Zəngilanın işğaldan azad olunmasından bir il ötür TƏHLİL

Prezident İlham Əliyev: "Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər"

Bir il əvvəl Azərbaycan ordusu qızğın döyüşlərdə haqq savaşında torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşurdu. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı qələbə xəbərlərini eşidir və tezliklə zəfərimizin qazanılacağı günün lap yaxında olduğuna inanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında düşmənə göstərdi. Cənab Prezidentin həmin günlərdə xalqa müraciətlərində hər gün ordumuzun daha da irəliləyərək, yeni kənd, qəsəbə və şəhərlərin azad olunması ilə bağlı məlumatları bizi doğma torpaqlarımıza daha da yaxınlaşdırırdı. Düz bir il əvvəl oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi, "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir". Cənab Prezident həmin gün etdiyi müraciəti zamanı "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!", - deyərək xalqımıza böyük bir sevinci, iftixarı yaşatdı. Həmin tarixə qədər Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad etmişdir. Artıq bir aya yaxın idi ki, döyüşlər davam edirdi. Cənab Prezident "Biz öz missiyamızı yerinə yetiririk", - deyərək bildirib ki, düşmənə layiqli cavab veririk: "Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!"

"HƏR GÜN BAYRAĞIMIZ YENİ BİR YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ UCALDILIR"

Azərbaycan müharibə dövründə mənfur düşmənin təcavüzünün bir daha şahidinə çevrildi. Müharibə dövründə düşmən cəbhəboyu şəhərlərimizi, kəndlərimizi, yaşayış məntəqələrimizi də atəşə tuturdu. Ağdam, Goranboy, Ağcabədi, Bərdə digər şəhər və rayonlara atəş açılırdı. Gəncə şəhərində yaşanılan faciələr erməni təcavüzkarlarının dünyanın gözü qarşısında iç üzünü ortaya qoymuş oldu. "Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı", - deyə Cənab Prezident müraciəti zamanı bildirmişdir. Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyən ermənilər artıq məğlubiyyətlərini dərk edirdilər. "Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik", - deyən Prezident hər gün xoş xəbərlərin gəldiyini bildirmişdir: "Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü… Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi".

"BU GÜN ERMƏNİLƏRƏ HAVADARLIQ EDƏNLƏR GƏLSİNLƏR, GÖRSÜNLƏR, BİZİM MƏSCİDLƏRİMİZİ NƏ GÜNƏ QOYUBLAR "

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Bu gün Zəngilanın işğaldan azad olunmasından bir il ötür. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəyib. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Zəngilan memarlıq abidələri ilə də zəngin bir diyardır. Bu məkanın hər bir ərazisi Azərbaycan tarixindən xəbər verir.

Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır. "Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb". Bu sözləri aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Zəngilan məscidində olarkən bildirib: "Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil".

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Ərazidə, ilk olaraq, 200 fərdi ev istifadəyə veriləcək. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur və turizm infrastrukturu formalaşdırılacaq. "Ağıllı kənd" layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, "ağıllı tədris", "ağıllı səhiyyə" və "ağıllı kənd təsərrüfatı" sistemləri həyata keçiriləcək. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri ötən ilin oktyabrın 28-də işğalçılardan azad edilib. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyulub. Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının da təməlini qoyub. Şübhəsiz ki, bu hava limanı bölgənin inkişafında mühüm rol oynayacaq. "Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq" – deyən Cənab Prezident bu hava limanının bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacağını bildirib: "Təsadüfi deyil ki, hava limanı, məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır".

Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə buranı müasir şəhərə çevirəcək. "Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq", - deyə Cənab Prezident müsahibələrinin birində bildirmişdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...