə tutulan obyektlər hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq. Bu, Prezidentin həmin ərazilərə etdiyi hər səfəri ilə bir daha təsdiqini tapır. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan Prezidentinin həmin ərazilərə mütəmadi səfərləri, dövlətimizin başçısının öz əli ilə qoyduğu hər bir təməl daşı isə həmin günü daha da yaxınlaşdırır. Bunların hamısı düşmənlərimiz və onların havadarlarına göz dağıdır. İstər Zəngilan və digər bölgələrimiz erməni vandalizmindən, işğalçı qüvvələrin törətdikləri vəhşiliklərdən dağıdılmışdır, hətta Zəngilanda elə kəndlər var ki, onlar tamamilə yox olub. Tək bununla bir daha əmin olmaq mümkündür ki, erməni faşizminin mahiyyəti, məzmunu nədir. Təəssüflər olsun ki, 27 illik işğal dönəmində dünya birliyi ermənilərin bu cinayətlərinə göz yumdu, ikili standartlar açıq-aşkar görünməkdə idi. Lakin Azərbaycan Ordusu 27 ildən sonra BMT-nin qətnamələrini təkbaşına icra edərək, öz torpaqlarını düşmən tapdağından azad etdi. Şübhəsiz ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində həm hərbi, həm də insanlıq əleyhinə cinayətlər törədib və bütün bunlara görə mütləq beynəlxalq məhkəmələrdə cavab verməlidir. Vurduğu ziyana görə, təbii sərvətlərin talan olmasına görə təzminat belə ödəməlidir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə